Alimlər qədim Roma sikkələrinin və kərpiclərinin sirrini açıblar

post-img

Alimlər təxminən 20 il əvvəl İsveçrədə tapılan qədim Roma sikkələrinin və kərpiclərinin sirrini açıblar. 

 

Şaaren-am-Hoxrein İsveçrədə yerləşən istirahət zonası və təbiət qoruğudur. Lakin burada çoxsaylı tarixi qalıqlar da var: Tunc dövrünə aid yaşayış məntəqəsi, Napoleon müharibələrindən qalan istehkamlar və II Dünya Müharibəsindən qalan bunkerlər. 

Təxminən 20 il əvvəl parkda qədim Roma sikkələri və kərpiclər dəfinəsi aşkar edilmişdi ki, bu da heyranedici tapıntılar siyahısına əlavə olunmuşdu. "Miami Herald" qəzeti yazır ki, son vaxtlara qədər mütəxəssislər bu tapıntıların niyə burada olması və parka necə daxil olması ilə bağlı suallara cavab verə bilmirdilər. Ancaq yanvarın sonunda aparılan kəşfiyyat qazıntılarından sonra arxeoloqlar, nəhayət ki, axtardıqlarını tapıblar. Mütəxəssislər III əsrin sonu və dördüncü əsrin sonu arasındakı dövrə aid Roma gözətçi qülləsinin qalıqlarını aşkar ediblər. 

Qüllə yaxşı vəziyyətdə deyil, buna görə də arxeoloqlar yalnız bir neçə daş və bir çuxur müəyyən edə bildiklərini söyləyirlər. Lakin ekspertlər onu həmin dövrün digər oxşar tikililəri ilə müqayisə edərək bina haqqında müəyyən nəticələr çıxarblar. 

Arxeoloqların fikrincə, yerləşdiyi yeri nəzərə alsaq, qüllə çox güman ki, romalıları şimalda almanlardan qorumaq üçün Reyn çayı boyunca istehkam kimi istifadə edilib. Mütəxəssislərin fikrincə, qüllənin digər Roma istehkamları və tikililərinin daha geniş strukturuna və xəritəsinə necə uyğun gəldiyi hələ aydın deyil.

Qüllənin və digər artefaktların tədqiqi davam etdirilir.

S.ELAY,

"Xalq qəzeti"

 

Maraqlı