Tarixi mənbələrdə Keşlə adına XVII əsrdə rast gəlinir. Keçmişdə Keşləqışlaq olmuş oykonim türk mənşəli keşli/keşlə tayfasının adını əks etdirir. XVIII əsrə aid sənəddə keşlilərin və qaramanlı tayfalarının Qazax, Ələsli və Borçalı yaylaqlarından istifadə hüququ haqqında məlumat verilir. Bəzən tarixçilər keşlə sözünü “düzən”, “geniş vadi” kimi izah edilir. Professor Vəli Həbiboğlu Məcidov “Keşlə və keşləlilər” kitabında bu barədə ətraflı məlumat verib. Təqdiqatçının fikrincə, kəndin əsl adı Qışla olub, zaman keçdikcə Keşlə adını alıb.
Bu kənd Bakı xanları ilə sıx bağlı olub. Xanların atları, qaramal və qoyun sürüləri bu qışlada saxlanılarmış. Xan öz ilxısını yoxlamaq üçün Keşləyə gəlirmiş. O vaxtdan xalq içərisində belə bir zərb-məsəl yaranıb. Birini bir yerə tələsən və qaçan gördükdə deyərmişlər: Hara tələsirsən, Keşləyə xan gəlir, nədir?
Bakının Nizami rayonunda yerləşən Keşlə qəsəbə kimi 1936-cı ildə yaranıb, 1939-cu ildən əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi formalaşıb. Duzlu nəfəsli Keşlənin ruhu hələ də XVII əsrin tozlu cığırlarında gəzən bir yaddaş, həm tarixini, həm də əfsanələrini qoruyub saxlayan qədim məkanıdır. Qəsəbə həm tarixi irsi, həm də sənaye və biznes mərkəzi kimi tanınıb.
Keşlə qəsəbəsinin tarixi abidələri qədim Abşeron memarlıq məktəbinin incilərindən hesab olunur. Qəsəbə hələ orta əsrlərdən bəri mühüm yaşayış məskəni olduğu üçün burada dövlət tərəfindən qorunan bir neçə əhəmiyyətli tikili var.
Qəsəbədə ucalan Şah Abbas məscidinin qədim daşları, sadəcə divar deyil, o daşlarda minlərlə insanın duası, Şirvan-Abşeron memarlığının səmimiyyəti və tarixin ağır addım səsləri var. Bir neçə il öncə qəsəbə sakinlərinin Şah Abbas məscidinin uzun müddət təmirsiz qalması və minarənin olmaması ilə bağlı Prezident İlham Əliyevə müraciəti müsbət qarşılanıb. Müraciətlə əlaqədar dövlət başçısının tapşırığına əsasən qısa müddət ərzində məscidin əsaslı təmiri və bərpası, yeni minarənin tikintisi layihəyə uyğun olaraq Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən müayinəsi aparılaraq, mühəndis-müayinəsi və texniki vəziyyəti haqqında rəy verilib.
Rəyə uyğun olaraq konstruksiya layihəsi hazırlanıb, bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldırılması məqsədilə ineksiya işləri aparılıb. Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub saxlanılmasına xüsusi diqqət yetirilib, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasad, üzlük daşları bərpa olunub və yenilənib. Daxildə sonradan görülmüş suvaq işləri sökülüb, məscidin tikintisi zamanı istifadə olunan daxili üzlük daşları bərpa olunaraq tarixi görünüşünə qaytarılıb. Məscidin günbəz örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub, binanın memarlıq üslubuna uyğun olaraq hündürlüyü 20 metr olan yeni minarə inşa edilib.
Məscid xaricdən hər tərəfi 12 metr uzunluğu olan kvadrat formasına malikdir. Məscidin planı Abşeron məscidləri üçün xarakterik olan sxemi təkrarlayır: binanın mərkəzində günbəzlə örtülmüş əsas zal yerləşdirilib, onun dörd tərəfində isə zala bitişən tağ-tavan örtüklü kiçik otaqlar tikilib. Həmin kiçik otaqlar planın kvadrat xarakteri almasını təmin edir.
Həmçinin məscid Mərdəkandakı Tuba Şahi məscidinin (1481) planı ilə oxşarlıq təşkil edir. Hər iki binanın planında əsas fərq məscidlərin girişinin təşkilindədir. Tuba Şahi məscidinə giriş önə çıxarılaraq qabarıq həcm şəklində həll edilib. Keşlə məscidinin girişi isə binanın həcmi daxilində həllini tapıb.
Şah Abbas Məscidi əsrlər boyu bölgənin ruhani mərkəzi olduğu üçün, burada bir çox nüfuzlu din xadimləri yetişib. Onlar Keşlənin mənəvi sütunları hesab olunub. Məscid bu gün də qəsəbənin ən məşhur abidəsi hesab olunur. Tikinti zamanı divarların möhkəm olması üçün çiy yumurtadan istifadə edildiyi də bildirilir.
İnanclara görə, Keşlə qalasının qalıqları burada qədim müdafiə sisteminin olduğunu sübut edir. Yerli əfsanələr və bəzi tarixi ehtimallar qəsəbədən Bakı xanlarının iqamətgahına və Şirvanşahlar sarayına gizli yeraltı yolların uzandığını iddia edir.
Qəsəbənin köhnə hissəsində XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid, özünəməxsus fasad naxışları olan daş evlər qəsəbənin tarixi simasını tamamlayır. Qədim hamam da XVII əsrə aid olub. Şirvan-Abşeron memarlıq üslubunu əks etdirən bu qədim tikili də qəsəbənin tarixi irsinin bir hissəsini təşkil edib.
Qəsəbənin tanınmış adamları da az deyil. Mesenat, milyonçu Ağabala Quliyev, şair Bədri Seyidzadə, yazıçı Xanımana Əlibəyli, şərqşünas alim, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycanda müasir ərəbşünaslığın banisi, alman və ərəb dilləri üzrə mütəxəssis, Nürnberq prosesində tərcüməçi Ələsgər Məmmədov məhz bu qədim qəsəbənin yetirmələridir.
65 ildir Keşlə qəsəbəsində yaşayan Ağami Abbasov qeyd edir ki, rayonun yeganə qəsəbəsi olduğundan RİH başçıları tərəfindən hər zaman diqqətdə saxlanılıb. Qədim yaşayış massivlərindən biri olan qəsəbədə mövcud problemlərə rayon rəhbərliyi dərhal reaksiya verir və tez bir zamanda həllini tapır. Elə mütəmadi keçirilən görüşlər də problemlərin həllində, sakinlərin arzu-istəklərinin reallaşmasında mühüm rol oynayır.Vaxtilə qatarların relslər üzərindəki ritmik səsi insanların gündəlik həyatının bir-birinə qarışdığı bir “açıq hava teatrı” idi. Qatar pəncərəsindən görünən süfrələr, uşaq gülüşləri və qatarların arasından keçən ömürlər Keşləni Bakının ən qaynar nöqtəsinə çevirmişdi. Dünyanın heç yerində qatarlar evlərin içindən Keşlədəki kimi keçmirdi. “Şanxay” kimi tanıdığımız həmin ərazidə şahidi olurduq ki, qatar gələndə həyətdə sərilən paltarları yığılar, uşaqları relslərin üstündən çəkərdilər. Qatar keçib gedən kimi isə həyat qaldığı yerdən davam edərdi – sanki heç nə olmayıb. Hətta qatar keçəndə qonşuların bir-birinə “Çay süz, qatar keçsin gəlirəm” deməsi insanlarda xoş ovqat yaradırdı.
Təxminən yarım əsr bundan əvvəl qəsəbə bir düzənliyi xatırladırdı. Yaşayış evləri az olsa da sənaye müəssisələri kifayət qədər idi. Minlərlə insan Keşlə Ət və Toxucu-Əyrici kombinatında çalışırdı. Qəsəbədəki çadır toyları hələ də əsl Abşeron ruhunda keçir. Restoranlar artsa da, həyətdə çadır qurub toy etmək ənənəsi Keşlədə hələ də sevilir. Toylar meyxanasız keçməz, bədahətən deyilən sözlər, yerli şairlərin atışmaları toyun əsas bəzəyi olurdu.
Keşlənin damlarında hələ də göyərçin uçuranları görmək olur. Bu, Bakı kəndlərindən gələn qədim bir ənənədir. Onlar üçün bu, sadəcə, quş saxlamaq deyil, bir həyat tərzidir. Bu gün Keşlə büsbütün dəyişib, inkişaf edib. Mərkəzə ən yaxın qəsəbə olduğundan vaxtilə buradan şəraitinə görə köç edənlər, yenə də bura üz tuturlar.
Bu gün qəsəbə ərazisində görülmüş abadlıq-quruculuq və yenidənqurma işləri xoş əhvali-ruhiyyə yaradır, sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər.
Müşfiq MİRZƏ
XQ


