Rusiya-Ukrayna savaşı: döyüşlərin 400-cü günü

post-img

Rusiya-Ukrayna müharibəsinin başlanmasından 400 gün keçir. Bu qanlı savaşın hər anı, hər dəqiqəsi, hər günü münlərlə ailəyə ağır kədər, məyusluq və fəlakət gətirir. Ukrayna torpağında ölüm, itki və zorakılıqların nə vaxt bitəcəyi heç kəsə məlum deyil. Ukrayna xalqı sınmayıb, ayaqdadır, vuruşur!

Bu, miqyasına və xarakterinə görə, qəddar və dağıdıcı bir müharibədir. 2022-ci ilin fevralın 24-də başlandığı andan və qəddarcasına davam etdi­rildiyi bir il bir ay ərzində Ukraynanın yüzlərlə şəhəri, minlərlə kəndi, yaşayış məntəqəsi yerlə-yeksan olub. Bu ölkə­nin yüz minlərlə, hətta milyonlarla saki­ni doğma torpağında köçkünə çevrilib, onların böyük bir qismi qaçqın yaxın və uzaq ölkələrə sığınıblar. 

Ukraynanın şəhər və kəndlərinin, körpələr evləri, uşaq bağçaları, məktəb və xəstəxanalarının, zavod və müəs­sisələrinin, sosial və sənaye infrast­rukturunun ən müasir top və artilleriya zərbələri ilə amansız şəkildə bomba­lanması davam edir. Demək olar ki, ölkənin bütün ərazisi cəbhənin təmas xəttinə çevrilib. Hər iki tərəfdən gün ər­zində yüzlərlə hərbçi qətlə yetirilir. Hə­lak olanların arasında minlərlə qadın, uşaq və ahıllar var. 

Sivil dünya, mütərəqqi bəşəriyyət bu ağır savaşın tezliklə bitməsini ar­zulayır. Döyüşlər isə nəinki ara vermir, əksinə günbəgün kəskinləşir. Dünən, yəni müharibənin 399-cu günü Ru­siya silahlı qüvvələri cəbhənin bütün istiqamətlərində hücuma keçiblər. Hü­cum əməliyyatlarına böyük həcmdə canlı qüvvə və texnika cəlb edib. 

Ukraynanın UNİAN informasiya agentliyinin bu ölkənin rəsmilərinə is­tinadla verdiyi son məlumata görə, Ukrayna Ordusunun fədakar əsgər və zabitləri Vətənin hər qarışı uğrun­da rəqibə ciddi müqavimət göstərir və onun irəliləməsinin qarşısını almağa çalışırlar. Bəzi müstəqil mənbələr qüv-vələrin qeyri-bərabər olduğunu, rusla­rın texnika və əsgəri baxımdan qarşı tərəfi üstələdiyini vurğulayırlar. 

Dünən ən ağır döyüşlər Donetsk vilayətində yerləşən Baxmut şəhəri uğrunda gedib. Əslində Rusiya Ordu­su bu şəhəri yeddi aydır ki, ağır mü­hasirədə saxlayır. Buradakı amansız döyüşlərə Rusiyanın “Vaqner” terror qrupunun rəhbəri Yevgeni Priqojin rəh­bərlik edir. O, bu şəhəri nəyin bahasına olursa-olsun ələ keçirməyə və bu yolla Kreml qarşısında əlavə xal qazanmağa can atır. 

Baxmutdan isə əvvəlki kimi, təzadlı xəbərlər gəlməkdə davam edir. Martın 29-da şəhərin ərazisinin artıq üçdə iki­sinin rusların nəzarətinə keçdiyi barə­də məlumatlar yayılıb. Ukrayna Prezi­denti Volodimir Zelenski iki gün qabaq Birləşmiş Ştatların məşhur “The Asso­ciated Press” agentliyinin müxbirinə verdiyi eksklüziv müsahibədə bildirib ki. Rusiya Prezidenti “Vladimir Putin Baxmutda qələbə qazanaraq onu öz həmvətənlərinə, İran və Çinə baha qiy­mətə “satmaq” niyyətindədir”. 

Ukraynanın dövlət başçısı sonra deyib: “Rusların lideri “harada bir qan qoxusu hiss edərsə, bunu ukraynalıla­rın zəifliyi kimi dəyərləndirib cəbhədə təzyiqləri daha da artıracaq”. V.Ze­lenski Qərb ictimaiyyətinə bir daha xəbərdarlıq edib ki, “bizim cəmiyyət, həqiqətən, yorulub. Vətəndaşlarımız məni güzəştə getməyə məcbur edə bilərlər”. 

Rusiya-Ukrayna cəbhəsində bu gün təkcə silahlar “danışmır”. Rusiya son günlər Ukraynaya qarşı informasi­ya müharibəsini daha da gücləndirib və psixoloji təzyiqləri artırıb. Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar vurğulayıb ki, “düşmən ukraynalıların və hərbçilərin Baxmutun müdafiəsinin komandanlığına olan inamlarını sarsıt­mağa cəhd edirlər”. 

Dünən Rusiya Ordusu, həmçinin paytaxt Kiyev və ətraf ərazilərə növ­bəti dəfə İran istehsalı olan dronlarla hücumlar təşkil edib. Lakin Ukrayna rəsmilərinin verdiyi məlumata görə, bu ölkənin hava hücumundan müdafiə qüvvələri dronların, demək olar ki, ha­mısını sıradan çıxarıb. Bu zaman canlı itkilər barədə məlumat verilməyib. 

Ən son xəbərlərə görə, dünən pay­taxt Kiyevlə yanaşı, Ukraynanın Çer­niqov, Sumi, Dnepropetrovsk, Zaporo­jye və Luqansk vilayətlərində də hava hücumu barədə əhaliyə xəbərdarlıqlar edilib. Daha sonra bu qəbildən olan təhlükələr Xerson, Jitomir və Kirovoq­rad rayonlarına da şamil edilib. “Ukray­nanın bütün ərazisində növbəti raket və hava zərbələrinin endirilməsi ehti­malı yüksək olaraq qalır”, – deyə Baş Qərargah xəbərdarlıq edib.

Göründüyü kimi, iki qonşu, slavyan ölkəsi arasında müharibə indi özünün ən qanlı fazasına daxil olub. Ekspert­lər yaxın günlər ərzində Ukraynanın əks-hücuma keçərək işğal altında olan ərazilərinin xeyli hissəsini geri qaytara­cağına ümid etdiklərini bildirirlər. Hələ ki, hücum edən tərəf Rusiyadır. 

Rusiya-Ukrayna müharibəsi dün­yada böyük güclərin və qüvvələrin mövqeyini və nisbətini müəyyən edib. ABŞ başda olmaqla Qərb dövlətlə­ri işğala məruz qalan tərəfi birmənalı olaraq dəstəkləyir, ona özündən xeyli güclü rəqibinə müqavimət göstərməsi üçün maliyyə və hərbi yardımlar göstə­rir. Bildiyiniz kimi, son bir il ərzində Ru­siyaya qarşı çox sayda maliyyə sank­siyaları tətbiq olunub və olunmaqda davam edilir. 

Qeyd edək ki, müharibənin bu qə­dər uzanacağını və bu qədər dağıdıcı xarakter alacağını çoxları gözləmirdi. Rusiya bu savaşı “operativ hərbi əmə­liyyat” adlandırmışdı və “ən uzağı bir həftəyə” paytaxt Kiyevi nəzarət altına alacağını düşünürdü. Göründüyü kimi, bu, mümkün olmadı, çünki qəhrəman, vətənpərvər Ukrayna xalqı bu qanlı-qa­dalı dörd yüz gündə bütün dünyanı heyrətə gətirəcək qədər dözüm, cə­sarət və qətiyyət nümayiş etdirir.

 

M.HACIXANLI, “Xalq qəzeti”

Son xəbərlər