“Əhmədzadə, mən sənə inanıram...”

post-img

Ümummilli lider Heydər Əliyev məktəbinin layiqli yetirmələrindən biri də onun irsinə və siyasi xəttinə bu gün də sədaqətlə xidmət edən ictimai-siyasi xadim Əhməd Cuma oğlu Əhmədzadədir. Ali təhsilli meliorator kimi 1966-cı ildə əmək fəaliyyətinə başlayan  Əhməd Əhmədzadə qısa müddətdə bir çox vəzifələrdə çalışıb.  Dövlət idarəçiliyi sahəsində rəhbər kadr kimi karyerasına isə Heydər Əliyevin xeyir-duası ilə başlayıb. “Xalq qəzeti”nin “2023-cü il –  Heydər Əliyev ili”nə həsr etdiyi “Heydər Əliyev xatirələr işığında” layihəsinə növbəti qonaq kimi Əhməd müəllimi dəvət etməyimizin əsas məramı da, onun ulu öndər haqqında geniş auditoriyaya bəlli olmayan xatirələrini oxucularımıza çatdırmaq, o bənzərsiz insanın həyat və fəaliyyətinin ən xırda detallarını belə əbədiləşdirməkdir.  


BİRİNCİ SÖHBƏT


– Əhməd müəllim ulu öndərlə ilk görüşünüzə qədər Heydər Əliyev artıq DTK sədri postunu geridə qoyub, 5 il idi ki, Azərbaycana rəhbərlik edirdi.  İlk dəfə ünsiyyətdə olana qədər Heydər Əliyevi necə tanıyırdınız? Düşünürəm, ola bilməzdi ki, 1967–1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində çalışan bir şəxsin Heydər Əliyev haqqında müəyyən fikri olmasın.
– İnstitutu bitirəndən dərhal sonra –  1967-ci ildə məni Qax Rayon Suvarma Sistemləri İdarəsinə böyük mühəndis vəzifəsinə təyin etdilər. Az bir müddətdən sonra idarənin rəisini işdən kənarlaşdırdılar və Qax Rayon Partiya Komitəsinin birinci katibi Asiyət Yusifovanın  təklifi və təkidi ilə   məni idarə rəisi vəzifəsinə təsdiq etdilər... 
Çox böyük həvəslə işə başladım. Öz ixtisasım idi, nəzəri bilikləri yaxşı mənimsəmişdim, yorulmaq bilmədən çalışırdım. Amma etiraf edim ki, ilk gündən çox ciddi çətinliklərlə üzləşdim. Respublikanın durumu da yaxşı deyildi. Azərbaycan İttifaq respublikaları arasında ən zəif inkişaf edənlər sırasında yer alırdı. Ölkədə aşağıdan yuxarı nizam-intizam çox zəif idi. Mərkəzdən maliyyə vəsaiti çox az ayrıldığına görə iş görmək, layihələr reallaşdırmaq çətin idi. Sənaye, kənd təsərrüfatı çox geri qalırdı. 
1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın plenumu keçirildi və Heydər Əliyev birinci katib seçildi. Xüsusi xidmət orqanında işlədiyinə görə  Heydər Əliyevi geniş ictimaiyyət yaxından tanımırdı. Amma respublikaya rəhbər seçiləndən az bir müddət sonra bütün ölkə ondan danışırdı. Çünki Azərbaycanda işlər sürətlə dəyişməyə başladı. Sənaye, kənd təsərrüfatı, bir sözlə, iqtisadiyyatın bütün sahələri hərəkətə gəldi. Onun rəhbərliyi altında ard-arda çox mühüm qərarlar qəbul edilirdi, hakimiyyətin bütün pillələrində ciddi intizam yaranmağa başladı. Artıq nazirliklər, rayon partiya komitələri, idarə və müəssisələr bu intizama uyğun iş rejimində çalışmağa başladılar.
Doğrudur, o zaman islahat sözü işlənmirdi, amma Azərbaycanda, sözün əsl mənasında, böyükmiqyaslı islahatlar gedirdi. Məsələn, ən çox narazılıq doğuran ticarət sistemi idi. Heydər Əliyev bu sahədə, sanki, bir inqilab etdi. Əhali bunu dərhal hiss edirdi və alqışlayırdı.
Heydər Əliyev rəhbər olana qədər görürdüm ki, bir çox idarə müdirləri həftə sonu ölkədən çıxıb Gürcüstana, Ermənistana istirahətə gedirlər. Amma Heydər Əliyev gələn gündən bunlar dərhal yığışdırıldı. Sanki, heç yox imiş. Bütün idarə və müəssisə, nazirlik və komitə işçiləri ciddi səfərbər olunmağa başladılar. 
Çox vacib məsələlərdən biri də mərkəzin – Moskvanın bizə münasibətinin kökündən dəyişməsi oldu. Heydər Əliyev birinci katib olmamışdan Bakının müraciətlərinə, xahişlərinə qulaq asan yox idi. Amma hər şey 1969-cu il iyulun 14-dən sonra sürətlə dəyişməyə başladı. Təbii ki, bütün bunlar işləmək, potensialını, biliyini ortaya qoymaq istəyən bir gənc kimi mənim ürəyimdən xəbər verirdi.
– İlk tanışlığınızın və ilk görüşünüzün tarixçəsi və bu görüşün sizdə yaratdığı təəssürat necə oldu?  Heydər Əliyevdə müşahidə etdikləriniz onun haqqında konkret bir fikir formalaşdırdımı?
– Meliorasiya idarəsində işlədiyim vaxtlarda məni rayon partiya komitəsinin büro üzvü seçmişdilər. Azərbaycanın rayon su idarələrinin rəislərindən yeganə mən idim ki, raykomun büro üzvü idim. O dövr üçün bu, həm böyük etimad, həm də nüfuz idi. Öz sahəmlə bərabər, büro üzvü kimi təsərrüfatlarda plan və tapşırıqların  həyata keçirilməsinə nəzarət edirdim, təşkilati işlər aparırdım. Bu mənim üçün bir idarəçilik təcrübəsi oldu. Səmimi deyim ki, rayonun birinci katibi Dibirovanın mənim haqqımda qurduğu planlardan xəbərsiz idim. 
1975-ci ildə artıq ölkədə çox dəyişikliklər olmuşdu. Azərbaycan Sovet Respublikaları arasında qabaqcıllar sırasına çıxmışdı. Yerlərdə gənc və perspektivli kadrlara geniş meydan verilirdi və bu, bilavasitə  Heydər Əliyevin xidməti idi. 
Bir gün Qaxın birinci katibi Səfiyyə xanım Dibirova məni partiya komitəsinə dəvət etdi və kabinetində bir məktub uzadıb dedi: “Bakıya gedib bunu Mərkəzi Komitəyə vermək lazımdır. Amma Bakıya getməyini Qaxda heç kim bilməməlidir”.
Mən institutu bitirəndən sonra öz sahəmlə bağlı elmi iş götürmüşdüm və dissertasiya yazırdım. Elmi rəhbərim  Gürcüstanda yaşayan alim idi. Birinci katibə dedim, "narahat olmayın,  deyərəm, elmi işimlə bağlı Tiflisə gedirəm. 
Məktubda hansı sənədlərin olduğunu belə soruşmadım. Düşündüm, yəqin, gürcülər yenə Moskvaya şikayət yazıblar. O vaxt bəzi gürcü şovinistləri, Gürcüstandan gəlib, Qaxda yaşayan gürcülər arasında Azərbaycanın əleyhinə destruktiv təbliğat aparır və Moskvaya müxtəlif məzmunda şikayət məktubları yazırdılar. Onlar da bunu dərhal nəzarətə götürüb bizdən cavab istəyirdilər. Düşündüm ki,  yenə belə cavab məktublarından biridir. 
Bu fikir ilə məktubu götürüb Zaqataladan təyyarə ilə Bakıya uçdum. Elə həmin gün Mərkəzi Komitəyə gəlib, məktubu rayonumuzun kuratoru Ramiz Hüseynova vermək istədim.  Qəbul şöbəsindən kuratora telefon açıb özümü təqdim edən kimi heç nə soruşmadan dedi, “sənə buraxılış vərəqəsi yazılıb, gəl kabinetə”.  Buraxılış vərəqəsini götürüb Ramiz müəllimin kabinetinə gəldim. Məktubu məndən alandan sonra öz stolundan bir anket, bir də tərcümeyi-hal üçün olan blank götürüb mənə uzatdı ki, al bunları doldur.  Soruşdum, “bunlar nəyə lazımdır?” Dedi, “sən raykomun büro üzvüsən, Mərkəzi Komitədə anketin, tərcümeyi-halın olmalıdır”.  Sonra məktubu açıb diqqətlə oxudu və kabinetdən çıxdı. Mən blankları yazıb qurtardım. 
Ramiz müəllim qayıdandan sonra mənə dedi, gedək, təşkilat şöbəsinin müdiri İsmayıl Əsgərov bizi gözləyir. İsmayıl müəllim kabinetdə mənimlə düz 1 saat 40 dəqiqə söhbət etdi. Ümumi suallar, ölkədə vəziyyət, ixtisasım, meliorasiya sahəsindəki vəziyyət, təsərrüfatlarda su təminatı və sair bu kimi məsələlərdən danışdıq. Düşündüm, yəqin, mənə öz sahəm üzrə Bakıda bir iş təklif edəcəklər. Amma İsmayıl müəllim dedi, “səni rəhbərlik qəbul edəcək”. Çıxdım dəhlizdə gözlədim. Mənimlə bərabər bir nəfər də var idi, Naxçıvandan gəlmişdi. Bir neçə dəqiqədən sonra İsmayıl Əsgərov çıxıb bizə dedi gedək. Gəldik bir kabinetə, baxdım ki, stolun arxasında Rafael Allahverdiyev oturub. Artıq burada başa düşdüm ki, biz hara gəlmişik. Bizi Heydər Əliyev qəbul edəcəkdi...
– Bunu  biləndə ­ həyəcanlandınızmı?
– Mən həmişə sərbəst olmuşam. Amma haqqında əfsanələr dolaşan Heydər Əliyevin qəbuluna getdiyini bilib, həyəcanlanmamaq mükün deyildi. İsmayıl Əsgərov içəri keçib şəxsi işlərimizi stola qoydu və özü çıxıb getdi. 15 dəqiqə qəbul otağında gözləyəndən sonra Rafael Allahverdiyev bizə dedi: “Keçin, ­Heydər Əliyeviç sizi gözləyir”.
Özümü nə qədər təmkinli aparmağa çalışsam da kabinetə girəndə həyəcanım bir az da artdı. Çünki birinci dəfə idi Heydər Əliyevlə üz-üzə gəlirdim, həm də onun kabinetində. Biz girəndə ayağa qalxıb bizə doğru bir iki addım atdı. Biz bir az da iti addımlarlarla ona tərəf getdik. Yaxınlaşanda  əl uzadıb  ikimizlə də görüşdü.  Naxçıvandan gələn üzümçülük sovxozunun  direktoru, Sosialist Əməyi Qəhrəmanı  Yusif Məmmədov idi. Onu yaxşı tanıyırdı. Dedi, “Yusif, indi sən bu işə gedirsən? Üzümçülükdə yaxşı işlədin, görək burda özünü necə göstərəcəksən”. Amma “burda” deyəndə, nəyi nəzərdə tuturdu, bilmədim. Dedi, “Yusif, indi gedirsən İliç rayon XDS İcraiyyə Komitəsinə rəhbər. Amma bil ki, sovxoz başqa, bu iş başqa”. Yusif də döşünə döydü ki, belə işləyəcəyəm, yaxşı olacaq. 
Sonra mənimlə söhbətə keçdi. Bir çox suallar verdi. Əvvəl mənim təhsilimlə maraqlandı, sonra işimlə, rayonda sosial-iqtisadi vəziyyətlə, respublikada həyata keçirilən quruculuq işləri ilə bağlı suallar verdi, İttifaqda ictimai-siyasi vəziyyət, gedən proseslər barədə fikrimi öyrəndi. 
Sonda dedi: “Əhmədzadə, sən çox gəncsən, amma haqqında çox yaxşı fikirlər var. Şöbə və rayon partiya komitəsi səni Qax rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə məsləhət görür. Mən də görürəm, gənc olsan da, hazırlıqlısan. Ona görə onların təklifini dəstəkləyirəm. Get işlə”. 
Mən hələ onun təsirindən çıxa bilməmişdim və bir qədər duruxdum. O, diqqətlə mənə baxırdı ki, görsün nə deyirəm. Nəhayət, dilləndim: “Heydər Əliyeviç, bu mənə göstərilən çox böyük etimaddır, amma həm də çox böyük məsuliyyətdir. Mən bu işdə təcrübəsizəm”. İşlətdiyim məsuliyyət sözü çox xoşuna gəldi. Dedi: “O yerdə ki, məsuliyyət hissi var, o yerdə iş olur. Çalış,  yaxşı işlə, xalqla ünsiyyət qur. Narahat olma, işdə kömək olunacaq...”
Aşağı düşəndə gördüm rəhmətlik İsmayıl Əsgərov gülür. Dedi: “Bildinmi öz başına nə oyun açdın?” Soruşdum: “Nə iş açdım ki?” Dedi: “Birinci katib dedi ki, İsmayıl müəllim, Əhmədzadəyə bu vəzifəyə getməyini mən desəm, siz desəz yox deyib, razı olmayacaq. Onun elmi işi var, deyir elmin dalınca gedib elmlər doktoru olacağam. Amma Heydər Əliyevin yanına gedəndən sonra bunu bilsə, ömründə o kişiyə  yox deməz”.   
Beləcə, 1975-ci il iyunun 15-də Heydər Əliyevlə ilk görüşüm oldu və yüksək vəzifəyə ilk təyinatımın xeyir-duasını aldım.  
– Heydər Əliyevlə ilk görüşün təəssüratı necə oldu? 
– Mənimlə söhbətinin 15 dəqiqəsinin 3 dəqiqəsini həyəcan içində oldum. Sonra bu böyük insanın isti münasibətindən, qayğılı yanaşmasından tədricən hər şey dəyişdi. Elə hiss etdim ki, çox doğma, mehriban, müdrik bir insanla qarşı-qarşıya oturmuşam. Heydər Əliyev elə bir münasibət göstərdi, məni o həyəcanın əlindən elə qopardı ki, mənə elə gəldi onu çoxdan tanıyıram. Gənc kadra yanaşması, tövsiyələri, bir böyük kimi məsləhətləri ilə tezliklə adamı özünün səmimi həmsöhbətinə çevirir. Bunun özü bir fitri istedaddır. Hər adam bunu bacarmır. Bilirsən ki, bu insan böyük və dahi bir şəxsiyyətdir, ölkənin rəhbəridir, amma səninlə üz-üzə oturanda özünü o qədər səmimi, sadə aparır istəyirsən bütün ürəyini açıb ona söyləyəsən. 
Doğrudur, gözlərinə baxmağa cürət eləmirsən, amma elə bir şərait və mühit yaradır ki, sən də öz fikirlərini sərbəst deyə biləsən.
– Yeni vəzifədə çox işləməmisiniz və idarəçilik sahəsində biliklərə yiyələnmək üçün az bir vaxtdan sonra  partiya məktəbinə göndərilmisiniz. Yəqin Heydər Əliyev bunu bilməmiş deyildi?
– Bilməyə bilərdimi?! Heydər Əliyev kadrlarının hər addımı ilə maraqlanırdı, onların karyerasını izləyirdi, lazım gələndə öz dəstəyini göstərirdi. Mən bir il olardı  Qax rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyirdim. Raykomun birinci katibi Səfiyyə xanım mənə dedi, “Əhmədzadə, Moskvaya partiya məktəbinə adam istəyirlər, Mərkəzi Komitə səni seçib. Heydər Əliyeviç də razılığını verib. Gələcək karyeran üçün belə məsləhət olub”. 
Heydər Əliyev məsləhət bilirsə, demək belə lazımdır. Moskvaya yola düşüb Sov. İKP MK yanında partiya məktəbində təhsil almağa başladım. Az bir vaxtdan sonra bu məktəbi akademiya ilə birləşdirdilər və partiya məktəbi İctimai Elmlər Akademiyası oldu. Azərbaycan dilində orta və ali təhsil almağıma baxmayaraq, ciddi səylərim sayəsində akademiyanı əla qiymətlərlə başa vurub qırmızı diplom aldım.
Bakıya qayıdandan dərhal sonra bildirdilər ki, səni Abşeron rayon XDS İcraiyyə Komitəsinə sədr vəzifəsinə göndərirlər.  Dedim, “Abşerona getmirəm”. Abşeron Rayon Partiya Komitəsinin  birinci katibi Tamara Hümbətova idi. O da çox mübariz, işgüzar bir qadın idi. 
Moskvada təhsilimi əla qiymətlərlə başa vurduğum üçün orda mənə Yessentuki  sanatoriyasında istirahət etmək üçün  24 günlük göndəriş vermişdilər. İsmayıl Əsgərova dedim: “Yorulmuşam, iki ildə 15 dəfə ailə ilə Moskvaya get-gəl, təhsil qayğıları. İndi Moskva mənə göndəriş verib Yessentukiyə gedim istirahət edim”. Dedi,  “get, onsuz Heydər Əliyeviç də Moskvadadır, gələrsən, sonra səni qəbul edər. Amma Abşerona gedəcəksən”. 
Düşünürdüm,  istirahət edəcəyim müddətdə, yəqin, fikir dəyişər, mən başqa sahəyə gedərəm. Baxdım ki, yox, fikir dəyişməyib. Yenə inad etdim ki, getmirəm, ixtisasıma uyğun bir sahədə işləmək istədiyimi bildirdim. İsmayıl müəllim Hümmətovanın 3 aydır məni gözlədiyini dedi. “Şəxsi işini alıb baxıblar, səni istəyirlər. Get orda bir müddət işlə, sonra yerini dəyişərlər. Heydər Əliyeviçin də razılığı var. İndi Bakıda deyil, məzuniyyətdədir, Bolqarıstanda istirahətdədir”. Bu sözdən sonra başqa yolum qalmadı və beləcə Abşeron rayon XDS İK-nin sədri vəzifəsində işləməyə başladım. İki il dörd ay burda çalışdım. Bu müddətdə bir neçə pambıqçılıq rayonlarına vəzifələrə  təklif etdilər, mən razılaşmadım. Bir gün yenə məni Mərkəzi Komitəyə dəvət etdilər. 
Söhbət əsnasında bildirdilər ki, Füzuli rayonuna birinci katib göndərilirsən. 
İsmayıl Əsgərova dedim: “Axı mən Füzulini tanımıram, rayonun iqtisadiyyatı, aktivi, əhalisi haqqında heç bir məlumatım yoxdur. Bir dəfə də olsun Füzulidə olmamışam, gedib orda necə işləyəcəyəm?” 
Dedilər, “Nə istəyirsən?”. Dedim,  “Əgər məni burdan dəyişmək istəyirsinizsə, Qaxda İcraiyyə Komitəsinin sədr müavini yeri boşdur, göndərin, gedib orda işləyim”. Dedilər, “Yox, Füzuliyə getməlisən, Heydər Əliyeviç səni qəbul edəcək”. 
Dörd nəfər idik, hərə bir rayona birinci katib göndərilirdi. Heydər Əliyev bizi tək-tək qəbul etdi. Mən daxil oldum, görüşdü, dedi əyləş. Sonra işdən, ordan-burdan danışdı, bəzi suallar verdi. Sonda dedi, “Əhmədzadə, səni Füzuli rayon Partiya Komitəsinə birinci katib göndəririk...” Dedim: “Heydər Əliyeviç, çox üzr istəyirəm, mən Füzulini heç tanımıram, qorxuram sizin etimadınızı orda doğrultmayam. Mənə çətin olar...” Diqqətlə mənə baxdı və soruşdu: “Bəs səninlə danışmayıblarmı?” Dedim: “Danışıblar, amma mənim üçün çətin olar, birdən etimadınızı doğrultmaram”. Dedi: “Əhmədzadə, Füzuli yaxşı rayondur, potensialı var, imkanları böyükdür. Amma mən hesab edirəm ki, şöbə səninlə yaxşı danışmayıb, məsələni konkretləşdirməyib. Get fikirləş”. 
Şənbə günü, axşam saat 5-6 olardı. Mən çıxdım. Beşinci mərtəbədə Heydər Əliyev oturur, üçüncü mərtəbədə İsmayıl Əsgərov. O məni görər-görməz isterikada qayıtdı: “Sən kimsən, dünənki uşaq. Siyasi Büro üzvlüyünə namizədə “atkaz” edirsən. Səni birinci katib göndərirlər getmirsən”. Dedim: “İsmayıl müəllim, mən Heydər Əliyevi aldada bilmərəm. Döşümə döyüm ki, gedib Füzulidə belə xarüqalələr yaradacağam. Mən çətinliklərimi görürəm, onları da deməliyəm. Mən o kişiyə yalan söyləyə bilmərəm”.  Dedi, “Ərizə yaz ki, məni birinci katib göndərirlər, etiraz edirəm, getmirəm!”. Dedim: “Mən ərizə yazmışam, məni bura çağırmısınız? Çağırmısınız, mən də sözümü demişəm. Mən ərizə yazmayacağam”. Bunları deyib, çıxıb getdim.
Ordan birbaşa Abşeron XDS İcraiyyə Komitəsinə gəldim. Kabinetimə keçib qapını içəridən bağladım. Növbətçiyə dedim, kim gəlsə buraxma, mən yoxam burda”. Bir saata qədər yaxşıca ağlayıb ürəyimi boşaltdım. Ağlamasam, bəlkə də ürəyim partlayardı. Çünki özümə deyirdim, necə ola bilər Heydər Əliyev kimi bir dahinin yanında olam və onu narazı salım. Bunu özümə böyük qəbahət hesab edirdim. Düşünürdüm, bəlkə fikrimi düzgün çatdıra bilmədim... 
Bazar ertəsi saat 10-a işləmiş ­MK-nın təşkilat şöbəsinin müdirinin müavini Həmid Abbas mənə telefon açdı. Onunla tanış idik, regionlara birgə səfərlərimiz olmuşdu. Dedi: “Əhməd, sən neynəmisən? Mərkəzi Komitə dəyib bir-birinə. Deyirlər biri çıxıb, Heydər Əliyeviçə deyir birinci katib getmirəm. Dur, tez gəl bura, Puqaçov səni çağırır”.  
Puqaçovun kabinetinə elə ayağımı qoymağımı gördüm, ucadan, qəzəblə dedi: “Sən neyləmisən? Sən kimə etiraz etdiyini bilirsənmi? Sənə vəzifə verirlər, sən imtina edirsən”. Məni Azərbaycan Respublikasının xəritəsinin önünə gətirdi və başladı Füzuli haqqında məlumatlar verməyə. Sonra da qayıtdı ki: “Heydər Əliyeviçin təcrübəsində birinci dəfədir ki, bir kadrı ikinci dəfə qəbul edib vəzifə təklif etmək istəyir. Bunu bil ki, bizim iş təcrübəmizdə belə şey olmayıb. Heydər Əliyeviç mənə tapşırıb sizinlə danışım, inandırım və razı salım bu vəzifəyə gedəsiniz”. 
Doğursu, içim titrədi ki, bu insan mənə necə böyük şans verir, halbuki, mən onu azacıq da olsa narahat etmişəm. Mən nə qədər böyük yanlışa yol vermişəm... 
(Bu yerdə Əhməd müəllim doluxsunub,  söhbətə ara verir. Gözləri dolur.)
Puqaçova da dedim: “Axı mən Heydər Əliyeviçə düzünü demişəm. Onu necə aldadaydım? Mümkün idimi bu?” Dedi: “Əhmədzadə, sən təmiz adamsan, gəncsən, təcrübəsizsən, hamıya özün kimi baxma. Heydər Əliyeviç elə buna görə sənə inanır, amma heç də hamı sənə bu cür yanaşmır, bunu bil. Yana bilərsən. Bəxtin gətirib ki, Heydər Əliyeviç kimi adam sənə arxa durur, yoxsa bilmək olmaz nə olardı. Etiraz eləmirsənsə, gedim deyim razısan”.  Dedim: “Mən onun əsgəriyəm, hara desə ora gedərəm, çalışacam və bacardığımı edəcəyəm”. Kabinetdən çıxıb 15 dəqiqədən sonra gəldi ki, get səni qəbul edəcək. Gəldim qəbul otağına. Rafael Allahverdiyev dedi: “Ay Əhməd, sən neyniyirsən? Keç içəri gözləyir” .
İçəri girdim. Birinci görüşdə  stolunun qarşısına gəlib mənimlə görüşmüşdü. Bu dəfə çox da qabağa çıxmadı, amma ayağa qalxıb stolundan iki addım irəli keçib görüşdü və elə dərhal da dedi: “Əhmədzadə, deyirlər ağıla gəlmisən”. 
(Bu sözdən sonra  Əhməd müəllim ucadan gülür və sanki həmin görüşün istisini təkrar yaşayır.) Dedim: “Heydər Əliyeviç, çox üzr istəyirəm, bəlkə fikrimi sizə düzgün çatdıra bilməmişəm. Siz məndən soruşanda mən sizə yalan danışa bilmərəm, gərək düzünü deyəm”. Dedi: “Əhmədzadə, məndən yüzlərlə adama vəzifə verməyə  xahiş edirlər. Amma sənə mən vəzifə verirəm. Gəncsən, naz edirsən. Bu yaxşı hal deyil. Əlbəttə, yaxşı başa düşürəm ki, sən məsuliyyətli adam olduğun üçün belə edirsən. Hər adam belə etməz. Ona görə səni təkrar qəbul etdim. Çünki mənə sənin kimi məsuliyyətli adamlar lazımdır. Mən sənə inanıram. Get işlə, mən burdayam. Nə sözün olsa, nə çətinliyin olsa, mən kömək edəcəyəm. Füzuli böyük rayondur. Mənə 100 min ton üzüm verən birinci katib lazımdır. Mən onu səndə görürəm. Sən bunu edəcəksən. Mən buna inanıram”.  Heydər Əliyevdən bu sözləri eşitmək məsuliyyəti ikiqat artırırdı. İçim titrədi, qürur hissi yaşadım.
Amma 100 min ton üzüm deyəndə, bunun nə olduğunu sonra bildim. Həmin vaxtlarda Füzuli 62 ton üzüm verirdi. Beləcə, 1980-cı il dekabrın 12-də Füzuli  Rayon Partiya Komitəsinin birinci katibi seçildim və fəaliyyətə başladım. 


Söhbəti qələmə aldı: 
İlqar RÜSTƏMOV, 
“Xalq qəzeti”

Müsahibə