Nizami ona “həftə sevgisi” sərgiləyənlərə deyil, varlığını əsrlərlə qoynunda yaşadanlara məxsusdur

post-img

Bütün dünyada dahi Azərbaycan şairi və mütəfəkkiri kimi tanınan və qəbul edilən Nizaminin “fars şairi” olduğunu qəsdən və qərəzlə ortaya atıb ara qarışdıranlar Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin X Qlobal Bakı Forumunun keçirildiyi bir vaxtda İranda “Nizami həftəsi” keçirməklə, guya, dahi şairə “məhəbbətlərini” göstərir, əslində isə ölkəmizə düşmənçiliklərini sərgiləyirlər. Tarixin bütün dövrlərində türk məkanı sayılmış, 9 əsrdir ki, dünya şöhrətli yetirməsinin müqəddəs məzarını o dövrdən yer üzərində yeganə nişanə kimi qoruyub saxlamış qədim bir şəhərdə uşaqdan-böyüyə hamı bu siyasi qısqanclıq və hədyanı ikrahla qarşılamışdır.

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, filologi­ya üzrə fəlsəfə doktoru Əlimuxtar Mux­tarovla qonşu ölkə “başbilənlər”inin bu qərəzli saxtakarlığını cavablandırmağa 2000-ci ilin may ayında ulu öndər Heydər Əliyevin Nizami Gəncəvinin məqbərəsini ziyarət edərkən dediyi sözləri xatırlamaq­la başladıq: 

“Mən bu gün böyük hisslərlə Nizami­nin məqbərəsini bir daha ziyarət etdim. Onu da sizə deyə bilərəm ki, Nizaminin 800 illiyi 1948-ci ildə keçirilmişdi. Amma 840 illik yubileyini mən böyük təntənə ilə keçirdim, yəni bu tədbiri həyata keçirməyə nail oldum. O vaxt buna da imkan vermir­dilər. Mən Moskvada Kommunist Partiyası Mərkəzi Komitəsinin qarşısında bu məsələ­ni qaldıranda, çünki onlarsız bu işi görə bil­məzdik, dedilər ki, “840 il yuvarlaq rəqəm deyildir. 800 illiyi qeyd eləmisiniz, 850 illik də ola bilər. Amma 840 olmaz, çünki son­ra deyəcəksiniz ki, 845, nə bilim, 847 və s... Xatirimdədir, Mərkəzi Komitənin ikinci katibi var idi – Suslov, Brejnevin dövründə ikinci katib idi, mənə dedi ki, bu, mümkün deyildir. Mən isə dedim ki, siz Nizami Gən­cəvini tanıyırsınızmı? Dedi ki, tanıyıram, yaxşı tanıyıram, – Suslov keçmiş işçi idi, Stalinin yanında da işləmişdi, – 1948-ci ildə onun yubileyinin keçirilməsindən də xəbərim var. Dedim, yəqin ki, tamam xəbə­riniz yoxdur. Nizami Gəncəvi elə dahidir ki, onun nəinki 840 illiyini, onun yubileyini hər il keçirmək lazımdır. Beləliklə, biz buna nail olduq, o vaxt Nizami Gəncəvinin 840 illik yubileyini keçirdik.”

– Əlimuxtar müəllim, İran şovinistlə­ri Nizaminin, guya, fars mənsubluğunu sübut etmək üçün qəfil canfəşanlıqla həftə keçirirlər. Halbuki istər ümummil­li lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə, istərsə də İlham Əliyevin prezidentiyi vaxtında Nizami Gəncəvinin yubileylərinin dünya miq­yasında keçirilməsi, hətta 2021-ci ilin ölkəmizdə “Nizami İli” elan edilməsi beynəlxalq aləmdə onun Azərbaycan mütəfəkkiri olmasına heç bir şübhə yeri qoymayıb. Qonşu ölkədə indi belə bir sərsəm aksiyanı ortaya atmaqla nə demək istəyirlər?

– Nizami Gəncəvi ona həftə həsr edilən ölkəyə deyil, doğma dahisini əsrlər boyu qəlbində yaşadan, onunla öyünən xalqa mənsubdur. Gəncəni tarixdən silmək mümkün olmadığı kimi, Nizamini də Gən­cədən və türklükdən qoparmaq mənasız xülyadır. Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı müvafiq sərəncamla fəaliy­yətə başlayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan nizamişünaslığının ən mühüm tarixi nailiyyətidir. Bu qurum da dahi Azərbaycan şairi Nizami Gəncə­vinin vətəni Azərbaycandan başqa ikinci bir ölkədə yaradıla bilməzdi. Çünki Niza­mi Gəncəvinin bəşəri ideyalarını dünyaya ən doğru-düzgün şəkildə mənsub olduğu xalq bəyan edə bilər. 

Hər il təşkil edilən Qlobal Bakı forum­ları da məhz dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının milli və bəşə­ri dəyərlərinin, tolerantlığının, multikultu­ral düşüncəsinin bütün dünya xalqlarına ərməğanı, səslənişidir. Xüsusilə Heydər Əliyev Fondunun dəstəyi ilə dahi Azərbay­can şairi Nizami Gəncəvinin “Xəmsə”sinin dünyanın müxtəlif dillərinə tərcümə edilib nəşr edilməsi bu siyasətdən qaynaqlanır.

Ölkə Prezidentinin X Qlobal Bakı Fo­rumunun açılış mərasimində söylədiyi “Nizami Gəncəvinin müdrikliyi və isteda­dı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür” dahiyanə fikri bu kontekstdə günün bəşəri çağırışlarına məşəl tutmaqla yanaşı, dahi azərbaycan­lının milli mənsubiyyətini təhrif etməyə ça­lışanlara Nizami Gəncəvi cəsarətilə cavab verməyin bariz nümunəsidir.

– Nizami Gəncəvinin, az qala, bütün əsərlərində də onun türk oğlu olduğu açıq-aşkar görsənir...

– Dahi Azərbaycan şairi, mütəfəkkiri Ni­zami Gəncəvinin yaşadığı dövrdən, əsər­lərini qələmə aldığı zamandan bizi 900 ilə yaxın zaman ayırsa da, onun əsərlərində milli mənsubiyyəti ilə bağlı toxunduğu mətləblər bu gün də günəş kimi parlaq, səma kimi aydındır. Ölməz “Xəmsə”sində etnik mənsubiyyəti ilə yanaşı, toxunduğu, izah etdiyi hər bir mətləb, mötəbər misra­lar onun milliyyətini, məkanını, dünyagö­rüşünü təhrif etməyə imkan verməmişdir. Çünki Nizami Gəncəvinin əsərlərində dini və siyasi sərhəd tanımayan bəşəri düçün­cələri məhz onun mənsub olduğu türk so­yunun və məkan qurduğu Azərbaycanın – Gəncənin bu mövzuda dünyaya səslənişi, sədasıdır. 

Azərbaycan şairi Nizami Gəncəviyə həftə həsr etmək kimi etnik, toponimik və milli əsası olmayan mövsümi yanaşma­lar əsassızdır, qərəzlidir. Təsadüfi deyil ki, tarixən İranın obyektiv alimləri də eti­raf edirdilər: “Nizami Gəncəvi fars dilində yazsa da, ondan türk qoxusu gəlir”. Ger­çək və danılmaz həqiqət bundan ibarətdir ki, Azərbaycan xalqının mənəvi sərvəti olan Nizami Gəncəvi irsində ehtiva edilən bütün bəşəri ideyalar bu gün xalqımızın həyat tərzidir. 

Gəncəli dahi təkcə yaşadığı ömür pa­yının deyil, ölümündən sonrakı dövrlərdə də ruhunun, yaşadığı məkanın, şəxsiyyə­tinin, sanki, yol xəritəsini də müəyyənləş­dirmişdir:

 

Mənim gizlinlərimi ki, açıq-aşikar oğurlayırlar,

Onları Buxaraya qədər aparsalar da, Gəncədəndir...

 

Sonuncu məsnəvisi “İsgəndərnamə” poemasının “Şərəfnamə” hissəsində yer alan bu beyt 8 əsr əvvəl yazılsa da, gü­nümüzün cahil və mənəvi korlarına bir sil­lədir. Daha əvvəl qələmə aldığı “Sirlər xə­zinəsi” məsnəvisində də dahi mütəfəkkir uzaqgörənliklə çağımızın problemlərinə, dedi-qodularına dahiyanə münasibət bil­dirmişdir:

 

Mənim Babilim Harutu yandıran Gəncədir,

Mənim Zöhrəm ulduzları işıqlandıran xatirimdir. 

 

– Gəncəyə gəlib Nizaminin məq­bərəsinə getməyən qonaq, ya bir xarici turist görməmişik. Bu müqəddəs mə­kan Nizaminin kimə məxsusluğunun coğrafi möhürüdür.

– Doğrudur. Bu artıq ənənə şəklini alıb. 3 gün qabaq yenə müqəddəs məqbərəyə getmişdim. Orada Çindən, Rusiyadan, İn­giltərədən gələn tələbələr var idi. Bir yer­də şəkil də çəkdirdik. Onlara ulu öndərin belə bir fikrini dedim: “Biz Nizami Gəncəvi irsi ilə bəşəriyyəti qovuşdurmağa tələsi­rik”. Nizami Gəncəvi Beynəlxalq Mərkə­zinin dünyada fəaliyyətinin təməlində də ulu öndərin bu məramı dayanır. Dünyanın bütün xalqlarının nümayəndələri dahi Ni­zami Gəncəvini gəlib öz vətənində, şəhə­rində ziyarət etməklə elə həmin missiya­nı yerinə yetirirlər. Azərbaycan dövləti, Azərbaycan xalqı farslardan fərqli olaraq Nizami Gəncəvi irsinə, yaradıcılığına qısqanclıq və bədxahlıq prizmasından de­yil, qovuşduruculuq, birləşdiricilik konsep­siyası kimi baxır.

 

Söhbəti apardı: 
Hamlet QASIMOV,
“Xalq qəzeti” 

Gəncə

Müsahibə