İrəvanın növbəti siyasi avantürası: bu dəfə Putinə qarşı

post-img

Nikol Paşinyanın “məxməri inqilab”la hakimiyyətə gəlişindən sonra Rusiya-Ermənistan münasibətlərində əsən şimal küləyi səngimək bilmir. Halbuki, bu vaxtadək Ermənistan Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi hesab olunur, beynəlxalq məsələlərin əksəriyyətində Rusiya və Ermənistanın mövqeləri üst-üstə düşür və ya yaxın idi. 

Son vaxtlara qədər hər şey tərəf­lərin maraqlarına uyğun şəkildə da­vam edirdi. Ermənistan Rusiyanın Avrasiya İqtisadi İttifaqının möhkəm­lənməsinə yönəlmiş yanaşmalarını bölüşürdü. İrəvanın KTMT formatın­da əməkdaşlığı, Ermənistan tərəfinin fikrincə, onun milli təhlükəsizliyinin vacib elementi hesab olunurdu. Döv­lətlərarası münasibətləri müəyyən edən müqavilə və sazişlər arasın­da 29 avqust 1997-ci il tarixli “Dost­luq, əməkdaşlıq və qarşılıqlı yardım Müqaviləsi” və Ermənistan ərazisin­də Rusiya hərbi kontingentinin ol­masını tənzimləyən bir sıra sənədlər var. Buna baxmayaraq qərbyönümlü Paşinyan iqtidarı dövründə Ermənis­tanda Rusiya əleyhinə addımların atıldığını görürdük.

* * * 

Bu istiqamətdə sonuncu hadisə Ermənistan Konstitusiya Məhkəməsi­nin Beynəlxalq Cinayət Məhkəməsi­nin Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə qərarını konstitusiyaya uyğun hesab etməsi olub. Bu məsələ Rusiyada etirazla qarşılanıb. Krem­lin sözçüsü Dmitri Peskov təfərrüata varmadan Ermənistan hakimiyyəti­nin məlum qərarının rəsmi İrəvanla müzakirə ediləcəyini açıqlasa da, ekspertlər Ermənistanın bu addımını Rusiya üçün təhqiredici və xəyanət hesab edirlər. Bu hadisə Rusiyanın siyasi dairələrində təhqiredici hal kimi qəbul olunub. Məsələn, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direk­toru, politoloq Sergey Markov deyib: “Bu, o anlama gəlir ki, Ermənistan artıq Rusiyadan uzaqlaşmaqda çox dərinə gedib. Daha dəqiq desək, bu, Ermənistanın Rusiyaya xəyanətinin göstəricisidir. Rusiya dəfələrlə Er­mənistanı və erməni xalqını müxtəlif vəziyyətlərdə və müxtəlif dövrlərdə xilas edib. Ona görə də, Ermənista­nın Beynəlxalq Cinayət Məhkəməsi­nin qərarlarını tanıması birbaşa xə­yanətdir”.

Cənab Markov öz qənaətində haqlıdır. Rusiya Ermənistanı dəfələrlə ən çətin dövrlərdə himayə edib. Necə deyərlər, onun üzünə bütün bağlı qa­pıları açıb. Elə indiki Ermənistan döv­lətinin mövcudluğu, sovet dövründə ərazilərinin genişlənməsi də birbaşa Moskvanın xidmətidir. Haylar isə Ru­siyanın onlara etdiyi yaxşılıqları çox tez unudaraq, fürsət yaranan kimi şimallı müttəfiqlərinə arxadan zər­bə vurmağa çalışıblar. Onların əsas narazılığı Rusiyanın guya 44 günlük Vətən müharibəsi dövründə Azərbay­canı dayandırmaması (?) ilə bağlıdır. Ancaq haylar nədənsə unudurlar ki, İrəvana silah dolu təyyarələr məhz Rusiyadan daşınırdı.

* * *

Bundan əlavə bu addım rəsmi İrəvanın Rusiya rəhbərliyinə, şəxsən Vladimir Putinə qarşı siyasi avantüra­sı kimi qəbul olunmalıdır.

Onu da qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci il Roma Nizamnaməsinə əsasən təşkil olu­nub və 123 ölkə tərəfindən imzala­nıb. Avropa İttifaqının 27 üzvünün hamısı nizamnaməni qəbul edib. Fəqət məhkəmənin yurisdiksiyası Rusiya, eləcə də ABŞ və Çin tərəfin­dən tanınmayıb. Roma Statutunun 63-cü maddəsinə əsasən, qiyabi məhkəmə prosesi mümkün deyil. Or­derlərin icrası Roma Statutunun üzvü olan dövlətlərin üzərinə düşür. Ermə­nistan 1999-cu ildə Roma Statutunu imzalayıb, lakin BCM-nin nizamnamə sazişlərini son günlərədək ratifikasi­ya etməmişdi. 

 

Səxavət HƏMİD, “Xalq qəzeti”

Siyasət