Özbəkistanda 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

post-img

Özbəkistanda 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Tədbirdə Özbəkitan baş nazirinin müavini Cəmşid Xocayev, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, dövlət və hökumət nümayəndələri, çoxsaylı səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər. 

Tədbirdə «Azad və çiçəklənən Azərbaycan» adlı foto sərgi təqdim olunub. Sərgidə müstəqil Azərbaycanın nailiyyətləri, Ulu Öndər Heydər Əliyev və ölkəmizin turizm imkanlarına dair fotoşəkillər yer alıb. 

 Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun qısa müddətdə gördüyü işlərdən danışıb. O,  bildirib ki, çətin ictimai-siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Avropa və Amerikanın 20-dən çox dövləti ilə diplomatik münasibətlər qurub, qısa zamanda xalqımızın tarixində silinməz iz buraxıb. Səfir Cümhuriyyət dövründə Azərbaycanın bayrağı, himninin qəbul edildiyini, ilk parlament və hökumət, dövlət aparatının təşkil edildiyini və  Azərbaycan dilinin dövlət dili elan olunduğunu qeyd edib.

Hüseyn Quliyev 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünü  1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdiyini söyləyib. O, müstəqil Azərbaycanın qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələrdən danışıb. Diplomat Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində ölkəmiz öz müstəqilliyini qoruyub saxladığını və inkişaf etdirdiyini bildirib.

Səfir Heydər Əliyev siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatların öz uğurlu nəticəsini verdiyini və 44 günlük Vətən müharibəsində qazandığımız zəfərlə Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının şanlı Ordumuz tərəfindən azad edildiyini bildirib. O, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu fəxrlə qeyd edərək, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı göstərdiyi dəstəyə görə Özbəkistan rəhbərliyinə təşəkkürünü bildirib.

Fuad Muradov Özbəkistanın Azərbaycan üçün dost-qardaş ölkə kimi xarakterizə edərək, regionda və beynəlxalq arenada daim dövlətlərimizin bir-birini yaxından dəstəklədiyini vurğulayıb. O, ölkə başçılarımızın səyləri nəticəsində dövlətlərimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib. 

F. Muradov Özbəkistanda qırx mindən çox soydaşımızın yaşadığını bildirib,  soydaşlarımızın ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etdiklərini vurğulayıb. 

Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblının üzvləri rəqslərimizi ifa etmiş, Özbəkistanın Xalq artisti Fərrux Zakirov Azərbaycan və özbək dillərində mahnılar səsləndirib.

Sonra qonaqlara ziyafət verilib, Azərbaycan milli mətbəxinin təamları təqdim olunub.

Qulu Kəngərli 

Daşkənd













Mədəniyyət