Bəxtiyar Vahabzadənin poeziyasında ana dili və milli kimlik ideyası

post-img

Dil açanda ilk dəfə, ana söyləyirik biz,

Ana dili adlanır bizim ilk dərsliyimiz.

Bəxtiyar Vahabzadə

 

Xalq şairi Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən, xalqımızın mütərəqqi ziyalılarından biridir. Onun zəngin elmi-publisitik, ədəbi yaradıcılığı milli azadlıq ideyalarının, saf insani duyğuların, vətən sevgisinin və mənəvi dəyərlərin poetik ifadəsidir. Şairin yaradıcılığında ana dilinə bağlılıq, onun inkişafı və qorunması məsələləri hər zaman xüsusi yer tutmuşdur.

2025-ci ilin avqust ayında böyük ədəbiyyatşünas, dramaturq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub: “Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır”.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 15 aprel 2025-ci il tarixində keçirilən iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli şair Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı “AMEA-nın Tədbirlər planı”nın hazırlandığını qeyd edib. Tədbirlər planında Bəxtiyar Vahabzadə yaradıcılığında milli kimlik və istiqlal, şairin yaradıcılığının folklor konteksti, onun Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşmasında xidmətləri, Türk dünyası ilə əlaqələri və s. mövzularda seminarlar, konfranslar, dəyirmi masaların təşkili, eləcə də mətbuatda böyük fikir adamı Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili mövzusunda elmi-publisistik yazıların dərc olunması məsələləri yer alıb.

Qeyd etmək lazımdır ki, Bəxtiyar Vahabzadənin Azərbaycan dili mövzusuna yanaşması yalnız obrazlı ifadə deyil, həm də maarifçilik və vətənpərvərlik baxımından son dərəcə əhəmiyyətlidir.

Xalq şairi yaradıcılığının bütün dövrlərində doğma dilimizi yad təsirlərdən qorumağın vacibliyini önə çəkib, bu istiqamətdə maarifçi ideyaları ilə ön sıralarda olub. Onun “Ana dili”, “Millət və dil”, “Latın dili” kimi şeirlərində ana dilinə qarşı biganəliyin, unutqanlığın cəmiyyətin inkişafı üçün hansı mənfi nəticələri doğura biləcəyindən bəhs olunur.

“Ana dili” şeiri şairin dilimizin gözəlliyinin, qrammatik və poetik imkanlarının genişliyinin diqqətə çatdırılması, dil ənənələrinin qorunub saxlanılması baxımından şah əsərlərindən biridir:

 

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi.

Bu dil əcdadımızın bizə qoyub getdiyi

Qiymətli xəzinədir… Onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək.

 

Bu sətirlərdə şair ana dilini təkcə ünsiyyət vasitəsi kimi yox, həm də milli kimliyin simvolu kimi təqdim edir. “Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır” deməklə dilin insan varlığı ilə vəhdətini göstərir, dilə yüksək emosional dəyəri ifadə edir.

Son iki misrada şeirin əsas ideyası ifadə olunub. Dədə-babalarımızdan bizə miras qalmış qiymətli xəzinə olan dili gələcək nəsillərə ötürməyin hər kəsin müqəddəs vəzifəsi olduğu qeyd olunur. Bu fikirlər Bəxtiyar Vahabzadənin həm vətənpərvərlik duyğularını, həm də ziyalı, maarifçi mövqeyini nümayiş etdirir.

Bundan başqa, şairin “Latın dili” şeiri onun Azərbaycan dili ilə bağlı zəngin, çoxşaxəli düşüncələrinin zirvəsi hesab edilə bilər. Bu poeziya nümunəsində şair Latın dilinin tarix səhnəsindən çəkilməsi kontekstində Azərbaycan dilinin də eyni taleyi yaşaya biləcəyini söyləyir, bu mövzuda həssaslığını ürək ağrısı ilə nümayiş etdirir. Bu şeirdəki dəyərli fikirləri ilə həm oxucunu düşündürür, həm də milli oyanışa çağırış edir.

 

Latın dili!

Hər sözündə dünya boyda yük daşıyır,

Latın dili! - Millət ölüb, dil yaşıyır.

“Ana”deyən, ”torpaq”deyən,

“Vətən” deyən yox bu dildə.

Ancaq yenə yaşar bu dil.

 

Bəxtiyar Vahabzadənin doğma dilini sevməyənlərə, bu dilə hörmət etməyənlərə qarşı kəskin mövqeyi onun həm şeirlərində, həm də publisistik yazılarında öz əksini tapıb.

Xalq şairi mütəmadi olaraq mətbuatda da “Ana dilim-ana köküm!”, “Tarix, dil, ənənə”, “Ana dili”, “Dil haqqında sorğu”, “Bir daha ana dili haqqında”, “Dil və əlifba”, “Dilimiz-ədəbiyyatımız”, “Dildə təbiilik və gözəllik”, “Ana dili – dövlət dili” kimi məqalələrlə çıxış edib, mütəmadi olaraq yüksək tribunalardan dilimizin inkişafı barədə düşüncələrini bölüşüb.

Şair məqalələrinin birində ana dilinin təbliğatının aparılmasının önəmini qeyd edərək yazır: “...Dil yalnız ondan istifadə edəndə, həmin dildə danışanda yaşayır və inkişaf edir. Ziyalısı ana dilində danışmayan xalqın nəinki dili, özü də ölümə məhkumdur”.

Bəxtiyar Vahabzadə öz poetik və elmi-publisitik yaradıcılığında dil mövzusuna xüsusi diqqət yetirdiyi kimi, özü də Azərbaycan dilinin incəliklərindən məharətlə istifadə edirdi.

 

İndi azadlığım mənə qənimdir,

Bu gizli oyundan baş açmır fələk.

Məni kor quyudan çıxaran kəndir,

İndi boğazıma keçib halqa tək…

 

Şair bu misralarda azadlıq anlayışına fəlsəfi yanaşaraq, onun insan həyatı ilə ziddiyyətli münasibətini ortaya çıxarır. Burada həm də azadlığın insandan məsuliyyət tələb etdiyini, bəzən isə mənəvi çətinliklər yarada biləcəyini diqqətə çatdırmaq istəyir.

Türkiyənin Edebi Yad ve Sanat Akademisi jurnalının 2018-ci ildə nəşr olunan sayında “Vətən, millət və ana dili şairi Bəxtiyar Vahabzadə” adlı məqalə çap olunub, Bəxtiyar Vahabzadənin Azərbaycan və ümumtürk ədəbiyyatındakı rolu, onun Vətən sevgisi və ana dilinə bağlılığı ətraflı şəkildə təhlil olunub. Bu da şairin əsərlərinin təkcə Azərbaycanda deyil, türk xalqları arasında mədəni və dil birliyinin təbliğinə, təşviqinə xidmət etdiyini sübut edir.

Həmin məqalədə qeyd olunur ki, Bəxtiyar Vahabzadə “Vətən, Millət və Ana Dili” adlı əsərində dil ilə bağlı arzularını açıq şəkildə ifadə edir: “Biz Sovet dövründə özbək, qazax və digər türklərlə qarşılaşdığımızda ortaq dil olaraq rusca danışırdıq. Allah bizə bir daha o günləri göstərməsin. Allah bizə bir gün göstərsin ki, mən qırğızla, özbəklə, qazaxla türkcə danışa bilim. Öz dilimlə anlaşa bilim”.

Bütün bu faktlar bir daha təsdiqləyir ki, Bəxtiyar Vahabzadənin yaradıcılığının mühüm istiqamətlərindən biri onun ana dilinə sonsuz sevgisi və bağlılığıdır. Şairin poeziyası milli mənsubiyyətin, dilə sədaqətin və Vətən sevgisinin bədii ifadəsdir. İnanırıq ki, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam onun zəngin irsinə yenidən dönmək, ədibin ana dilimizin inkişafındakı misilsiz xidmətlərini ölkə və dünya ictimaiyyətinə çatdırmaq üçün geniş imkanlar açacaq. Çünki, bu yubiley təkcə ədəbi hadisə deyil, həm də ana dilinin, milli dəyərlərin və ədəbi irsin təbliği baxımından son dərəcə əhəmiyyətlidir.

 

Nərgiz Qəhrəmanova,
AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, 
mətbuat və informasiya şöbəsinin 
Elektron informasiya sektorunun müdiri 

Mədəniyyət