“Xocalıda baş verənlər insanlığa qarşı cinayətdir”

post-img

Ankaradakı nüfuzlu düşüncə məbədi olan Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) ən çox önəm verdiyi obyekt Qafqazdır. Qurum xüsusilə Ermənistanın regionda yaratdığı münaqişələrin səbəb və nəticələrini təhlil edir. Müsahibimiz AVİM-in direktoru, səfir Alev Kılıçdır.

– Cənab səfir, Azərbaycanın Qa­rabağ iqtisadi rayonunda yaşayan ermənilər ölkənin digər vətəndaşları ilə eyni hüquqlara malikdirlər. 1988-ci ildə Ermənistandan zorla qovulmuş Qərbi azərbaycanlılar da öz vətənlə­rinə qayıtmaq, öz ata-baba yurdların­da yaşamaq hüquqlarını bərpa etmək istəyirlər. Bu məsələ haqqında sizin mövqeyinizi bilmək istərdik.

– Erməni siyasətçiləri və separatçı rejimi müdafiə edənlər beynəlxalq icti­mai rəyə qarşı təbliğat aparırlar ki, Azər­baycan ancaq torpaqlara yiyələnməkdə maraqlıdır, ermənilərin o torpaqlarda yaşamasını istəmir. Lakin bu iddialar tə­bii olaraq indiki Ermənistanda, İrəvanda, Zəngəzurda yaşayan Azərbaycan türklə­rini yada salır. Bu gün o ərazidə türkün qalmadığını görürük. Təbii ki, buradan belə qənaətə gəlmək olar ki, Ermənistan özü yalnız torpağı qəsb etməklə maraq­lanır və həmin yurd yerlərinin əzəli sahibi olan türklərin orada yaşamasını istəmir. 

“Türksüz Ermənistan” siyasəti, Qər­bi azərbaycanlıların ən son 1988–89-cu illərdə öz torpaqlarından zorla çıxarıl­ması bunun ən bariz nümunəsidir. Ona görə də regionun tarixinə nəzər saldıqda, açıqlanmayan çoxlu məsələlərin olduğu və beynəlxalq ictimaiyyətin bu məsələləri o qədər də yaxşı bilmədiyi görünür. Bu baxımdan Prezident İlham Əliyevin açıq­lamaları beynəlxalq ictimaiyyətə medalın digər üzünün olduğunu göstərir. Azərbay­can işğal altında olan torpaqlarını azad etməklə tarixi ədalət bərpa olundu. Mən inanıram ki, Qərbi azərbaycanlılar da öz ata-baba torpaqlarına nəinki geri qayıda­caq, bu illər ərzində onlara vurulan mad­di-mənəvi zərərin də haqqını Ermənistan dövlətindən geri alacaqlar. 

– Biz Türkiyə mətbuatını araşdı­rarkən 26 fevral 1992-ci il Xocalı qət­liamının o dönəm KİV-də kifayət qədər işıqlandırılmasına rast gəlmədik. Siz­cə, bunun səbəbi nə ola bilər? 

– Əslində, Türkiyə bu prosesləri yaxından izləyib. Sovet İttifaqı dağılarkən Ermənistanın dəstəklədiyi separatçı si­lahlı birləşmələrin Qarabağda Azərbay­can türklərinə qarşı həyata keçirdikləri qırğınlar hər zaman Türkiyəni yaxından maraqlandırıb. Ancaq o dövrdə Sovet İttifaqının parçalanması prosesi ilə bağlı informasiya axınında müəyyən fasilələr yaranmışdı. Bölgədən daha müfəssəl xə­bərlər və fotolar gələndən sonra Türkiyə ictimaiyyəti Xocalı hadisələrinin ağırlığın­dan, mahiyyətindən xəbər tutdu.

Xocalı qətliamı mətbuat və media orqanlarının işıqlandırılması ilə dünyanın gözü qarşısında baş verən faciə kimi ta­rixə düşdü. Azərbaycan türklərinin Qərbi Azərbaycanda, Zəngəzurda, Qarabağ­da, Xocalıda, Ağdamda yaşadıqları bü­tün faciələr Türkiyə və Azərbaycan xalq­larının ortaq ağrısı kimi yaddaşlara həkk olundu. 

– Xocalı soyqırımı, Qarabağ möv­zusu sizin qurumun tədqiqat obyekti­dirmi?

– Yalnız Xocalı və Qarabağla bağ­lı deyil, Zəngəzur məsələsi, Birinci və İkinci Qarabağ müharibəsi, savaşdan sonrakı proseslər üzrə analizlər aparırıq. Ümumiyyətlə, AVİM-in tədqiqat apardığı sahələr arasında Qafqaz regionuna xü­susi diqqət ayrılıb. Bu coğrafiya ilə bağ­lı elmi məqalələr dərc olunur. Bundan əlavə, AVİM-in nəzdində Ermənistan üzrə araşdırmalar var, “Erməni araşdır­maları icmalı” (Review of Armenian Stu­dies), “Beynəlxalq Cinayətlər və Tarix” (International Crimes and History) aka­demik jurnallarımız da nəşr olunur. Hə­min nəşrlərdə bu sahələr üzrə ekspertlə­rin təhlilləri, məqalələri yer alır. 

– Qarabağ iqtisadi rayonunda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidə Azərbaycanın təbii sərvətlərindən qeyri-qanuni is­tifadə olunur. Bunun qarşısının alın­ması üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Aze­riGold” şirkətinin ekspertləri araş­dırmalar aparmalıdırlar. Buna imkan verilmədiyi üçün azərbaycanlı fəallar 2022-ci il dekabrın 11-dən Laçın dəh­lizində etiraz aksiyası keçirirlər. AVİM rəhbəri kimi, bu məsələlər haqqında fikirləriniz maraqlıdır... 

– Ermənistanın 30 ildir regionda da­vam etdirdiyi işğal Azərbaycanın iqtisadi və təbii sərvətlərinin böyük bir hissəsin­dən yararlana bilməməsinə, Ermənis­tanın isə haqsız qazanc əldə etməsinə səbəb olub. Qarabağda və onun ətrafın­da yerləşən qızıl və mis mədənləri illərlə erməni separatçıları tərəfindən istismar edilib. Bu o deməkdir ki, Azərbaycan üçün ciddi iqtisadi resurslar istifadə olu­na bilməz. Digər tərəfdən, bu vəziyyətin başqa təsiri də var. Erməni separatçıları bu resurslardan istifadə etməklə nəinki qazanc əldə edirdilər, həm də işğallarını davam etdirmək üçün maliyyə imkanları qazanırdılar. Ona görə də bu mədənlərin istismarında şərik olan Qərb şirkətləri do­layısı ilə Azərbaycan torpaqlarında işğa­lın maliyyələşdirilməsinə kömək edirlər.

Digər tərəfdən, illərdir yerüstü və ye­raltı su ehtiyatlarının çirklənməsi ilə bağlı Azərbaycanın çox ciddi narahatlıqları var. Çünki Azərbaycanın istifadə etdiyi suyun əhəmiyyətli bir hissəsi Zəngəzur bölgə­sindən keçərək Azərbaycana çatır. Bun­dan əlavə, Azərbaycan tərəfi peyk görün­tülərinə əsaslanaraq, mis mədənlərinin fəaliyyətinin təbii həyata və meşələrə böyük ziyan vura biləcəyini bildirir. 

Məlum olduğu kimi, suverenlik hüququ dövlətin ərazisini və onun sa­kinlərini əhatə edən ən fundamental fak­tordur. Öz ölkəsinin hüdudları daxilində həyata keçirilən bütün fəaliyyətlər barədə məlumatlar alması Azərbaycanın suve­ren haqqıdır. Ancaq bu məqamda Azər­baycan tərəfin müxtəlif maneələrlə qarşı­laşdığını görürük. Təbii ki, belə bir maneə də ictimaiyyətdə haqlı olaraq reaksiyalar yaradır və etirazlara səbəb olur.

– Sizcə Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq hüquq çərçivəsində öz həllini tapması üçün Azərbaycan – Türkiyə müttəfiqli­yi hansı rol oynaya bilər? 

– Qarabağda baş verənlər tarixən də, bu gün də erməni separatçılarının təkba­şına təşkil edə biləcəyi hadisə deyil. Əs­lində, separatçıların, xüsusən də Ermə­nistan dövlətindən fərqli dəstək alması, beynəlxalq ictimaiyyətin baş verənlərə səssiz qalması hamıya məlumdur. Er­mənistan illərdir məsuliyyəti öz üzərinə götürməkdən yayınsa da, 2020-ci ildə Qarabağ işğaldan azad edildikdən son­ra imzalanan müqavilə bu ölkənin mü­naqişənin birbaşa tərəfi olduğunu etiraf etməsi deməkdir.

Xocalıda baş verənlər tarixə qara ləkə kimi düşüb və insanlığa qarşı ci­nayətdir. Bu, Türkiyə ilə Azərbaycanın ortaq ağrısıdır. Türkiyə Azərbaycanın bu məsələlərdə haqqını sübut edəcək və ədalətin təmin olunmasına xidmət edə­cək hər addımda həmişə olduğu kimi, yenə də qardaş ölkənin yanında olmağa davam edəcək. Ümid edirəm ki, Ermənis­tanın, bütövlükdə, Azərbaycan dövlətinə vurduğu ziyan – xüsusən Xocalı soyqı­rımı, Qarabağ məcburi köçkünlərinin po­zulmuş haqları beynəlxalq hüquq çərçi­vəsində öz həllini tapacaq. 

 

M.SULTANOVA,

Ankara



Müsahibə