Azərbaycanın xarici işlər naziri Slovakiyada

post-img

İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına səfəri çərçivəsində bu ölkənin xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Vlaxovski ilə görüşüb. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Ceyhun Bayramov və Miroslav Vlaxovski arasında təkbətək mü­zakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. 

Görüşdə tərəflər ölkələrimiz arasında si­yasi, iqtisadi, energetika, turizm, təhsil, kənd təsərrüfatı, hüquq-müqavilə və mədəni-huma­nitar sahələrdə mövcud olan ikitərəfli əmək­daşlıq əlaqələri barədə fikir mübadiləsi apa­rıblar. Cari il diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu, bu çərçivədə bir sıra mədəni tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb. 

Geniştərkibli görüş zamanı aparılan hərtərəfli müzakirələr zamanı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edən tərəflər diplomatik təmsilçiliklərin genişlən­dirilməsi və yüksək səviyyəli qarşılıqlı səfər­lərin intensivləşdirilməsi də daxil olmaqla ikitərəfli əməkdaşlığın daha da inkişaf etdiril­məsi yollarını müzakirə ediblər.

Nazir C.Bayramov həmkarını postmü­naqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Er­mənistanla sülh müqaviləsi üzrə aparılan da­nışıqların cari statusu və Ermənistan tərəfinin müxtəlif bəhanə və təxribatlarla bu prosesi ləngitməsi, eləcə də mina təhdidləri barə­də məlumat verilib. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri və bu prosesdə Slovakiya şirkətlərinin iştirakı qeyd olunub. Bununla ya­naşı, minaların təmizlənməsi sahəsində Slova­kiyanın müvafiq mina təmizləyən avadanlıq­larının əldə edildiyi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib. 

Slovakiyalı nazir Azərbaycanla ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət ve­rildiyini və bu əməkdaşlığın inkişaf etdiril­məsi üçün əlverişli imkanların olduğunu qeyd edib. O, Azərbaycan-Ermənistan münasibət­lərinin normallaşması və regionda davamlı sülhün təmin olunması istiqamətində Avropa İttifaqı tərəfindən həyata keçirilən səylərə ölkəsinin dəstəyini diqqətə çatdırıb. 

Geniş tərkibli görüşdən sonra nazirlər Azərbaycan Respublikası ilə Slovakiya Res­publikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qal­dırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi imzalayıblar. 

***

İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri çərçivəsində Milli Assambleyasının sədri Boris Kollar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və Slovakiya arasında dostluq və əməkdaşlıq ruhunda inkişaf edən münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdi­rilməsi, keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğula­nıb. Slovakiyada Azərbaycan səfirliyinin təsis edilməsi planlarının ikitərəfli münasibətlərin daha dərinləşdirilməsi nöqteyi-nəzərindən əlamətdar hadisə olduğu diqqətə çatdırılıb.

Görüşdə parlamentlərarası əlaqələrin, nü­mayəndə heyətlərinin qarşılıqlı səfər və gö­rüşlərinin, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən söz açılıb. Ha­belə, iki ölkə arasında çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiy­yəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamə­tində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Münaqişədən zərər çəkmiş ərazilərin reabilitasiyası və yenidən qurulma­sı, habelə əhalinin reinteqrasiyası istiqamə­tində Azərbaycan tərəfindən atılan intensiv addımlardan bəhs edib. Slovakiya şirkətləri­nin və investorlarının Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birgə investisiya, bərpa və quruculuq layihələrində iştirak niyyəti yüksək qiymətləndirilib. 

Görüşdə işğaldan azad edilmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkil­də çirklənməsinin bərpa və yenidənqurma işləri, habelə məcburi köçkünlərin öz evlə­rinə təhlükəsiz qayıtmasının təminatı üçün əsas maneə olduğu diqqətə çatdırılaraq, mina problemi ilə mübarizədə Slovakiya tərəfi ilə əməkdaşlıq məmnunluqla qeyd olunub.

Boris Kollar Azərbaycan-Slovakiya əlaqələrinin daha da inkişaf etdirilməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu bil­dirib. O, Azərbaycana səfərini məmnunluqla xatırlayıb və əməkdaşlıq üçün geniş potensi­alın mövcudluğunun şahidi olduğunu diqqətə çatdırıb. 

“Xalq qəzeti”

Son xəbərlər