“Hər gəlişimdə Azərbaycanda özəl yeniliklər görürəm”

post-img

Yerli media mənsubları onu yaxşı tanıyır. Bülent Uğur 2005–2010-cu illərdə qardaş Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat katibi vəzifəsində çalışıb. Ona qədər müxtəlif qəzetlərdə müxbirlik edən Bülent bəy 1996–2005-ci illərdə İstanbul Mətbuat Yayımı və İnformasiya Baş İdarəsində şöbə müdiri işləyib. 

On iki il əvvəl Bakıdan ayrılan Bü­lent Uğur bir də ötən ilin noyabrında Azərbaycana gəlib. Hazırda pensiya­dadır. Azərbaycana budəfəki səfərin­də redaksiyamızın qonağı olan Bülent Uğurla söhbətimiz çağdaş medianın qayğıları, Zəfərdən sonrakı Azərbay­can, bir az da yaradıcılığı barədə oldu. 

– Bülent bəy, keçmiş diplo­mat-jurnalist hazırda nə işlə məşğul­dur?

– Müstəqil jurnalist kimi, işimi davam etdirirəm. Boş dayanmağı heç xoşlamı­ram, evdə asudə vaxtlarımda da nəsə yazıram. Qələmə aldıqlarımı gələcəkdə kitab şəklinə salmaq fikrim var. Hələlik dörd kitabın müəllifiyəm, səyahətlərim­lə bağlıdır. Birinci kitabım Azərbaycanla əlaqəlidir, diplomatik xatirələrimdir. İkin­cisi dünya səyahətimlə bağlı qeydlərim, üçüncüsü hər yerini gəzib-dolaşdığım Türkiyəyə aiddir. Dördüncü isə yalnız İstanbul barədədir. 

– Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat müşaviri kimi çalışdığınız 2005–2010-cu illər Qa­rabağ münaqişəsinin həlli yollarının axtarışı baxımından gərgin görüşlər, danışıqlar dövrü idi. 

– Əvvəlcə onu söyləyim ki, Türkiyə ilə Azərbaycanın əlaqələri hər hansı di­gər dövlətlə aramızdakı münasibətlərə bənzəməz. Yəni, bu münasibətlər fərq­lidir, qardaşcasınadır. Bakıya gələndə özümü yad ölkədə hiss etmədim. Eləcə də dil baxımından. 

HAŞİYƏ: “Qarabağ Zəfəri, sadə­cə, torpaqların işğaldan azad edilmə­si demək deyil. Bu zəfər həm də milli kimliyi şüurlara həkk etdi. Çox önəmli məsələdir. Milli kimliyi olanın kürəyi yerə dəyməz. Azərbaycanın bugünkü gəncliyi ölkəsinin adı ilə qürur duyur. Dünya artıq Azərbaycanı tanıyır”. 

Doğulduğum Elazığ Şərqi Anadolu­nun oğuz tayfalarının keçdiyi bir şəhər­dir. Bilirsiniz ki, burada Azərbaycan türkü, Almas İldırım kimi şairimiz yaşa­yıb, dilimizin, ləhcəmizin inkişafı üçün böyük əmək sərf edib. Bakıda başqa ölkələrin diplomatları kimi işləmirdik. Onlar sadəcə öz dövlətləri üçün işlə­yirdi, biz isə “can Azərbaycan üçün də nələri edə bilərik” düşüncəsilə. 

– Yəni, bir millətin iki dövlətinə xidmət edirmiş kimi... 

– Elədir. Səlahiyyətimə daxil olma­sa da, Türkiyə və Azərbaycan mediası arasında sıx təmaslar qurur, yerli me­dianın tərəqqisi üçün layihələr həyata keçirirdik. Məsələn, İstanbuldan Mət­buat, reklam və elanlar idarəsinin baş direktorunu bura dəvət etdik. İki ildən bir Mətbuat Şurası ilə birgə Azərbaycan və Türkiyənin media mənsubları ara­sında qarşılıqlı görüşlər, tədbirlər ke­çirdik. Bunların hamısı bizim diplomatik vəzifəmizdən kənar işlər idi. Baxış bu­cağımız fərqli olsa da, düşüncələrimiz eynidir. O zaman Qarabağ problemi, torpaqların işğaldan azad edilməsi kimi məsələlərdə oxşar hissləri yaşayırdıq. Nəticədə, 44 günlük qurtuluş savaşın­da böyük Zəfər qazandıq. Həmin vaxt gündəlük hərbi xronikanı burada siz necə izləyirdinizsə, biz də Türkiyədə eyni həyəcanla təqib edirdik. Cənab Ali Baş Komandan növbəti şəhərin, rayo­nun, kəndin işğaldan azad olunduğu­nu elan edəndə həmin sevinci, qələbə coşqusunu sizinlə birgə yaşayırdıq. 

HAŞİYƏ: “İnsan birinə yaxşılıq edəndə içində hüzur tapır. Bu, həm də onun bu dünyada qazancıdır. Mənim isə Azərbaycanda ən böyük qazancım dostlarımdır. Onların sayı kifayət qə­dərdir. Bu dostluq bağları mən Bakıdan ayrılandan sonra da davam edir”.

– Azərbaycana ilk dəfə gəldiyiniz vaxtdan on səkkiz il keçib. Yerli çap və elektron medianın o zamankı və indiki durumu arasında fərq varmı?

– Dünyada jurnalistika anlayışının özü dəyişməkdədir. Bu dəyişiklik sa­dəcə Azərbaycan və Türkiyə ilə bağlı məsələ deyil, beynəlxalq xarakterlidir. Artıq mətbu nəşrlər azalır, ya da az satılır. İnsanlar daha çox elektron me­diaya, onlayın platformalara, sosial şə­bəkəyə üstünlük verirlər. Bu mərhələni yaxalamaq çox vacibdir. Elə Türkiyənin özündə də bu dəyişikliyi yaxalayanlar ayaqda qalır, yaxalamayanlar isə sıra­dan çıxırlar. Çünki indi işləri on səkkiz il əvvəlki kimi yönəltmək, idarə etmək ol­maz. Hər sahədə belədir, elə biznesdə də. Yəni, köhnə dəzgahda təzə məhsul yaratmaq mümkün deyil. Günümüzün çağırışları sahəyə yanaşmada, texno­logiyada yenilənmə tələb edir. Azərbay­canda bu yöndə irəliləyişi hiss edirəm. 

Çap mediasında islahatların ba­şında “Xalq qəzeti” gəlir. Qəzetinizin elektron versiyasını izləyirəm. Oxucu­lara daha çox və çeşidli informasiya verirsiniz, bu zaman obyektivliyi, mə­lumatlılığı gözləyirsiniz. Bu, olduqca vacib amildir. Ümumilikdə, Azərbaycan mediasında hadisələrə baxış bucağının genişləndiyi hiss olunur. 

HAŞİYƏ: “Medianın ictimai nəzarət kimi funksiyası var. İşində nöqsana yol verən rəsmi təşkilat, dövlət məmuru bəlkə o yanlışlığı görməyib, duymayıb. Onu sadəcə diqqətə çatdırmaq lazım­dır. Bu zaman qəzetin, elektron medi­anın hara bağlı olduğunun əhəmiyyəti yoxdur. Əsas məqsəd yıxıcı yox, quru­cu olmaqdır”. 

– 2010-cu ildə səfirlikdə fəaliyyə­tinizi başa vurub Bakıdan ayrıldınız və Azərbaycana bir də Zəfərdən iki il sonra gəldiniz... 

– On iki il əvvələ qayıdıb deməliyəm ki, burada çalışdığım beş il ərzində Azərbaycanı qarış-qarış gəzdim. “Azer­baycan gözlemleri” adını verdiyim ilk ki­tabımda getdiyim, olduğum şəhərlərə, rayonlara bütöv fəsil ayırmışam. Həmin dövrdə Mətbuat Şurasının düzənlədiyi 22 iyul – Mətbuat Günü tədbirlərinin bi­rində mənə söz verildi. Dedim ki, gün gələcək, Mətbuat Gününü Qarabağda qeyd edəcəyik və mən hansı şərtlər daxilində olursa-olsun, mütləq Azər­baycana gələcəm və o günü birlikdə bayram edəcəyik. 2010-cu ildən sonra Azərbaycana ilk dəfə ötən ilin noyab­rında gəldim. Qarabağ artıq bizim tor­pağımız olduğu üçün əlimi Xudavən­di-aləmə açıb şükür etdim. 

HAŞİYƏ: “Azərbaycanda gözəl yeniliklər görürəm. Məsələn, ASAN xidmət. Dünyada bunun bənzəri yox­dur. Vətəndaşa cüzi miqdarda rüsum ödəməklə qısa zamanda zəruri sənədi almaq imkanı yaradılıb. Yəni, əvvəllər on günə görülən iş yarım saatın içində bitir”. 

– Və azad edilmiş Şuşada Azər­baycanın və Türkiyənin bayraqları yanaşı dalğalandı. Sizdən ötrü bu, nə demək idi?

– Tamamilə fərqli duyğu idi. Bunu bir neçə dəfə yaşamışam. Bakıya dörd ay əvvəlki səfərim zamanı Zəfərin ildö­nümü ilə bağlı Pirallahıda keçirilən bir tədbirdə iştirak edirdim. Salonun ön sı­ralarında əyləşmişdim və birdən arxaya boylananda əllərdə Türkiyə və Azərbay­can bayraqlarının dalğalandığını gör­düm. Çox təsirləndim. Ardınca səhnəyə azyaşlılar və əllərində ulduzlu-ayparalı əkiz bayraqları tutan iki gənc çıxdı. On­lar qardaşlıq şərqisini söyləyəndə salo­nu həyəcan seli bürümüşdü. Tüklərim biz-biz oldu. O səhnənin mənası bu idi: Azərbaycan – Türkiyə qardaşlığı əbə­didir! 

Söhbəti qələmə aldı:

İ.HƏSƏNQALA, “Xalq qəzeti”





















Müsahibə