Şəhid ailələri ziyarət olunur

post-img

Novruz bayramı ərəfəsində Ağcabədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon bölməsi və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin birgə təşkilatçılığı ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid və qazi ailələri ziyarət olunur, qəhrəmanlarımız ehtiramla anılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti görüşlər zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəis müavini, mayor Faiq Vahabov şəhid və qazi ailələrini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.

GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini Novruz bayramı münasibətilə təbrik edib, Novruz tonqalının qəhrəman şəhidlərimiz və igid oğullarımız sayəsində artıq üçüncü ildir işğaldan azad olunmuş torpaqlarımızda da şölələndiyini vurğulayıb. Bildirib ki, bu gün bütöv Azərbaycan olaraq baharın gəlişini böyük sevinc və zəfər ruhu ilə qeyd edirik.

Şəhidlərimizin döyüş yolundan söz açan valideynlər isə övladlarının qəhrəmanlıqlarından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğından, bu istiqamətdə qəbul etdiyi qərarlardan və verilən tapşırıqlardan razı qaldıqlarını bildiriblər.

Ziyarətlər zamanı şəhid və qazi ailələrinə bayram sovqatları çatdırılıb.





Son xəbərlər