ABŞ və Çin gömrük rüsumları ilə bağlı razılığa gəldilər

post-img

ABŞ və Çin gözlənilmədən qarşılıqlı gömrük rüsumlarını 3 aylıq müddətə azaltmaq barədə razılığa gəliblər. Məlumatı “Anadolu” verib. 

Razılaşmaya əsasən, ABŞ Çin mallarına rüsumları 90 gün ərzində 145%-dən 30%-ə, Çin isə ABŞ mallarına rüsumları 125%-dən 10%-ə endirəcək. ABŞ-ın maliyyə naziri Skott Bessent və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Grier həftə sonu Cenevrədə Çin nümayəndə heyəti ilə görüşlərindən sonra mətbuat konfransı keçirib.

Hər iki tərəfin tariflərin 90 günlük dayandırılması və əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı razılığa gəldiyini deyən Bessent, nə ABŞ, nə də Çinin fikir ayrılıqlarını dərinləşdirmək istəmədiyini vurğulayıb.

Bessent deyib: “Məhsuldar və təsirli danışıqlarımız oldu. Biz razıyıq ki, heç bir tərəf razılaşmanı pozmaq istəmir”. 

ABŞ-ın ticarət nümayəndəsi isə ölkəsinin Çinlə daha balanslı ticarətə nail olmaq istədiyini söyləyib: “Biz danışıqları həm ABŞ, həm də Çin üçün yaxşı nəticə ilə yekunlaşdırdıq”.

P.ƏMİRCANOV
XQ

Dünya