28 aprel tarixində “JW Marriott Absheron” hotelində regionun kənd təsərrüfatı və qida sənayesi üzrə mühüm və irimiqyaslı tədbirləri – “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu və “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.
XQ xəbər verir ki, mətbuat konfransına kütləvi informasiya vasitələrinin nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, eləcə də tədbirin təşkilat komitəsinin üzvləri qatılıblar.
Konfransda Azərbaycan “Caspian Event Organisers” şirkətinin İcraçı direktoru Bəhruz Hidayətzadə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin layihə rəhbəri Zarina Məmmədova, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzində şöbə müdiri Sevda Hacıyeva və "Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası"nın İcraçı direktoru Fərhad Aşurbəyli çıxış edib. Onlar 5-8 may tarixlərində keçiriləcək sərgilər haqqında ətraflı məlumat təqdim edərək, jurnalistlərin suallarını cavablandırıblar.
Artıq milli brendə çevrilmiş Xəzər regionunun ən böyük 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” Bakı Ekspo Mərkəzində keçiriləcək.
Tədbirlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərini fəal şəkildə dəstəkləyirlər.
“Imotors” və “Lovol” şirkətləri “Caspian Agro Week” sərgisinin sponsorlarıdır.
“Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Sərgilər haqqında ətraflı məlumatı www.caspianagroweek.az və wwww.interfood.az rəsmi internet səhifələrindən, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
“Caspian Agro Week” və “InterFood Azerbaijan” haqqında ətraflı və daim yenilənən məlumatları www.caspianagroweek.az və www.interfood.az rəsmi internet səhifələrindən, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

