Sosial təminat sistemi gündən-günə yaxşılaşdırılmalıdır.
Heydər ƏLİYEV,
Ümummilli lider
Xalqa sıx bağlılıq, daim əhalinin firavanlığını aparılan siyasətin əsas hədəflərindən biri kimi müəyyən etmək və bu məqsəd naminə bütün imkanları səfərbər etmək ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əsas xüsusiyyətlərindən biri olmuşdur. Siyasi müdrikliyi və zəngin dövlətçilik təcrübəsi, əzm və qətiyyəti ilə müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf yoluna çıxarılması kimi mühüm və müqəddəs tarixi missiyanı yüksək səviyyədə həyata keçirən ulu öndər, eyni zamanda, Azərbaycanın sosial dövlət modelinin, ölkənin sosial inkişaf strategiyasının mühüm əsaslarını formalaşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayevdən ümummilli lider Heydər Əliyevin sosial siyasəti, xüsusilə, həssas qruplara göstərdiyi qayğı ilə bağlı müsahibə aldıq. Müsahibim öncə müstəqilliyin əldə edildiyi o təlatümlü ilk illərə qayıtdı:
– Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, həmin dövrdə respublikada xarici təzyiqlər və daxili çəkişmələr, bütün sahələrdə getdikcə dərinləşən böhran, kəskin xarakter alan sosial-iqtisadi tənəzzül respublikanı nəinki dövlətçiliyini itirmək, hətta, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşılaşdırmışdı. Ölkənin hər yerində, eyni zamanda, sosial sahədə ağır vəziyyət yaranmış, işsizlik və yoxsulluq getdikcə kəskin şəkil almış və əhalinin güzəranı gündən-günə ağırlaşmaqda idi.
Belə bir vaxtda, xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanın rəhbərliyinə qayıdışı nəticəsində ölkəmizin müqəddəratı tənəzzüldən tərəqqiyə keçid aldı. Ölkənin üz-üzə qaldığı təhlükələr aradan qaldırıldı, böhranın, xaos və anarxiyanın qarşısı alındı, mənəvi-psixoloji gərginliyə son qoyuldu, ictimai-siyasi sabitlik əldə edildi. Sosialyönümlü iqtisadi islahatların həyata keçirilməsi, 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması, uğurla aparılan torpaq islahatları və s. kimi mühüm addımlar iqtisadi inkişafa güclü zəmin yaratmaqla, xalqın rifahının yaxşılaşdırılmasında mühüm irəliləyişlərə imkan verdi.
– Həmin vaxt ümummilli lider tərəfindən bir-birinin ardınca ölkənin sosial müdafiə sisteminin qurulması, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra fərman və sərəncamlar imzalandı.
– Elədir. “Bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik” – deyən Heydər Əliyevin dövlətçilik fəaliyyətinin ana xəttini xalqın rifahının təmin olunması, sosial müdafiə sisteminin gücləndirilməsi təşkil edib. Bunun nəticəsi olaraq elə 1993-cü ilin noyabr ayında “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında”, “İşləməyən pensiyaçılara kompensasiya verilməsi haqqında” fərmanlar, sentyabr ayında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun, dekabr ayında “Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə birdəfəlik maliyyə yardımı verilməsi haqqında” sərəncam və s. qanunvericilik aktları imzalandı. Bu sənədlər müstəqil ölkənin sosial müdafiə sisteminin qurulması, eyni zamanda, pensiyaçıların, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının yaxşılaşdırılması istiqamətində artıq ilk addımların atılmasına imkan verdi.
Sonralar ümummilli lider Heydər Əliyev tərəfindən əhalinin rifah halının yaxşılaşdırılmasına, əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılmasına, həmçinin yeni sosial ödəniş növlərinin təsis edilməsinə, sosial təminat sisteminin əhatə dairəsinin genişlənməsinə xidmət edən mühüm sənədlər imzalandı. Onun tapşırıqları əsasında ahıl vətəndaşların, əlilliyi olan şəxslərin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl addımlar atıldı. Ümumilikdə, 1995–2003-cü illər ərzində respublikamızda pensiya və müavinətlərin orta aylıq məbləğində 8 dəfə, orta aylıq əməkhaqqında 6 dəfədən çox artım baş verdi.
Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul olunan, demokratik dəyərləri özündə əhatə edən müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında da xalqın rifahının yüksəldilməsi dövlətin məqsədi kimi təsbit olunub. Əsas Qanunun 16-cı maddəsinin 1-ci bəndində bəyan olunub: “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır”.
– Ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində qanunvericilik bazası formalaşdıqdan sonra, nəticə etibarilə sosial dövlət quruculuğunu təmin edən, həmçinin həssas qruplarla bağlı hansı mühüm addımlar atıldı?
– Ümummilli lider Heydər Əliyevin 1993–2003-cü illərdə imzaladığı 60-dan çox sənəd sosial müdafiə sisteminin güclənməsinə, həssas əhali qruplarına dövlət qayğısının artırılmasına, əmək və məşğulluq sahələrinin inkişafına xidmət edib. Bu dövrdə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proqramı, Pensiya İslahatı Konsepsiyası, Demoqrafik İnkişaf Konsepsiyası hazırlanaraq təsdiq edildi. Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən dövlət qurumu – hazırki Dövlət Əmək Müfəttişliyi Xidməti yaradıldı.
Əhalinin həssas qruplarının – şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri, Çernobıl AES-də qəzanın ləğvi, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, digər səbəblərlə əlaqədar əlil olanların, aztəminatlı ailələrin yanında olmaq, onların qayğı ilə əhatə olunmasını, problemlərinin həllini, onlara daim sosial dəstək göstərilməsini təmin etmək ulu öndərimiz Heydər Əliyevin fəaliyyətində mühüm yer tutub.
1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra onun elə ilk vaxtlarda imzaladığı, sosial sahəyə aid qanunvericilik aktlarının əsas məqsədi də məhz həmin həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, onlara qayğının artırılması idi. 1994-cü ilin dekabr ayında tədbirlərin birində ulu öndərimiz demişdi: “Dövlət həm şəhid ailələrinə, həm də şəhidlərin balalarına daim qayğı göstərib və qayğı göstərəcəkdir. Buna əmin ola bilərsiniz. Biz şəhid ailələrini, şəhid balalarını heç vaxt yalqız qoymayacağıq. Buna tam arxayın ola bilərsiniz”. Bu sözlər real həyatda öz əməli təsdiqini tapdı, şəhid ailələrinə dövlətin qayğısı ildən-ilə artdı. Aparılan sosial islahatlarda da mühüm istiqamət kimi şəhid ailələrinə yönələn sosial ödənişlərin artırılması təmin edildi.
– Ulu öndərin təşəbbüsü və tapşırığı ilə başlanan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan insanların mənzillə və fərdi evlərlə təminatı, həm də həyata keçirilən reabilitasiya proqramları barədə məlumat verədiniz.
– Azərbaycanın sosial müdafiə sahəsində mühüm sosial proqramlarından biri də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan insanların mənzillə və fərdi evlərlə təminatı proqramıdır ki, bu proqrama da məhz ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə başlanıb. 1997-ci ilin noyabr ayında ulu öndərin iştirakı ilə Bakının Binəqədi rayonunda çoxmənzilli yaşayış binası şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların istifadəsinə verildi. Həmin tədbirdə çıxış edən ümummilli lider Heydər Əliyev “Biz sosial cəhətdən köməyə ehtiyacı olan insanların yaşayışını nəzarət altında saxlamalıyıq, onların hər birinin sosial təminatını gündən-günə yaxşılaşdırmağa çalışmalıyıq” – deyə bəyan etmişdi.
Eləcə də onun tapşırığı ilə digər mühüm sosial proqram – müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanların minik avtomobilləri ilə təminatı işlərinə başlanaraq ildən-ilə geniş miqyas alıb, habelə əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi üçün mühüm tədbirlər həyata keçirilib. Hələ 1995-ci ilin yanvar ayında Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşündə ulu öndər bəyan etmişdi ki, torpaqlarımızı qoruyarkən yaralanmış, müharibə ilə əlaqədar, habelə digər səbəblərdən əlilliyi olan insanlar cəmiyyətimizin, dövlətimizin xüsusi qayğısı altında olmalıdırlar. “Biz bu qayğının dövlət tərəfindən daim təmin olunmasına çalışırıq”, – deyən ümummilli lider Heydər Əliyev bu kateqoriyadan olan insanların fiziki məhdudiyyətlərini aradan qaldırmağın, onların reabilitasiyasının, eləcə də onların maddi təminatının, onlar üçün bərpa, müalicə mərkəzləri yaratmağın xüsusi vəzifələrdən olduğunu bildirmişdi. Onun müəyyən etdiyi vəzifələrə uyğun olaraq əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası məqsədilə geniş miqyaslı tədbirlərə başlanılmaqla, xüsusilə, bölgələrdə əlilliyi olan şəxslər üçün yeni bərpa-müalicə müəssisələri yaradılması təmin edildi.
Əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq dəstəklənməsinə, onların yaradıcılıq imkanlarının cəmiyyətə tanıdılmasına da ulu öndər xüsusi qayğı göstərib və həmin şəxslərlə bağlı keçirilən tədbirlərdə, habelə yaradıcılıq sərgi müsabiqələrində şəxsən iştirak edib ki, bu da həssas qruplara yüksək səviyyədə xüsusi diqqət və qayğısının daha bir təzahürü idi. 1998-ci ilin noyabr ayında Əlilliyi olan şəxslərin I Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsinin açılışı zamanı ümummilli liderimiz “Azərbaycan dövləti, Azərbaycan hökuməti, Azərbaycanın bütün dövlət xidmət orqanları əlillərə, xüsusən döyüşlərdə əlil olmuş insanlara bundan sonra da bütün qayğıları göstərəcəklər” – deyə bəyan etmişdi.
– Heydər Əliyevin başladığı hərtərəfli, o cümlədən sosial siyasət bu gün onun siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu barədə nə deyə bilərsiniz?
– Ulu öndərin müdrik və uzaqgörən siyasəti, uğurlu sosial inkişaf strategiyası 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməklə ölkəmizin dinamik və hərtərəfli inkişafına nail olunub, eyni zamanda sosial sahədə mühüm uğurlar əldə olunub. Azərbaycanın ən böyük tarixi qələbəsi kimi 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər əldə edib, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azadlığına qovuşub və bu gün həmin torpaqlarda böyük quruculuq işləri aparılır.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı və təhlükəsizliyi dayanır” – deyən dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial müdafiə və aktiv məşğulluq proqramları ildən-ilə genişləndirilib, müasir və dayanıqlı sosial müdafiə sisteminin qurulması təmin edilib, sosial ödənişlərdə artımlar davamlı xarakter alıb. Son beş ildə cənab Prezidentin tapşırığı ilə Azərbaycanda 4 sosial islahat paketi həyata keçirilib ki, bu islahatlar nəticəsində həmin dövrdə minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 55 faiz, median əməkhaqqında iki dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ödənilən illik vəsaitdə 5 dəfə artım baş verib. Əvvəlki 3 islahat paketinin illik maliyyə dəyəri ümumilikdə 6 milyard manat, 2023-cü ilin əvvəlindən icra olunan 4-cü sosial islahat paketi üçün də əlavə olaraq illik 750 milyon manat ayrılıb.
Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketi artıq 123 min şəxsi əhatə edərək onlara dəstək yönümlü 276 min xidmət göstərilib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan insanların mənzillə və fərdi evlərlə təminatı proqramı 5 dəfə genişlənib. Bu ilin yanvar ayında yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev bildirib: “Keçən il bu istiqamətdə də önəmli addımlar atılmışdır, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək. Məlumat üçün deyə bilərəm ki, bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb. Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq”.
Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı işləri də uğurla davam edərək onlara 324, ümumən ötən dövrdə isə 7500-dən çox avtomobil təqdim edilib. Həmçinin son illər ölkəmizdə reabilitasiya mərkəzləri müasir tələblərə uyğun qurulmaqla, Qəbələdə də Uşaq Reabilitasiya Mərkəzi açılıb. Ümumilikdə reabilitasiya xidmətlərinin keyfiyyəti yüksəldilməklə, reabilitasiya potensialının dəfələrlə artırılması təmin olunub. Son bir ildə də nazirliyin reabilitasiya müəssisələrində əvvəlki ilə nisbətən 5,4 dəfə çox olmaqla 50 min 400 şəxs reabilitasiya xidmətləri, həmçinin əlilliyi olan şəxslər əvvəlki ilə nisbətən 40 faiz çox olmaqla 66 min 300 reabilitasiya vasitəsi ilə təmin olunublar. 2020-ci ilin dekabr ayından müharibə ilə əlaqədar əlilliyi olan insanların yüksək texnologiyalı müasir protezlərlə təminatına başlanıb və 406 hərbçi 423 yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib.
– Sosial sahədə tətbiq edilən yeniliklər...
– Prezidentin uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonrakı dövrdə Bakı şəhərində və Abşeron rayonunda 6 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, bu gün beynəlxalq səviyyədə də qabaqcıl təcrübə kimi yüksək dəyərləndirilərək xüsusi mükafatlarla təltif edilən və digər ölkələrdə tətbiqi təşviq olunan DOST konsepsiyası sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir. İndiyədək artıq 1,3 milyon vətəndaş DOST xidmətlərindən yararlanıb və məmnunluq səviyyəsi 98,5 faiz təşkil edir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan və 2021-ci ildə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə ölkəmizdə şəhid ailələri üzvlərinin, əlilliyi olan şəxslərin, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişafına dəstək sahəsində fəal siyasətin aparıldığını təcəssüm etdirir. Bu mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən, həssas qrupların istedad və qabiliyyətlərinin təkmilləşdirilməsi işləri aparılan ən böyük məkanıdır.
Son illərin mühüm sosial nailiyyətlərindən biri də dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqidir. Nazirlik tərəfindən əhaliyə göstərilən 153 xidmətdən 140-dan çoxunun elektronlaşdırılması, 51 proaktiv xidmətin yaradılması təmin edilib.
İşğaldan azad edilən bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi açılıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı üzrə 2023–2026-cı illərdə Cəbrayıl rayonunda Regional DOST mərkəzinin, Peşə Hazırlığı Mərkəzinin, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşada DOST filiallarının, Kəlbəcərdə Reabilitasiya Mərkəzinin yaradılması nəzərdə tutulub. Eyni zamanda geniş miqyaslı aktiv məşğulluq proqramlarının işğaldan azad edilmiş ərazilərimizi də əhatə etməsi planlaşdırılıb və bu istiqamətdə məqsədyönlü işlər aparılır. Zəngilanın Ağalı kəndinin sakinlərindən 100 şəxs aktiv məşğulluq proqramları, habelə 10 sakin özünüməşğulluq proqramı ilə əhatə olunub.
Ümumilikdə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən sosial inkişaf strategiyası ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində qarşıdakı dövrdə də yeni-yeni uğurlar qazandıracaq.
Müsahibəni aldı: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”