Hər il 6 milyon insanda qəfil ürək dayanması baş verir

post-img

Hər dəfə qəfil ölüm səbəbindən həyatını dəyişən olanda ürəyimizlə bağlı problemə, hətta onun hər vurğusunun yerdəyişməsinə belə diqqət etməli olduğumuz yadımıza düşür. Amma nədənsə vaxt azlığını, iş-gücdən macal olmadığını bəhanə edib həkimə getməyi, müayinə olunmağı və dərdimizə çarə etməyi arxa plana atırıq. Onda ayılırıq ki, artıq gecdir: ya əməliyyat, ya da həyata vida! 

Bakı Baş Səhiyyə Mərkəzinin mə­lumatına görə, ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-da­mar xəstəlikləri üstünlük təşkil edir. Təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-da­mar xəstəlikləri səbəbindən baş verib. Elmi-Tədqiqat Kardiologiya İnstitutu­nun ürəyin işemik xəstəliklər şöbəsi­nin müdiri, tibb üzrə fəlsəfə doktoru Mədinə Əzimovadan qəfil ölüm səbə­bilə bağlı mini-müsahibə aldıq. Qeyd edək ki, hər ürək dayanması ölümlə nəticələnmir. Öncə qəfil ürək dayanma­sına hansı faktorların səbəb olduğunu soruşduq. Kardioloq bildirdi: 

– Ürəyin dayanması o deməkdir ki, ürək fəaliyyəti qəfil durur və klinik ölüm baş verir. Bu zaman xəstənin huşu itir, iri arte­riyalarda nəbz vurmur, küylü nadir tənəf­füs, dərinin göyərməsi, bəbəklərin geniş­lənməsi baş verir. Belə hal irsən kardioloji patologiyaları, ürək-damar problemi olan insanlarda hər an baş verə bilər. Diabet, təzyiq, böyrək çatışmazlığı olan xəstələr risk qrupuna aiddir. Qəfil ürək dayanması infarkt deyil. Ürəyi zəif insan qəfildən çox fiziki yüklənəndə, intensiv idmanla məşğul olan zaman ürəyi dayana bilər. Ürək ölü­mü dərman, spirtli içki, psixotrop maddə qəbulundan da baş verə bilir. 

– Ürək xəstəlikləri 20–30 il əvvələ nisbətən cavanlaşıb, elədirmi? 

– Hazırda elm və texnikanın inkişa­fı ilə paralel ürək xəstəlikləri də artıb və gəncləşib. Bu xəstəlikdə ən önəmli risk amili yaşdır. Yaş artdıqca, ürək-damar xəstəliklərinə məruz qalma riski də çoxa­lır. Müasir dövrdə iş şəraiti, oturaq həyat tərzinə meyillilik, normadan çox qida qə­bulu, piylənmə, stress, siqaret çəkmək, havanın çirklənməsi xəstəliklərin yaranma riskini artırır. Deyə bilərəm ki, yalnız Azər­baycanda yox, dünyada ürək xəstəlikləri cavanlaşıb. Ürəyin işemik xəstəliyi olan insanlar 80 faiz hallarda ürək dayanma­sından ölür. İşemik xəstəliyin nə vaxt baş­layacağı isə yaşa baxmır. Bu, 30 yaşdan sonra da ola bilər, 40 yaş ötəndən son­ra da. Ona görə də hər kəsin ildə 2 dəfə ürək-damar sistemi yoxlanmalıdır.

Qəfil ürək ölümü problemi həm tibbi-sosial əhəmiyyətinə, həm də dramatik xa­rakterinə görə, uzun illərdir ki, səhiyyənin aktual problemlərindən biri olaraq qalır. Belə ölüm kliniki simptomlar başlayandan bir saat ərzində, qan dövranının dayan­masının qəfil inkişaf etməsi başa düşülür. Bu nəticə həkimlər üçün də gözlənilməz olur. Çünki hücum ərəfəsində xəstənin və­ziyyəti stabil olur. Bəzi insanlarda ani ürək ölümü, çox vaxt xəstəliyin ilk və son təza­hürü olur. Səbəb odur ki, qəfil ürək ölümü əksər hallarda aritmik ölümdür. Bu zaman ilk 5–6 dəqiqədə tibbi yardım göstərilmə­lidir. Çünki çox vaxt belə ölüm tibb müəs­sisəsindən kənarda baş verir. 

– Qəfil ölümlərin qarşısının alınma­sı üçün hər hansı tədbirlər görülürmü? 

– Avropa Kardiologiya Cəmiyyətinin mədəcik aritmiyası olan xəstələrin idarə edilməsi və qəfil ürək ölümünün qarşı­sının alınması üçün təşkil etdiyi təlimlər yenilənib. Ürək dayanması olan xəstələ­rin sağ qalmalarına yardım məqsədilə məktəblərdə və əhali arasında ilk tibbi yardım və reanimasiya bacarıqlarının öy­rədilməsi tövsiyə olunur. Dünyada hər il 6 milyon insanda qəfil ürək dayanması baş verir. Bunlardan 10 faizdən azı sağ qalır. Sənəddə vurğulanır ki, hər kəs, o cümlə­dən məktəblilər ürək-ağciyər reanimasiya­sı həyata keçirə bilməli və avtomatik xarici deflibrilatordan istifadə etməyi öyrənmə­lidir. Bu hərəkətlər ekspertlərin fikrincə, sağ qalmağa kömək edə bilər. Qəfil ürək ölümlərinin 75–80 faizinin səbəbi koronar ürək xəstəliyidir. 

– Həkim tövsiyəsinə hər zaman eh­tiyac var...

– Qəfil ürək ölümü riskini azaltmaq üçün sağlam həyat tərzi keçirməyi, pəhriz saxlamağı, siqaretdən imtina, çəkiyə nə­zarət və aktiv həyat tərzinə riayət etmə­yi, həmçinin stress səviyyəsini azaltmağı tövsiyə edirəm. Onu da qeyd edim ki, kəskin koronar sindromu olan xəstələrdə revaskulyarizasiya (şuntlama) ilə mədəcik aritmiyasının və ani ürək ölümü ehtimalı azaldıla bilər. Bu, miokardın qan tədarü­künü normallaşdıraraq, ürək fəaliyyətini saxlamağa imkan verir. Kişilər qadınlara nisbətən daha çox ürək dayanması riski daşıyır. Həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələr­dən keçməyə çağırıram.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Müsahibə