İçərişəhərin memarlıq incisi: Buxara karvansarası bərpadan sonra qapılarını yenidən açır

post-img

İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə - Buxara karvansarasının əsaslı bərpa və
konservasiya işlərindən sonra təntənəli açılışı və burada fəaliyyət göstərəcək “BuxarArt” sənət
məkanının təqdimat tədbiri keçirilib.

XQ xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, mədəniyyət və turizm sahəsinin nümayəndələri, eləcə də media mənsubları iştirak edərək abidənin yenilənmiş siması ilə yaxından tanış olublar.

Qədim ticarət magistralı üzərində ucaldılan və Orta Asiyalı tacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən həyata keçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlki əzəmətinə qovuşub. Bərpa prosesi abidənin həm memarlıq, həm də mühəndislik xüsusiyyətlərinin qorunması prinsipi ilə aparılıb.

Bərpa və konservasiya işləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə bu sahədə beynəlxalq təcrübəyə malik Avstriyanın məşhur “Atelier Erich Pummer GmbH“ şirkəti tərəfindən 3,5 il ərzində aparılıb. Qədim abidənin identikliyinin qorunması məqsədilə bərpa işləri zamanı orijinal hörgü üsullarına və autentik materiallardan istifadəyə, həmçinin tarixi obyektin memarlıq detallarına və konstruktiv xüsusiyyətlərinə xüsusi diqqət yetirilib. Abidənin tarixi görünüşünə xələl gətirməyən ən müasir texnologiyalardan və materiallardan istifadə olunub. Karvansaranın divarları sonradan əlavə edilmiş yad qatlardan təmizlənib, daşların konservasiyası aparılaraq binanın orijinal statik vəziyyəti bərpa edilib.

Yeni konsepsiyaya əsasən Buxara Karvansarası yerli sənətkarların fəaliyyət göstərdiyi funksional və yaradıcı məkana transformasiya olunub. Karvansaranın daxilində ümumilikdə 18 otaq yerləşir ki, onların hər biri müxtəlif sənət sahələrini təmsil edən sənətkarların istifadəsinə verilib. Hər bir otaqda fəaliyyət göstərəcək sənətkarlar gündəlik olaraq öz əl işlərini hazırlayıb nümayiş etdirəcək, eyni zamanda həmin məhsulların satışını həyata keçirəcəklər.

Bununla yanaşı, “BuxarArt” yerli və xarici ziyarətçilər üçün interaktiv sənət məkanı kimi  fəaliyyət göstərəcək. Sənətkarlar qonaqlar üçün müxtəlif ustad dərsləri təşkil edərək Azərbaycan xalq sənətinin incəliklərini praktiki şəkildə nümayiş etdirəcəklər. Burada toxuculuq, heykəltəraşlıq, dəriçilik, rəssamlıq, xalçaçılıq, dəmir döymə, miniatür sənəti, bədii keramika, ebru sənəti, keçəçilik və taxtaoyma kimi ənənəvi sənət sahələri təmsil olunur.

Buxara Karvansarasının fəaliyyətə başlaması milli sənətkarlıq ənənələrinin qorunması, sənətkarların yaradıcılıq imkanlarının genişləndirilməsi və Azərbaycanın zəngin mədəni irsinin həm yerli, həm də xarici qonaqlara daha yaxından təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “BuxarArt” özünəməxsus memarlıq üslubu və mistik atmosferi ilə həm yerli sakinlər, həm də paytaxtımızın qonaqları üçün ən cəlbedici mədəniyyət ocaqlarından birinə çevriləcək.















Mədəniyyət