Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar...

post-img

İran İslam İnqilabından sonrakı illərdə 1982-ci il fevralın 24-də “Azərbaycan müəllimi” qəzetində “Cənubdan səslər” ümumi başlığı altında Xalq şairi Balaş Azəroğlunun “Yandırılan kitablar” adlı məqaləsi dərc olunmuşdu. Güneydə 21 Azər hərəkatının fəallarından olmuş müəllif Milli hökumətin süqutundan sonra Güneydə Azərbaycan dilindəki kitabların məhv edilməsindən yanğı və hiddət ilə söhbət açmışdı. Həmin yazını tarixi aktuallığına görə oxucularımıza təqdim edirik.

YANDIRILAN KİTABLAR

Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar,

Min kamalın şöhrətidir, iki ürəyin arzusu...

Biz köçürük bu dünyadan, onlar qalır yadigar,

Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu,

Min kamalın şöhrətidir, iki ürəyin arzusu...

Səməd VURĞUN

Bu günlərdə əlimizə Cənubi Azərbay­canda yenidən çap olunmuş beş “ana dili” kitabı gəlib çatdı. Birinci sinifdən beşinci sinfə qədər ibtidai məktəb şagirdləri üçün yazılmış bu dərsliklər 1945-ci ildə Azər­baycanın milli maarifi tərəfindən nəşr edil­mişdir. 

Cənubi Azərbaycanda milli-azad­lıq hərəkatı qələbə çaldıqdan sonra yeni yaranmış Azərbaycan milli hökumətinin həyata keçirdiyi demokratik islahatlardan biri də Azərbaycan dili elan edilməsi idi. “Dil haqqında Azərbaycan milli hökuməti­nin qərarı”nın 10-cu maddəsində deyilirdi: “Azərbaycan milli hökuməti mədrəsələrin milli dilə keçməsinin bütün müəllim və müəllimələrə bir milli vəzifə kimi tapşırır”.

Milli hökumətin yuxarıda göstərilən qərarına əsasən çap olunmuş bu kitabları 35 ildən sonra Cənubun görkəmli ədiblə­rindən Məmmədəli Fərzanə Tehranda ye­nidən nəşr etmiş və bu barədə hər kitabın cildinin axırıncı səhifəsində belə bir qeyd vermişdir: “Bir çox illər bundan əvvəl ana dilimizi öyrənmək üçün Azərbaycan milli maarifi tərəfindən dərs kitabları sırasında nəşr edilmiş bu kitab dilimizi xalqa və ha­mıdan artıq Azərbaycan uşaqlarına dərs vermək uğrunda atılmış böyük, şərəfli ad­dımdır. İndilikdə dilimizi öyrənmək üçün bundan daha əlverişli və daha kamil dərs kitabları yazmaq lazım gəldiyi halda, bu kitabı o böyük, şərəfli addımın bir yadiga­rı kimi, xalqımızın neçə illər bundan əvvəl qurduğu milli maarifin yadigarı kimi nəşr edirik...”

Bir zaman, yəni 1945-1946-cı tədris ilində Cənubi Azərbaycanın bütün şəhər və kəndlərində şagirdlər həmin bu ana dili kitablarından dərs oxudular. Ancaq bu səadət onlara bircə il nəsib oldu. Bir ildən sonra Amerika silahı ilə silahlanmış mən­fur Məhəmməd Rza şahın cəlladları Cənu­bi Azərbaycana hücum etdilər, xalqın ya­ratdığı xoşbəxt həyat, əldə etdiyi azadlıq qan dəryasında boğuldu. Elm, mədəniy­yət naminə nə vardısa hamısı məhv edil­di. Darülfünun, milli teatrın, milli muzeyin, filarmoniyanın, neçə-neçə mədəniyyət ocaqlarının qapısına qıfıl vuruldu, qaba­ğında əli silahlı sərbazlar keşik çəkdilər ki, heç kəs ora yaxın düşə bilməsin.

Mən indi qarşımdakı bu ana dili kitab­larını vərəqlərkən şah məmurları tərəfin­dən onların tonqallara atılıb yandırıldığı yadıma düşür.

1946-cı il dekabrın axırları idi. (O za­man mən Təbrizdə idim). Şəhərə xəbər yayıldı ki, valinin göstərişilə bütün Təbriz əhli kitabların yandırılması mərasiminə dəvət olunur. Dövlət məmurları, xəfiyyə məktəblərə, dükanlara, hətta evlərə soxu­lub milli hökumət vaxtı çap olunmuş dövri mətbuatı və kitabları toplayıb şəhərin neçə meydanında tonqal düzəltmişdilər.

Təbrizin adi qış günlərindən biri idi, qarlı-sazaqlı cümə günü. Adam boyundan uca olan tonqalların ətrafında səhərdən əli silahlı keşikçilər gəzişirdi ki, tonqala dəyib toxunan olmasın. Kitabların yan­dırılması mərasimi isə günortadan sonra başlandı. Azərbaycan milli hökumətinin yadigarlarından olan ana dilində yazılmış kitabların yandırılmasına tamaşa etmək üçün yüksək rütbəli dövlət və qoşun nü­mayəndələri də gəlmişdilər. Tonqalların yanında onlardan başqa çoxlu sərbaz, po­lis və jandarmalar var idi. Kitabların yan­dırılmasında daha çox adam iştirak etsin deyə valinin “qabaqgörənlik” edib mərasi­mi cümə gününə təyin etməsi əks nəticə vermişdi. Təbriz əhli cümə olduğunu bə­hanə edərək evdən çölə çıxmamışdı. Dü­kanlar bağlı, küçə və xiyabanlar bom-boş idi. Bəzi şahpərəst və ikiüzlülər nəzərə alınmasa, o gün tonqalların ətrafında rəs­mi dövlət qulluqçularından başqa heç kəs olmadı. Bunu hiss edən məmurlar özlərini o yerdə qoymadan əmri yerinə yetirdilər, tonqallara od vurdular. Bir xalqın təfəkkür dünyasının yadigarları odlandı. Alovların dilləri kitabları varaqladıqca neçə-neçə dahinin, mütəfəkkirin və sənət bahadırının şəkli sanki tonqalın arasından boylanıb bu cəlladlara qəzəb və nifrətlə baxırdı. Arabir güclənən nəsim yanıb qaralmış vərəqləri tonqalın üzərinə qaldırır, yaxındakı ağac­ların çılpaq budaqlarına yapışdırıb qəribə bir mənzərə yaradırdı. Uzaqdan baxana elə gəlirdi ki, ətrafdakı budaqlardan kiçik, qara bayraqlar asılmışdır.

Tonqallar alışan kimi vali Tehrana te­leqrafla milli hökumətin yadigarlarının məhv edildiyini xəbər vermişdir. Fəqət vali bilmirdi ki, İran diktatorlarının Cənubi Azərbaycan xalqının dilini, mədəniyyətini məhv etmək üçün göstərdiyi saysız cəhd­ləri boşa çıxdığı kimi, kitabları yandırıb məhv etmək təşəbbüsü də vəhşilikdən başqa bir şey deyildir. Vali bilmirdi ki, son­suz təzyiqlərə, məhrumiyyətlərə məruz qalmış, ancaq heç zaman baş əyməmiş, öz mənliyini, milli qürurunu ayaqlar altına salmamış, milli varlığını mərdliklə, şərəflə qoruyub saxlamış bir xalqı asanlıqla sus­durmaq, diz çökdürmək mümkün deyildir. Onun mədəniyyətini, ədəbiyyatını tonqal­larda yandırıb məhv etmək olmaz.

İndi 35 ildən sonra ilk imkan yaranan kimi ana dili dərsliklərinin, Azərbaycan di­lində yazılmış onlarca başqa kitab, jurnal, qəzet və s... meydana çıxması bir daha sübut etdi ki, bu xalqın səbatı və iradəsi necə də yenilməzdir. Əslində yandırılan kitabların neçə-neçə nüsxəsi Vətənin fə­dakar övladları tərəfindən yad nəzərlər­dən ehtiyatla qorunub saxlandı. Kimi on­ları həyətdəki qızıl gül kollarının dibində basdırdı, kimi gündəlik paltarının arasında saxladı, kimi anbarda odun laylarında, kimi kömür çəlləklərində, kimi zirzəmidə, kimi də divar hörgüsündə gizlətdi. Düşmə­nin əlinə düşməyə qoymadı. Beləliklə, ob­razlı şəkildə demiş olsaq “Ana dili” ürək­lərdə, şüurlarda yaşadı.

İndi o kitablar yenidən günəş işığına çıxmışdır. O zaman bu günləri aydın görən və belə bir imkanın yaranacağına qəlbən inanan fədakar insanlar, bunu da qəti bilir­lər ki, hörmətli M.Fərzanənin yenidən çap etdiyi dərslikləri bu yaxın gələcəkdə azər­baycanlı balalar öz bəzəkli çantalarına qoyub məktəblərə gedəcək, ana dilindən təhsil alacaqlar.

 

Balaş AZƏROĞLU,
Xalq şairi



Mədəniyyət