“M Teatr” ın səhnəsində premyera

post-img

“M Teatr” ın səhnəsində fransız dramaturqu, aktrisa Yasmina Rezanın “Art” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirildi. 

Həyat, sənət və dostluq mövzularını özündə ehtiva edən bu komediya üç dost - Serj, Mark və İvanın ağ kətan üzərində xəyali rəsm üstündə etdikləri mübahisədən bəhs edir. Serj modern sənətə meyl edərək böyük ölçüdə, bahalı və üzərində heç bir dənə də cizgi olmayan ağ bir rəsm alır. Bunu görən Mark dostunun hərəkətindən dəhşətə gəlir və onlar mübahisə etməyə başlayırlar. Mübahisə getdikcə dərinləşir və davaya çevrilir. Onların bu yersiz hərəkətlərinə tab gətirməyən İvan dostlarını razı salmaq üçün araya girir və onları sakitləşdirməyə çalışır. Rəsm haqqında müsbət fikirlər söyləyən İvan, eyni zamanda əsəri tənqid etməyə başlayır. Onun ziddiyyətli fikirləri dostlarını əsəbləşdirir. Onlar bu dəfə İvanı tənqid edirlər. Nəhayət, özünü müdafiə etməyi bacaran İvan hönkür-hönkür ağlayır və dostlarına izah etməyə çalışır ki, dostluq onun üçün hər şeydən önəmlidir. Boş və mənasız söhbətlərə görə yaxın əlaqələri qırmağa dəyməz. Dostları İvanın pis vəziyyətdə olduğunu görüb sakitləşir və aralarında yaranan mübahisəyə son qoyaraq barışırlar.  

Səhnə əsərinin quruluşçu rejissoru Ərturan Nəcəfi Göldür. Rolları aktyorlar Vüqar Hacıyev, Şamil İbrahimov və Ərturan Nəcəfi Göl ifa edirlər. 

Qeyd edək ki, əsərin ilk premyerası 1994-cü il oktyabrın 28-də Parisdəki Şenzelize teatrında baş tutub.

Fidan HÜQUQQIZI,

Elşən Ağalarov (foto),

 “Xalq qəzeti”









Mədəniyyət