Bakıdan dünyaya verilən vacib mesajlar

post-img

Beynəlxalq arenada nüfuzu günü-gündən artan, qlobal problemlərin həllində aktiv rol oynayan Azərbaycan növbəti dəfə mötəbər tədbirə evsahibliyi edir. Martın 9-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Forumun önəmini çatdırmaq üçün onun iştirakçılarının siyahısını nəzər­dən keçirmək mühüm əhəmiyyət kəsb edir. Ötən illərdə olduğu kimi, bu dəfə də Qlobal Bakı Forumuna bir sıra ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatla­rın nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-a yaxın nümayəndə iştirak edir. İştirakçıla­rın sayı ilə yanaşı, onların təmsil etdikləri coğrafiyanın müxtəlifliyi forumun miqya­sından xəbər verir.

 

Qlobal Bakı Forumunun iştirakçı­larının təmsilçilik səviyyəsi və intel­lektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin, bü­tün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirak­çı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş na­zir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq.

Prezident İlham Əliyevin X Qlobal Bakı Forumundakı çıxışından

 

Tədbirin müzakirə mövzularını nəzər­dən keçirmək də onun önəmini vurğula­maq baxımından vacibdir. Bununla bağlı yayılan məlumatda bildirilir ki, martın 11-dək davam edən forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cüm­lədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bö­lünmüş dünyada dayanıqlılığın qurulma­sına, onun qlobal sülhə təsirinə nəzər salınır, qarşıda duran çağırışların həlli yol­ları müzakirə olunur. Toplantıda dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükə­sizliyi məsələlərinə toxunulur, postpan­demiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böh­ranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər də əsas müzakirə mövzuların­dandır. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşür, populizmin və ekstremizmin mənbəyini araşdırır, ona qarşı səmərəli mübarizə yollarını müəy­yənləşdirirlər.

ÜST-ün müraciəti

Martın 10-da işini panel iclaslarla da­vam etdirən foruma videomüraciətində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus koronavirus pandemiyasından sonra həyatın bərpa mərhələsində olduğu­nu deyib: “Son dövrlərdə ÜST-nin əsas məqsədi gələcək pandemiyalara daha da hazırlıqlı olmaqdır. COVID-19 bir daha göstərdi ki, sağlamlıq hər şeydən daha vacibdir. Biz bütün ölkələri təşviqi, təmi­natı, qorunmanı, səlahiyyətlənməni və icra (5P) planını nəzərə almağa çağırırıq. Səhiyyə sisteminin səviyyəsini artırmaq üçün ölkələr təchiz olunmalıdır”.

Yeni qlobal səhiyyə sistemi yaradılır

BMT-nin UNAIDS Proqramının icra­çı direktoru Vinni Byanyima “Yeni qlobal səhiyyənin qurulma strukturu Sağlamlı­ğın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliy­yət” mövzusunda keçirilən panel iclasda çıxışı zamanı sentyabrda dünya ölkələri hökumətlərinin BMT-də görüşəcəklərini bəyan edib. O qeyd edib ki, görüş zama­nı qlobal səhiyyə sisteminin yaradılması məsələsi müzakirə olunacaq.

“Forum aktual qlobal problemlərin müzakirəsinə kömək edir”

“Bakı Forumu aktual qlobal problem­lərin müzakirəsinə kömək edir. Sülh və barışıqla bağlı ismarıca görə minnətda­ram”. Bunu Böyük Britaniyanın sabiq Baş naziri Qordon Braun forumda çıxışı zama­nı deyib.

Onun sözlərinə görə, COVID-19-a qarşı peyvəndin mövcud olmasına bax­mayaraq, bəzi ölkələrdə buna hər 4 nəfər­dən yalnız 1-nin çıxışı var: “Biz peyvənd etməsək və hər kəsə bərabər səviyyədə qayğı göstərməsək, bu, vicdanımızda ləkə kimi qalacaq. Odur ki, bu istiqamətdə maliyyələşməni təmin etmək üçün daha yaxşı yollar tapmalıyıq. Bu, növbəti çağı­rışlara hazırlaşmaq üçün yeganə düzgün yanaşmadır”.

Q.Braun vurğulayıb ki, dünya Rusiya–Ukrayna müharibəsindən sonra enerji resurslarının çatışmazlığı və ərzaq təh­lükəsizliyi problemi ilə üzləşib: “Ölkələr səhiyyəyə deyil, borcun ödənilməsinə daha çox pul xərcləyir. Amma pandemi­yanın nəticələri ilə mübarizə aparmaq lazımdır”.

Onu da qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dün­ya ictimaiyyətini məlumatlandıran mühüm mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Forumda müzakirə olunan mövzular, qoyulan məsələlər, onların həlli bu gün təkcə Azərbaycan və region üçün deyil, bütün dünya üçün aktualdır. Birmənalı olaraq demək mümkündür ki, forum qlo­bal çağırışların həllinə öz töhfəsini verə­cək, Bakıdan verilən mesajlar dünyada aydın eşidiləcək. Forum planetimizdə sülh və sabitliyin, təhlükəsizliyin, əmin-amanlı­ğın qorunub saxlanılması istiqamətində vacib platforma kimi bundan sonra da öz sözünü deyəcək, orada səslənən fikirlərin zəruriliyi hamı tərəfindən dərk ediləcək.

 

İlyas HÜSEYNOV, 
siyasi şərhçi:

– Qlobal Bakı Forumu çox gözəl bir ənənə formalaşdırıb və regionda, eləcə də dünyada gedən mühüm geosiya­si proseslərin müzakirə platformasına çevrilib. Prezident İlham Əliyev forum­da ənənəvi olaraq çıxış edir, mühüm mesajlar verir, həmçinin müxtəlif pa­nel sessiyalarında müasir beynəlxalq münasibətlər sisteminin bu gün dün­yada trendlərə çevrilmiş problemləri müzakirə olunur. Xüsusilə, ən önəmli məsələlər ərzaq təhlükəsizliyi, dünya ölkələrinin təhlükəsizlik seqmentinin müdafiəsi, eləcə də sülh və sabitliyin dayanıqlığının daha da artırılması is­tiqamətində təklif və tövsiyələrin dinlə­nilməsidir. Heç şübhəsiz ki, irəli sürülən təşəbbüslər hər zaman diqqətə alınır və gələcək siyasi əməkdaşlıq formatlarının qurulmasında istifadə olunur.

Azərbaycan bu gün təkcə regional miqyasda yox, bütün dünyada təhlükə­sizlik arxitekturasının gücləndirilməsinə öz töhfəsini verir. Təkcə Bakıya təşrif buyuran dövlət və hökumət başçıları­nın, qonaqların siyahısına baxdıqda biz buna əmin oluruq. Artıq Nizami Gən­cəvi Beynəlxalq Mərkəzi də dünyada institutlaşmış düşüncə, fikir və intel­lekt mərkəzi kimi mühüm platformadır. Mərkəz dünyada nüfuzu olan şəxsləri bir məkanda toplayır və bu, ənənəvi olaraq, hər il Qlobal Bakı Forumu adını alıb. Düşünürəm ki, forumun çox yaxşı siyasi nəticələri olacaq. Çünki bu gün dünyada mühüm transformasiyalar, dünya nizamının dəyişdirilməsi, müxtə­lif problemlər, kataklizmlər müşahidə olunur. Dünya bu gün iqlim dəyişikliklə­rindən tutmuş lokal münaqişələrə qədər müxtəlif təhdidlərlə üz-üzədir. Biz Ru­siya–Ukrayna müharibəsi kontekstində nüvə müharibəsi riskinin də getdikcə artmasını müşahidə edirik. Bunun üçün planetimizin sabitliyinin gücləndirilməsi, dünya xalqlarının rifahının və təhlükə­sizliyinin daha da möhkəmləndirilməsi ən aktual məsələlərdən hesab olunur.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət