Azərbaycanlıların tarixi torpaqlarından deportasiyası beynəlxalq cinayətdir

post-img

Qərbi Azərbaycandan deportasiya edilmiş, soyqırıma məruz qalmış soydaşlarımızın pozulmuş hüquqları beynəlxalq hüquqda necə dəyərləndirilir? BDU Hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent, hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədovla görüşüb bu mövzuda müsahib olduq.

– Beynəlxalq hüquqda bir xalqın öz torpağında soyqırımına məruz qalması və sağ qalanların vətənindən kütləvi surətdə qovulmaları necə qiymətləndi­rilir?

– Bir xalqın məhv edilməsi onun əzəli torpaqlarının, təbii resurslarının əlindən alınması və məcburən oradan qovulma­sı ilə başlayır. Hüquqi və siyasi mənada desək, konkret ərazidə tarixən məskun­laşmış əhali və ya hansısa kateqoriyaya aid edilən şəxslər qrupu məcburən, kan­voy altında digər dövlətə və başqa ya­şayış yerinə sürgün edilir və ya qovulur. Problemə sırf cinayət, hüquqi müstəvidən yanaşsaq, deportasiyanın ictimai təhlükə­liliyi ondan ibarətdir ki, mülki əhali və ya hansısa kateqoriyaya aid edilən şəxslər qrupu (məsələn, milli, etnik və dini mənsu­biyyətinə görə – azərbaycanlılar) tarixən qanuni yaşayış yerlərindən zorla çıxarıl­ması ilə müşayiət olunan və insanların kütləvi şəkildə ev-eşiyindən, doğma torpa­ğından qovulması ilə nəticələnən hərəkət­lərə məruz qalır. 

Təbii ki, belə əməllər müasir bey­nəlxalq cinayət hüququnda, o cümlədən Azərbaycan Respublikasının cinayət qa­nunvericiliyində başvermə şəraiti nəzərə alınmaqla, həm insanlıq əleyhinə cinayət­lərin, həm də müharibə cinayətlərinin tər­kibi kimi nəzərdən keçirilir. Deportasiya aktı və ya siyasəti müvafiq dövlətin və ya dövlətlərin cinayətkar siyasəti ilə bağ­lı olan düşünülmüş, məqsədli cinayətdir. Deportasiya məsələsində iki ifadəyə – “əhalini qanuni yerləşdiyi yerlərdən başqa yerlərə qovma” və “digər məcburi hərəkət­lərlə didərgin salma” ifadələrinə diqqət ye­tirmək lazımdır. 

Azərbaycanlıların indiki Ermənistan­dan deportasiyasına hüquqi qiymətlən­dirmə müstəvisində bir qədər də geniş aspektdə yanaşsaq, əslində, xalqımıza qarşı həyata keçirilmiş deportasiya aktını, “spesifik niyyət konsepsiyası” nəzərə alın­maqla, həm də soyqırımı aktı kimi qiymət­ləndirə bilərik. 

– Dünyanın gözü qarşısında baş vermiş və bir qayda olaraq, susqunluq­la qarşılanmış bu irimiqyaslı cinayətin fakt və sübutları olaraq qısaca nələri göstərə bilərsiniz?

– Birincisi, məqsədli olaraq əraziləri­miz və resurslarımız əlimizdən alınıb və bu prosesdə Rusiya imperiyası Cənubi Qafqazı, xüsusən də Azərbaycanı özü­nün geosiyasi maraq dairəsinə salarkən “erməni kartından” məharətlə istifadə etmişdir. Məqsədli köçürülmənin və son­rakı mərhələlərdə həyata keçirilmiş de­portasiyaların məntiqi nəticəsi isə azər­baycanlıların öz dədə-baba yurdlarından didərgin düşməsinə, ermənilərin isə bu prosesdə birbaşa maraqları olan dövlət­lərin siyasi-hərbi dəstəyinə arxalanaraq sahib olduqları ərazilərdə siyasi və iqti­sadi cəhətdən möhkəmlənməsinə gətirib çıxarmışdır. 

İkincisi, Qərbi Azərbaycanın coğrafi baxımdan əlverişli yerlərində yaşamış in­sanlarını, el dilində desək, dağ adamının “ilan mələyən”, ucsuz-bucaqsız, susuz aran ərazilərə köçürülməsi, təbii ki, soyqı­rımı aktıdır. 

Üçüncüsü, Qərbi Azərbaycanda xalqı­mızın min illər boyu əldə etmiş olduğu və bizə mənsub olan maddi-mənəvi dəyər­lərimizin, tariximizin, dilimizin saxtalaş­dırılması və onların erməni mədəniyyəti kimi təqdim edilməsi və s. mənəvi soyqı­rımı deməkdir. Etiraf edək ki, ermənilər başqa xalqlara mənsub olan mədəniy­yətləri oğurlamaq və onları öz adlarına çıxarmaqda olduqca mahirdirlər. Əfsuslar olsun ki, onlar bu işdə güclü təbliğat ma­şını qurublar və himayədarları da onlara dəstək verir.

Dördüncüsü, Ermənistanın azərbay­canlılara qarşı soyqırımı ilə müşayiət olu­nan deportasiyasının kulminasiya nöqtəsi Xocalı soyqırımıdır. Qərbi Azərbaycanın siyasi işğalından sonra keçmiş SSRİ-nin məkrli siyasətinin nəticəsi olaraq tarixi Azərbaycan ərazilərinin erməniləşdirilmə­si prosesi davam etmiş və indinin özündə də bu problemdən əziyyət çəkirik. 

– Bu cinayətlər Ermənistanın məqsədyönlü dövlət siyasəti kimi ger­çəkləşdirilmişdir. Beynəlxalq hüquq belə halda kimi və nəyi ittiham edir?

– Belə beynəlxalq cinayət əməlləri qəsdlə törədilir və son nəticəsi məqsədli xarakter daşıyır. İndiki halda cinayətkar Ermənistan dövləti və onu idarə edənlər, həm də ayrı-ayrı cinayətlərin təşkilatçıları və əsas icraçılarıdır. Nəticə olaraq, insan­ların deportasiyaya və soyqırıma məruz qoyulmaması beynəlxalq hüquqla qada­ğan olunan imperativ tələbdir, yəni müba­hisə olunmayan bir tələbdir və bu bir öh­dəlik olaraq dövlətlərin üzərinə məsuliyyət yükü qoyur. 

Hüquqi varislik konsepsiyası nəzərə alınmaqla istər Rusiya Federasiyası, istər­sə də Ermənistan deportasiya və soyqı­rım əməllərini qadağan edən beynəlxalq hüquqi aktların, məsələn, 1948-ci il soyqı­rımı cinayətinin qarşısının alınması və cə­zalandırılması haqqında Konvensiyanın iştirakçıları olduğuna görə birbaşa bey­nəlxalq hüquqi məsuliyyət daşıyırlar. Soy­daşlarımıza qarşı edilmiş məqsədli depor­tasiya və soyqırımı aktlarına görə həmin dövlətlərin kompensasiya ödəmələri üçün beynəlxalq prosesə start verilməlidir. Xo­calı və digər soyqırımı aktlarını törədən cinayətkarların cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılması üçün dövlətimiz mümkün olan bütün hüquqi addımları atmalıdır ki, sonda haqq və ədalət zəfər çalsın. 

Prezident İlham Əliyevin vurğuladığı kimi, azərbaycanlılar Qərbi Azərbaycan­dakı tarixi torpaqlarına qayıtmalıdırlar. Biz Azərbaycanın itirilmiş parçası olan Qərbi Azərbaycana mütləq dönəcəyik.

 

Müsahibəni qələmə aldı:

Anar TURAN, “Xalq qəzeti”

Müsahibə