Bakıda “I Müasir musiqi günləri” festivalı keçirilir

post-img

Hər bir xalqın mənəvi sərvəti hesab olunan mu­siqi həm də müxtəlif millətlərin ortaq dilidir. Bakı­da başlayan ilk “Müasir musiqi günləri” festivalı da məhz çağdaş Azərbaycan bəstəkarları ilə Avropa və Amerika bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələri genişləndirmək məqsədi daşıyır. 

Festivalın Beynəlxalq Muğam Mərkəzində konsert proq­ramı ilə açılışından əvvəl çıxış edən Mədəniyyət Nazirliyi incəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müa­vini Sara Timurova qeyd etdi ki, dahi bəstəkar Qara Qaraye­vin anadan olmasının 105-ci ildönümündə “I Müasir musiqi günləri” festivalının təsis edilməsi sevindirici haldır. O bü­tün dünyada, o cümlədən ölkəmizdə indi yazılan musiqinin ifasına böyük ehtiyac duyulduğunu bildirdi. Qeyd etdi ki, bu festival Azərbaycanda müasir bəstəkarlıq məktəbinin bir plat­formasına çevrilə bilər.

Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan festivalda yerli musiqiçilərlə yanaşı, Macarıstan, İsveçrə, Almaniya, Fransa, Rusiya və Qazaxıs­tandan da məşhur ifaçılar iştirak edirlər. Onlardan Avital Co­hen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klar­net), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgensonu (klarnet) göstərmək olar. Onu da qeyd edək ki, tanınmış macar bəstə­kar György Ligetinin (1923-2006) 100 illiyinə təsadüf edən festivalın proqramında ilk dəfə ifa olunacaq çoxlu əsərlər var. 

Festival çərçivəsində musiqisevərlər G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Ve­issberq, A.Qəmbərli kimi bəstəkarların əsərlərini dinləmək imkanı qazanıblar. 

Musiqisevərlərdən Cəmilə Rüstəmova festivalla bağlı fikirlərini “Xalq qəzeti” ilə bölüşdü. O, festival sayəsində müasir Azərbaycan bəstəkarlarını daha yaxından tanıdığını, onların gözəl əsərlərini dinlədiyini dedi. Vurğuladı ki, festiva­lın həm də tanıtım xarakterli olması onu daha əlamətdar edir.

Mədəniyyət Nazirliyi əməkdaşının sözlərinə görə, festi­valın proqramı çox zəngindir. Tədbirdə dünya musiqisindən ən yeni əsərlər səslənir və düşünürük ki, bu, ictimaiyyət tərə­findən maraqla qarşılanacaq. “I Müasir musiqi günləri” Azər­baycanda konsert-ifaçılıq fəaliyyətindən əlavə, müasir musiqi maarifçiliyi və təhsilinə hesablanmış festivaldır. Layihə çərçi­vəsində ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil edi­lir. Azərbaycan bəstəkarlarının əsərlərinə festivalda yer veril­məsi müasir milli musiqimizi təbliğ etmək, istedadlı gəncləri aşkar etmək məqsədi daşıyır. Festival iştirakçıları tərəfindən Azərbaycan bəstəkarlarının əsərləri xüsusi maraqla qarşılanır. 

Qeyd edək ki, festival çərçivəsində bu gün də mühazirə və ustad dərslərinin təşkili nəzərdə tutulub. Violin ifaçısı Sa­mir Əsədovla pianoçu Afaq Qarayevanın Beynəlxalq Muğam Mərkəzində konserti olacaq. Orada ən yeni nəsil Azərbaycan bəstəkarlarından Firudin Allahverdinin “Yasamal ragtime” (piano), həmçinin Aqşin Əlizadənin “Portret” əsəri səslənə­cək. Bu gün, eyni zamanda dünya bəstəkarlarının ən yeni əsərləri ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın bağlanış konserti olacaq. 

Layihəyə mayın 25-də Nizami Kino Mərkəzində “Ligeti: portret” filminin nümayişi ilə yekun vurulacaq.

Leyla QURBANOVA, “Xalq qəzeti”

Mədəniyyət