Yatmış beyin, oyaq hisslər - yuxu iflici

post-img

Yuxu iflici - insanda şüurun oyaq olduğu vaxt, bədənin isə yuxuda olduğu zaman baş verən qeyri-adi proseslər zamanı yaranır. Bu hal daha çox yuxuya təzə gedəndə və ya yuxudan oyanmağa az qalmış baş verir və bir neçə saniyədən iki dəqiqəyədək davam edir. Əsasən yeniyetmələrdə müşahidə olunsa da, böyüklərdə də bu hala kifayət qədər rast gəlinir. İlk müşahidə olunmuş yuxu iflici halları eramızdan əvvəl X əsrdə Fars tibbi əlyazmalarında əks olunmuşdur. 

Yuxu iflici insan həyatına daha çox təsir edir və bəziləri bunu dəhşətli hallüsinasiyalarla yaşayır. Hallüsinasiya - gerçəkdə mövcud olmayan bəzi şeyləri görmə, eşitmə və s. kimi duyğular vasitəsilə insan tərəfindən səhv amma gərçək kimi qəbul edilən yanlış informasiya növüdür.

Ən ağır halda isə yuxu iflici narkolepsiya əlaməti ola bilər. Narkolepsiya - beynin yuxu və oyanma qaydalarını tənzimləyə bilmədiyi, insanın uyğun olmayan vaxtlarda yuxuya getməsinə səbəb olan ciddi xəstəlik növüdür.

Yuxu iflici zamanı cinlərin, yadplanetlilərin, hətta ölmüş qohumların hallüsinasiyası ilə yanaşı, öz bədən hissələrinin havada üzdüyünü və ya onların yanında uzanan bədənlərinin surətini görənlər də var. Bəziləri isə mələk gördüklərinə də inanır.

Harvard Universitetinin yuxu tədqiqatçısı Baland yuxu iflicinin səbəblərini və nəticələrini daha dəqiq təsvir etməyə və insanlarda bu vəziyyətin başqa nələrə səbəb ola biləcəyini öyrənməyə çalışır.

Tədqiqatçı alim bu mövzuda keçirdiyi təcrübə nəticəsində belə qərara gəlib ki, yuxu iflici zamanı insanda beynin hissiyyat hissəsi işə düşür.

Yuxu iflicini bir çox insan üçün vərdiş hesab edən Oksford Universitetinin yuxu professoru Kolin Espi bu halın bir az yuxuda gəzməyə bənzədiyini deyir. Bu vəziyyət onlarda hər gün vərdiş halını almağa başlayır və panikaya çevrilir. Yaranan panika nəticəsində isə insan yuxudan ayılmaya da bilər.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

Maraqlı