50-dən çox şəhidin rəsmini çəkən tələbə

post-img

Bakı Slavyan Universitetinin filologiya və xarici dil müəllimliyi fakültəsinin fransız dili müəllimliyi ixtisasının 2-ci kurs tələbəsi Səadət Əlizadə indiyədək 50-dən çox şəhidin rəsmini çəkib. Rəsmlər hazır olduqdan sonra Bakı Slavyan Universitetində şəhid ailələri ilə görüş təşkil edilib və tədbirin sonunda rəsmlər şəhidin ailə üzvlərinə təqdim olunub.  

Bugün Bakı Slavyan Universitetində şəhid mayor Vüsal Vəliyevin ailə üzvləri ilə görüş keçirilib. Görüşdə universitetin rəhbərliyi, müəllim və tələbə kollektivi, İnkişaf və İslahatlara Dəstək İB-nin sədri Ramil Əliyev və şəhid mayor Vüsal Vəliyevin qardaşı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev (Elyar İslamoğlu) iştirak ediblər.

Tədbirdə fəlsəfə üzrə fəlsəfə doktoru Yaşar Əhmədov çıxış edərək, XX əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etməsi və ölkəmizə qarşı hərbi təcavüzə başlamasından, etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsindən, 44 gün ərzində qəhrəmanlıq göstərən əsgər və zabitlərdən, eləcə də 9 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan mayor Vüsal Vəliyevdən danışıb.

Daha sonra söz şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyevə verilib. Vüsal Vəliyevin həyatı və döyüş yolundan danışan şəhid qardaşı görüş üçün BSU-nin rəhbərliyinə, müəllim və tələbə kollektivinə, Yaşar Əhmədov təşəkkür edib, onlara şəhid anası Mədinə xanımın salamlarını çatdırıb. 

Tədbirin sonunda Səadət Əlizadə rəsmi şəhidin qardaşına təqdim edib.

Xatırladım ki, şəhid mayor Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Naxçıvan MR Şərur rayonunun Dizə kəndində anadan olub. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağda xidmət edib, “mayor” hərbi rütbəsinəcən yüksəlib. Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olub. Murovdağdan başlanan döyüş yolu Şuşanın azadlığınadək davam edib. Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixdə Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub. Mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamıyla “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Qeyd edək ki, Mayor Vüsal Vəliyev nişanlı olub.

Qeyd edək ki, Bakı Slavyan Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Yaşar Əhmədov tələbəsi Səadətin çəkdiyi rəsmlərin şəhid ailələrinə çatdırılmasında, ailələrlə görüşün təşkil edilməsində böyük rol oynayıb.  

Anar ƏLİ,
“Xalq qəzeti”





Mədəniyyət