Yüz yaşlı elm, bilik məbədgahı

post-img

Fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan Milli Kitabxanası zəngin inkişaf yolu keçərək böyük əhəmiyyətə malik nəşrləri mühafizə edən mədəni sərvətlər xəzinəsinə çevrilmişdir. Ötən müddət ərzində o, cəmiyyətin intellek­tual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oyna­mış, elm və mədəniyyət xadimlərinin bir neçə nəslinin for­malaşmasına öz töhfəsini vermişdir. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlmasından 100 il ötür. 1922-ci ildə yaradılmiş bu bilik məbədgahı rəsmi olaraq 1923-cü il may ayının 23-də qapılarını oxucuların üzünə açıb. Bundan 16 il sonra – 1939-cu ildə kitabxanaya dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək yeni şöbələri yaradılıb, fondunda olan ədəbiyyat sayı durmadan artıb. Cənubi Qafqazın ən modern kitabxanası səviyyəsinə qalxmış bu bilink saxlancına 2004-cü ildə Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib. Növbəti ildənsə möhtəşəm mədəniyyət ocağı dünyada nüfuzlu beynəlxalq kitabxana təşkilatı olan Avropa Milli Kitabxanaları Konfransına (CENL) üzv qəbul olunub. 

…Universitetə yenicə qəbul edilmişdim. Tələbə biletimi alıb ilk semestrdə iştirak etdikdən sonra birbaşa üz tutduğum məkan Axun­dov adına Respublika Kitabxanası (hazırkı Milli Kitabxana) oldu. İri, hündür sütunlar, eyvan hissələrdə qoyulmuş heykəllər, geniş giriş qa­pılar mənə ecazkar təsir bağışladı. Bilirdim ki, bura mühüm elmi-mə­dəni, ictimai-siyasi informasiya re­surslarını mühafizə edən zəngin bir mərkəzdir. Üzvlük bileti veriləndən sonra məni içəri buraxdılar. Qiyabi şöbədə oxuduğum üçün müəllimlər imtahanlara hazırlaşmaq üçün xeyli ədəbiyyat siyahısı vermişdilər. Enli pilləkənlərlə yuxarı qalxıb oxu za­lına getdim. Yenə də ətrafa boyla­na-boylana qalmışdım. Hamı pıçıltı ilə danışırdı. Qoltuğuna çoxlu kitab yığıb yerinə keçən kim, kartoteka­da vurnuxan kim, biblioqraflardan məsləhət alan kim… Mən də növ­bəyə durdum, istədiyim ədəbiyyatı alıb bir kənara çəkildim. Oxuyur, dəftərimə qeydlər edir, arabir də öz mütaliəsinə qapılmış “qonşu”ları­ma baxırdım. Həmin gün bir daha tələbə olmağın böyük zövqünü ya­şadım. Kitabxanadan çıxanda artıq hava qaralırdı. 

Sonralar da tez-tez buraya gə­lib imtahanlara hazırlaşdım və jur­nalistika fakültəsində diplom mü­dafiəsindən “əla” qiymət almağıma görə həm də bu kitabxanaya min­nətdar oldum... 

Budur, yenə də həmin ünvan­dayam. Yaranmasının 100 illiyi ilə əlaqədar qəzetimiz üçün yazı ha­zırlamağa gəlmişəm. Öyrənirəm ki, Milli Kitabxananın direktoru – Əməkdar mədəniyyət işçisi, profes­sor Kərim Tahirov xaricdə ezamiy­yətdədir. Onun müavini, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova ilə görü­şüb söhbət edirəm. 

– Ədibə xanım, bayramınız – Milli Kitabxananın 100 yaşı mü­barəkdir! Öncə ötən dövrə qısa ekskurs edərdiniz… 

– Məmnuniyyətlə. Respubli­kamızda hər kəsin istifadə edə biləcəyi Milli Kitabxananın yara­dılması fikri hələ XIX əsrin 70-ci illərində “Əkinçi” qəzeti tərəfindən irəli sürülüb. Sonralar “İrşad”, “Kas­pi”, “Tərəqqi” qəzetləri, həmçinin “Molla Nəsrəddin” jurnalında bu məsələ dəfələrlə gündəmə gətirilib. Dövlət səviyyəsində təşəbbüs isə Azərbaycan Demokratik Res­publikasının dövründə qaldırı­lıb. Lakin sonra ictimai-siyasi formasiya dəyişdiyinə görə, bu məsələ təxirə salınıb. Kitabxa­nanın açılışı ərəfəsində fondu­nun ümumi həcmi 20 min 441 nüsxəyə çatmışdı. 

– Bu gün Milli Kitabxana daha zəngin, daha dolğun və əhatəlidir. 

– Məhz müstəqillik illərində Milli Kitabxana xalqımızın mil­li-mənəvi dəyərlərinin etibar­lı şəkildə mühafizə olunaraq gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli tədbir­lər həyata keçirən elm məbədinə, müasir texnologiyaların tətbiqi işi­nin flaqmanına, əsl mədəniyyət mərkəzinə çevrilib. 

Ulu öndər Heydər Əliyev kitabxana işini yüksək qiymətləndirib: “Kitabxana xalq, millət üçün, cəmiy­yət üçün müqəddəs bir yer, mənə­viyyat, bilik, zəka mənbəyidir”. Dahi rəhbərin diqqət və qayğısı Milli Ki­tabxanamızdan da yan keçməyib. 1995-1997-ci illərdə dəfələrlə bu elm məbədinə gələn və hər gəlişi ilə kitabxanaya yeni bir ab-hava, müsbət dəyişikliklər gətirən Heydər Əliyev öz şəxsi kitabxanasından bizə 300 nüsxəyə yaxın qiymətli ki­tab hədiyyə edib. Prezident İlham Əliyevin səyləri sayəsində “milli”lik statusumuz vəzifələrimizin əhatə­sini xeyli genişləndirib, ölkənin ictimai həyatında kitabxanamızın rolunu qat-qat artırıb.

– Son illər hansı mühüm la­yihələr reallaşdırılıb? 

– ABŞ-ın VTLS korporasiya­sının məxsusi kitabxanalar üçün işləyib hazırladığı VİRTUA proqra­mının tətbiqi ilə Milli Kitabxanada elektron kataloqun yaradılmasına hazırlıq işləri başa çatıb, 2006-cı ildə Milli Kitabxananın veb-saytının və elektron kataloqunun təqdimatı olub. 2010-cu ildən fondumuzda olan kitabların rəqəmsallaşdırılma­sı işi xeyli sürətlənib, “Azərbaycan ədəbiyyatının arxivi” və “Nadir ki­tablar və kitabxana muzeyi” şö­bələrində olan və oxucular tərəfin­dən ən çox tələb olunan kitabların, XIX əsrin sonunda və XX əsrin əvvəllərində respublikamızda dərc olunan qəzet və jurnalların, demək olar ki, 90 faizinin elektron versiya­sı hazırlanıb. 

Milli Kitabxananın oxuculara və kitabxanalara təqdim etdiyi son ye­niliklərdən biri də məsafədən virtual kitab sifarişi sisteminin yaradılması oldu. Yəni internetə çıxışı olan hər bir oxucu saytdakı “Virtual xidmət” bölməsinə daxil olaraq istənilən ki­tabı sifariş edə bilirdi. 2008-ci ildə Milli Kitabxananın Elektron disser­tasiya fondunun təşkili və ondan istifadə şöbəsində Rusiya Dövlət Kitabxanasının Elektron dissertasi­ya fondunun Virtual oxu zalı açıldı. Burada Milli Kitabxananın oxucuları Rusiya Dövlət Kitabxanasının dis­sertasiya və avtoreferatlar fondun­da mühafizə olunan 1 milyondan artıq işin tam elektron mətnindən istifadə etmək imkanı əldə etdilər. 

– Milli Kitabxananın bey­nəlxalq əlaqələri necədir? 

– Müstəqillik illərində Milli Kitabxananın beynəlxalq əlaqələri də əhəmiyyətli dərəcədə genişlə­nib və beynəlxalq kitabxana təşki­latlarında uğurla təmsil olunmağa başlayıb. Azərbaycan Milli Kitabxa­nası MDB üzrə Avrasiya Kitabxa­nalar Assambleyasının (BAE) beş təsisçisindən biri olaraq, keçmiş Sovetlər birliyi məkanında yeganə professional kitabxana təşkilatının yaradıcılarından biri kimi çıxış etdi. 2005-ci ildən CENL təşkilatının üzvüyük. 2009-cu ilin avqustun­da Azərbaycan Milli Kitabxanası Beynəlxalq Kitabxana Təşkilatları və Assosiasiyaları Federasiyasına (İFLA) üzvlüyə qəbul edilib. Eyni zamanda, Milli Kitabxanamız İqti­sadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları və Arxiv təşkilatları Birliyinin və Türk­dilli Ölkələrin Milli Kitabxanaları Di­rektorları Şurasının da üzvüdür və bu beynəlxalq təşkilatların layihələ­rində fəal iştirak edir. Dünyanın 47 ölkəsinin zəngin kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq haqqın­da memorandumlar imzalamışıq və fəal kitab, informasiya, təcrübə mübadiləsini həyata keçirir, eyni zamanda, dünyanın 80-dən artıq ölkəsinin milli və universitet kita­bxanaları ilə beynəlxalq kitab mü­badiləsi aparırıq. Müvafiq Dövlət proqramı bütövlükdə ölkəmizdə kitabxanaların, o cümlədən Milli Kitabxananın fəaliyyətinin günün tələbləri səviyyəsində yenidən qu­rulmasında əhəmiyyətli rol oynayıb və dünya ölkələrinin milli kitabxa­naları sırasında öncül yerlərdən birinə çıxmışıq. 

– Bəs rəsmi yubiley tədbirləri nə vaxta nəzərdə tutulub? 

– Rəsmi yubiley tədbirlərimiz payız aylarına təsadüf edəcək. Bu çərçivədə Bakıda AVRASİYA Kitabxanalar Assambleyası əmək­daşlıq təşkilatının XXVII Ümumi iclası və İƏT-ə üzv ölkələrin Milli Kitabxana Direktorları Şurasının iclası da keçiriləcək. “Milli kitabxa­nalar – xalqların mənəvi sərvətinin qoruyucuları” mövzusunda bey­nəlxalq elmi-praktik konfrans da bu qəbildəndir. Tədbirlərimizdə Dünya Milli Kitabxanalarının rəhbərləri işti­rak edəcəklər. 

– Bir daha sizi və çoxsay­lı kollektivinizi 100 illik yubiley münasibətilə təbrik edir, işləri­nizdə uğurlar arzulayırıq!

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”



Müsahibə