Gürcüstan: “Molotov kokteylləri”nin işığında demokratiya axtarışı

post-img

Azərbaycan Rusiya və Gürcüstandan fərqli olaraq xaricdən maliyyələşən hüquqi və fiziki şəxsləri kənar təsir agentləri elan etmək təcrübəsinə əl atmadı. Azərbaycan milli sosial-iqtisadi inkişaf prioritetlərinin əsas götürülməsini xarici hüquqi və fiziki şəxslərdən qrant vəsaiti cəlb edilməsini əsas şərti kimi irəli sürərək, müvafiq hüquqi imkanlar yaratdı. Gürcüstan yenə geosiyasi qarşıdurma meydanına çevrilib, gürcü xalqı isə bu böyük meydanın içindəki kiçik Azadlıq meydanında hələ də azadlıq axtarır, azadlığa gedən yol “Molotov kokteyli” ilə işıqlandıraraq tapmaq cəhdləri isə Sizif əməyidir...

Gürcüstanda hər şey dəyişir...

Qısa zaman kəsiyindən sonra Gürcüstanın paytaxtı Tbilisinin qədim küçələri yenidən “Molotov kokteylləri”­nin alovu ilə işıqlandı və şəhərin əsas - Azadlıq meydanında yumruqlar, polis dəyənəkləri havaya qalxdı, gözyaşardıcı qaz yenidən insanları ağlatdı, yenə eti­razçıların şüarlarına döyəclənən polis qalxanlarının zəhmli boğuq səsi cavab verdi. Beləliklə, bitməyən rəngli inqilab tamaşasının növbəti aktını izlədik. 

Bu günlərdə baş verən hadisələr və son 20 ilin hadisələrinin obyektiv anali­zi göstərir ki, reallıqda Gürcüstan xarici idarəetmənin subyektinə çevrilib, fərqi yoxdur idarəetmə Vaşinqton, Brüssel, yoxsa Moskvadan həyata keçirilir. 

Xarici idarəetmə dövlət müstəqilli­yi, suverenlik anlayışlarını Gürcüstan üçün yalnız formal anlayışlara çevirib. 2005-ci ildə Tbilisidə Azadlıq meyda­nında ABŞ prezidenti Corc Buşun çıxı­şı sanki Gürcüstanın güclü beynəlxalq mövqeyinin sarsılmazlığının nümayişi idi. Saakaşvili də həmişəkindən artıq qətiyyətli görünürdü, lakin 8 ildən sonra daha ABŞ və Avropa İttifaqı bayraqla­rına əvvəlki ümidlə baxmırdılar. Gür­cüstan cəmiyyəti ifrat qərbpərəstlərdən yorulmuşdu, ümidlər doğrulmamışdı, Tbilisi müharibədə Moskvaya məğlub olmuşdu. 2013-cü ildən başlayaraq Gürcüstanda Şimal küləyi daha güclü əsir və “Qazprom” şirkətinin keçmiş top menecerlərindən Bdzina İvanişvilinin liderliyində Rusiyaya loyallığı qoruyan qüvvələr iqtidara sahibdirlər. İstər 2013-cü ilə qədər, istərsə də ondan sonra bu günə qədər Gürcüstana bağlı qərarları gürcü xalqı vermir, xarici siyasət ad­dımlarında əvvəl Vaşinqtonun, sonra isə əsasən Moskvanın maraqları əsas götürülüb. Gürcü xalqının bir hissəsi isə, hansı ki, iki-üç ildən bir meydana çıxır, fəal tamaşaçı rolunu oynayır, li­derlər, iqtidarlar, onların himayəçiləri dəyişir, dəyişməyən xarici idarəetmə­dir. Gürcüstan xalqı 2003-cü ildən bəri xarici paytaxtlardan verilən qərarların icraçısına çevrilib. Gürcüstan Vaşinq­ton-Moskva qarşıdurmasının sınaq meydanına çevrilib, gürcü xalqı isə bu böyük meydanın içindəki kiçik Azadlıq meydanında hələ də azadlıq axtarır, azadlığa gedən yol “Molotov kokteyli” ilə işıqlandıraraq tapmaq cəhdləri isə Sizif əməyidir...

“Kənar təsirlər”dən qorunma cəhdi

Gürcüstanda “Xarici təsir agenti” haqqında qanunun qəbulu ətrafında baş verənlər də əslində xarici idarəet­mənin fəsadları kimi dəyərləndirilə bilər. Qaribaşvili hökuməti Şimal təcrübəsin­dən yararlanmağa çalışır, Vaşinqtonda və Brüsseldə isə bunu onların təsirini əhəmiyyətli dərəcədə azaldacaq ad­dım kimi dəyərləndirirlər. Sübut etməyə ehtiyac yoxdur ki, Gürcüstanda Qərb oriyentasiyalı ictimai-siyasi seqmentin hamısı tamamilə ABŞ və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. 

Əks cinahda duranlar isə rusi­yamənşəli milyarder hakim siyasi partiyanın lideri İvanişvilinin maliyyə qaynaqlarından qidalanır. Ölkənin icti­mai-siyasi mühiti kənar təsir və maliy­yələşdirmə ilə formalaşır. Onların gün­dəliyi əslində gürcü xalqının deyil, şərti olaraq desək xarici siyasi investorların gündəliyidir. Gürcüstan xalqında belə bir illüziya yaradılıb ki, azad, demokra­tik mühitdə sərbəst siyasi rəqabət şəra­itində onun hüquqları daha yaxşı qoru­nur, qərarlar geniş müzakirələrlə verilir. Reallıqda isə xarici siyasi sərmayəçilə­rin gündəliyi əsas götürülür. 

Gürcüstanda “Xarici təsir agenti” haqqında qanunun qəbuluna cəhdlər və bununla əlaqədar baş verənlər də göstərdi ki, Gürcüstanda bir qanun belə xarici idarəçilərin razılığı olmadan qəbul edilə bilmir. Bu halda gürcü xalqının su­veren hüquqlarından danışmaq çətindir.

Bu proses Azərbaycan təcrübəsi ilə Gürcüstan təcrübəsini müqayisə etməyə də imkan verir. Azərbaycanda ölkənin ictimai-siyasi mühitinin forma­laşmasına xarici təsirləri aradan qaldır­maq, ölkənin daxili siyasi gündəliyinin milli maraqlar əsasında müəyyən olun­ması məqsədilə tədricən, mərhələlərlə qanunvericiliyin təkmilləşdirilməsi hə­yata keçirildi. 

Azərbaycan ABŞ-dan, Rusiyadan, indiki halda Gürcüstandan fərqli ola­raq xaricdən maliyyələşən hüquqi və fiziki şəxsləri xarici təsir agentləri elan etmək təcrübəsinə əl atmadı. Azərbay­can milli sosial-iqtisadi inkişaf prioritet­lərinin əsas götürülməsini xarici hüquqi və fiziki şəxslərdən qrant vəsaiti cəlb edilməsini əsas şərti kimi irəli sürərək, müvafiq hüquqi imkanlar yaratdı. Mil­li qanunvericilik ölkənin ictimai-siyasi mühitinin formalaşmasına xarici təsir­ləri mümkün edə biləcək hallara qarşı sərtləşdirildi. Eyni zamanda ölkənin ic­timai-siyasi mühitinin formalaşmasına xarici təsirləri istisna edən layihələrin, təşəbbüslərin maliyyələşdirilməsi, yerli QHT-lərin xarici donorlardan vəsait cəlb edə bilməsi imkanları yaradıldı. Onlara fəaliyyətlərin məzmunu imkan verdiyi halda xidmət müqavilələri ilə işləmək imkanı verildi. 

Qanunvericiliyin ölkənin ictimai-si­yasi mühitinin formalaşmasına müm­kün xarici təsirlərə münasibətdə sərt­ləşməsi təbii seçim amilini işə saldı və hazırda ölkəmizlə gerçəkdən milli sosial-iqtisadi inkişaf prioritetlərini əsas götürən donorlar əməkdaşlıq edir. Yerli QHT-lər üçün qrant müsabiqələri məhz bu kontekstdə elan edilir və Azərbay­canla bağlı proqramlarda məhz bu ya­naşma əsas götürülür. 2014-cü ildə bu proses başladı və səkkiz il ərzində baş verənlər, xüsusən Azərbaycanın zəfər çaldığı Vətən müharibəsindən sonrakı proseslər bu addımların milli maraqla­rın, təhlükəsizlik maraqlarının qorun­masına xidmət etdiyini göstərdi.

2021-ci ildə qəbul olunan “Media haqqında” qanunda media subyektlə­rinin təsis edilməsi ilə əlaqədar məhz yuxarıda qeyd edilən yanaşma əsas götürülüb. Media subyektinin təsisçisi fiziki şəxs olduqda, Azərbaycan Res­publikasında daimi yaşayan Azərbay­can Respublikasının vətəndaşı olmalı­dır. Ötən il “Siyasi partiyalar haqqında” qanunun qəbulunda konseptual yanaş­ma əsas götürülüb. 

Azərbaycan təcrübəsi nə deyir? 

Prezident İlham Əliyevin rəhbər­liyi ilə ictimai sektorda, daxili siyasi, informasiya mühitinin formalaşmasın­da xarici təsirlərin aradan qaldırılması istiqamətində atılan siyasi-hüquqi ad­dımlar demokratik əsasları saxlamaqla təhükəsizliyi, milli maraqların effektiv müdafiəsini təmin etməyə imkan verir. Bu siyasi və hüquqi addımlar bir tərəf­dən qeyri-hökumət təşkilatlarının, icti­mai təşkilatların, KİV-in xarici donorlar vasitəsilə Azərbaycan milli sosial-iqtisa­di inkişaf prioritetləri çərçivəsində ma­liyyələşmə imkanlarını saxlayır, digər tərəfdən səmərəli nəzarəti təmin edir. 

Azərbaycan təcrübəsi xaricdən ma­liyyələşən fiziki və hüquqi “xarici agent”, “xarici təsir agenti, xarici təsir altında olan şəxs” kimi damğalamağı deyil, düşünülmüş, vətəndaş cəmiyyəti insti­tutlarının təməl maraqları, missiyası ilə təhlükəsizlik maraqlarının qorunması arasında tarazlığı qoruya bilən sistem yaradıb. Bu sistemin Rusiya, yaxud Gürcüstan təcrübəsindən fərqli olaraq olaraq vətəndaş cəmiyyəti və xarici do­norların da tez bir zamanda yeni şərtlərə uğurla adaptasiyası, kəskin ziddiyyət­lərə gətirib çıxarmaması onu göstərdi ki, bu təşəbbüslər cəmiyyət maraqları­nın qorunmasına yönəlib və cəmiyyət tərəfindən təbii qəbul edilir. Bu sistemin cəmiyyəti təbədüllatlardan qorumaq, ahəngdar inkişafı təmin etmək, həmçinin milli maraqların şərtləndirdiyi vəzifələrin həlli baxımından effektiv və zəruri oldu­ğu Rusiya-Ukrayna müharibəsinin baş­laması ilə bir daha sübut olundu. 

Gürcüstan təcrübəsi göstərir ki, xa­rici idarəetmə ilə ərazi bütövlüyünün bərpasını, ahəngdar inkişafı təmin et­mək qeyri-mümkündür. Gürcüstan bir dəfə məhz bunu təcrübədən çıxardı və 2008-ci ildə ağır məğlub oldu. Hazırda Tbilisidə Azadlıq meydanında məhz bu məğlubiyyətin əks-sədası da aydın eşi­dilir. Gerçək azadlığa çıxan yolu “Molo­tov kokteylləri”nin işığında yox, gerçək siyasi liderlərin iş otaqlarındakı masa lampalarının işığında axtarmaq daha müdrik seçimdir...

 

Zaur İBRAHİMOV,
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

Siyasət