Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə əlaqədar “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib.
Məclisi giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Daşqın Rəhimov açaraq konfransın işində uğurlar arzulayıb.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov çıxışında Naxçıvanda vəkilliklə bağlı mövcud çatışmazlıqlara, nöqsanlara, problemlərə toxunub, onun həlli yolları ilə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə gələcək fəaliyyət prinsiplərindən söhbət açıb. Sədr konfransın Azərbaycanın vəkillik tarixi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək Naxçıvanda vəkilliyin daha da inkişaf etməsinə, güclənməsinə çalışacaqlarını vurğulayıb.
Qeyd edilib ki, Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin rəhbərliyi ilə bu sahədə aparılan islahatlar, qəbul edilən qanunlar vəkillik peşəsinin inkişafı üçün atılan çox önəmli addımlar idi.
Konfransda Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin müavini Əsgər Novruzov, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini Sənan Paşayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış ediblər.
Sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 illik fəaliyyəti barədə hesabat filmi nümayiş olunub.
Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”

