Bu günlərdə Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə toplantısı keçirildi. Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurumdan millət vəkili, qardaş ölkəni Avropa Parlamentinin Parlament Assambleyasında təmsil edən Kamil Aydın “Xalq qəzeti”nə müsahibəsində həm TDT-nin son toplantısını, həm də Avropa Şurasının Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnaməni şərh etdi.
– Kamil bəy, Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə toplantısı Ankarada Prezident Administrasiyasında baş tutdu. Bu görüşü necə dəyərləndirirsiniz?
– Bəli, martın 16-da keçirilən tədbir 5 üzv, 3 müşahidəçi türk dövlətinin iştirakı ilə baş tutdu. Əslində, bu toplantının Şuşada keçirilməsi nəzərdə tutulmuşdu və indiki şəraitdə çox əhəmiyyət kəsb edirdi. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev humanizm nümayiş etdirərək, fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdən sonra həmin görüşün Ankarada keçirilməsi təklifini irəli sürdü.
“Əsrin fəlakəti” kimi dəyərləndirilən bu zəlzələnin ağır nəticələri 3 Hollandiya qədər bir ərazini əhatə etdi, 20 milyon insanın həyatına təsirini göstərdi, 50 min insanımızın həyatına son qoydu, 100 min insanımızı yaraladı, 11 bölgəmizdə fəlakətli dağıntılara yol açdı. Odur ki, cənab İlham Əliyevin bu baxımdan daha bir humanist addımı Türkiyədə dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Onsuz da Azərbaycan ilk gündən qardaş köməyini göstərdi və hələ də bu dəstək davam edir. Eləcə də, bütün Türk dünyasından dəstək var.
Zirvə toplantısında bir çox qərarlara imza atıldı. Bu günə qədər keçirilən zirvə toplantılarında verilən qərarlar bir sonrakı zirvədə təkmilləşdirilərək təsdiq olunub, icra prosesinə daxil edilir. Sözügedən toplantıda da “Türk dünyasına baxış 2040” sənədinə və 8-ci Zirvə görüşünün müvafiq bəndinə uyğun olaraq, bundan sonra yaşanacaq təbii fəlakətlərlə bağlı həm ikitərəfli əlaqələrlə, həm də TDT nəzdində əməkdaşlığın və birlikdə mübarizənin aparılmasına dair təşkilatın mülki müdafiə mexanizminin qurulması ilə əlaqədar qərar qəbul olundu. Belə bir dəstək həm də təkcə TDT nəzdində deyil, dünyanın harasında bir təbii fəlakət olursa, birlikdə veriləcək ki, bu da çox humanist bir qərardır.
Ən vacib qərarlardan biri daha öncəki görüşlərdə də əhəmiyyəti xüsusilə vurğulanan ticarət, nəqliyyat, strateji, mədəni və iqtisadi əməkdaşlığın gündən-günə genişləndirilməsi üçün lazım olan addımların atılması və bu baxımdan Türk İnvestisiya Fondunun yaradılması oldu.
UNESCO-nun uzaqgörənliyi ilə BMT nəzdində Dünya türk dili gününün keçirilməsinə TDT-nin tam dəstək verməsi qərarı çox təqdirəlayiq bir addımdır.
Müşahidəçi dövlətlərin TDT-nin fəaliyyətlərinə aktiv cəlb olunması da qiymətləndirildi ki, bu da çox önəmli məsələlərdən biridir.
Müqəddəs kitabımız “Qurani Kərim” başda olmaq üzrə bütün mənəvi dəyərlərimizə edilən hücumlara qarşı birgə mübarizə, Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktının qınanması və günahkarın tezliklə tapılıb məsuliyyətə cəlb edilməsi çağırışı da TDT-nin əməkdaşlığının möhkəmləndiyini bir daha sübut etdi. Bundan başqa, Türk dünyası onsuz da Azərbaycanla eyni mövqe nümayiş etdirməkdədir. TDT vahid güclə, vahid səslə Azərbaycanın yanında olduğunu sübut etdi.
– Yeri gəlmişkən, martın 15-də Avropa Parlamenti Azərbaycan əleyhinə qərəzli qətnamə qəbul etdi. Bu barədə fikrinizi bilmək maraqlı olardı.
– Mən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (ATƏT PA), Avropa Şurası Parlament Assambleyası (AŞPA) və NATO Parlament Assambleyasınnın (NATO PA) iclaslarında Türkiyə nümayəndə heyətinin üzvü olaraq öz ölkəmizlə bərabər, qardaş Azərbaycanın problemlərini də dilə gətirirəm. Avropa Parlamentinin üzv dövlətləri, təəssüf ki, yenə də cəfəngiyyat dolu bir qətnaməyə imza atdılar. Əminliklə deyə bilərəm ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnamə köhnə “bayatıdır” və etibarsızdır.
705 nəfərlik tərkibdə olan bu qurumun üzvlərinin əksəriyyəti ermənipərəstlərdən təşkil olunduğuna görə, Avropa Parlamentindən belə bir qətnamənin verilməsi zatən gözlənilən idi. İndiyədək Avropa Parlamentindən İslam və Türk dünyasının xeyrinə bir qətnamə qəbul edildiyinə şahid olmadım. Görünür, xüsusilə də 2020-ci ilin noyabrında Azərbaycanın öz əzəli və əbədi Qarabağ torpaqlarını işğaldan azad etməsi Avropa Parlamentini çox narahat edib.
Qətnaməyə baxdıqda da mənasız və yersiz tələblərin irəli sürüldüyünü görə bilərik. Ortaya qoyulan iddialara görə, guya, Qarabağda yaşayan ermənilərin təhsil almalarına mane olunur, səhiyyə xidmətləri göstərilmir, onların səyahət etmələrinə məhdudiyyət yaradılır, təbii qazın verilməsi çətinləşdirilir və sair. O bölgədə onsuzda çox sayda erməni də yaşamır. Digər tərəfdən, Azərbaycan vətəndaşı olan ermənilər bu ölkənin vətəndaşları ilə eyni hüququ daşıyırlar. Əslində, bütün bunlar bəhanədir, bölgədə qarışıqlıq yaratmaqdır. Maraqlıdır, Avropa Parlamenti bu yersiz iddiaları gündəmə gətirəndə nə üçün Ermənistanın bölgəni necə minalamasından bəhs etmir?
– Həm də o bölgədə illərdir heç bir mədən qazıntıları aparılmadığı halda birdən-birə qanunsuz işlərə başlandı. Sizcə, buna səbəb nədir?
– Çünki bölgədəki qanunsuz mədən qazıntıları Qərbyönümlü Ermənistan tərəfindən aparılır və bu da işğal prosesinin yenidən başlanması cəhdləridir. Ancaq regionda İlham Əliyev kimi bir lider və öz hüquqlarını qoruya biləcək Azərbaycanın olması bütün bu cəhdlərin reallaşmasına mane olur. Ermənistanın bəhanəsi ondan ibarətdir ki, bölgəyə nəzarət edən Rusiya sülhməramlıları guya, keçidə düzgün şəkildə nəzarət edə bilmirlər. Biz o yerlərə dəfələrlə getdik. Keçid marşrutu rahat bir şəkildə təmin olunur. Amma hər zaman olduğu kimi, Ermənistanın məqsədi burada “üzüm yemək deyil, bağban olmaq”dır. Əslində isə ermənilər 100 ildir davamlı olaraq eyni uydurmalar, ittihamlarla çıxış edir.
Azərbaycan, haqlı olaraq, təmkinlə, sivil qaydada mübarizəsi ilə xam torpaqlarının elmə, ekologiyaya, sağlamlığa zidd şəkildə istismarına etiraz edir. Digər tərəfdən, Ermənistan qazıntı aparmaq adı ilə üçtərəfli anlaşmalara və normallaşma prosesinə zidd bir şəkildə yenidən minalanma təşəbbüsləri ortaya qoymaqla sülhpərvər iradənin tamamilə əksinə davranır.
Ona görə də Avropa Parlamenti erməni diasporunun fitvasına uyub Laçın dəhlizində böhran vəziyyəti yaratmaqdansa, problemin həllini region ölkələrinin ixtiyarına verməlidir. Yəni, bu məsələnin həlli Azərbaycan–Ermənistan ikitərəfli danışıqları ilə mümkündür. Əgər bu danışıqlar da baş tutmasa, o zaman eyni coğrafiyanı paylaşan Gürcüstan və Türkiyə bu prosesə cəlb edilə bilər. Ona görə də, Avropa Parlamentinin qəbul etdiyi qətnamə tamamilə etibarsızdır.
M.SULTANOVA,
Ankara