Qaregin Njdenin adını daşıyan erməni rəqsləri məktəbinin konserti təxirə salınıb

post-img

“Njde” erməni rəqsləri məktəbinin konserti təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, Moskvada fəaliyyət göstərən “Njde” erməni rəqsləri məktəbinin Ermənistanda Ordu Gününə həsr olunmuş konsert proqramı təxirə salınıb.

Yanvarın 29-da “İzmaylovo” konsert zalında keçirilməsi nəzərdə tutulmuş konsert baş tutmayıb. Naməlum şəxs konsert zalına bomba yerləşdirildiyi barədə polisə məlumat verib. Zalın yoxlanması üçün konsertə gələnlər küçəyə çıxarılıb və onlar bir neçə saat soyuqda açıq havada gözləyəndən sonra dağılışmalı olublar.

Qeyd edək ki, “Njde” erməni rəqsləri məktəbi Moskvada fəaliyyət göstərir. Məktəbin “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində konsertin elanı və gecəyə Ermənistandan “xüsusi qonaqların” gələcəyi barədə məlumat var. Sosial şəbəkə hesabında baş tutmayan konsertin tamaşaçıları biletə xərclədikləri pulların geri qaytarılmasını tələb edirlər.

Xatırladaq ki, faşist Almaniyası ilə əməkdaşlıq etmiş şəxs kimi Qaregin Njdenin irsinin təbliği, İrəvanda onun heykəlinin qoyulması Rusiya hakimiyyəti tərəfindən də dəfələrlə qınanıb. Buna baxmayaraq, Moskvanın mərkəzində Qaregin Njdenin adını daşıyan rəqs məktəbinin fəaliyyət göstərməsi sual doğurur.

 

Son xəbərlər