Avropa benzin və dizellə işləyən avtomobillərlə vidalaşır

post-img

Avropa İttifaqı Şurası avto­mobillərin karbon emissiyalarını azaltmaq üçün yeni hədəfləri təs­diqləyib. Bu barədə qurumun çər­şənbə axşamı dərc olunmuş qə­rarında bildirilir. Sənədə əsasən, Avropa İttifaqı Şurası yeni av­tomobillər və mikroavtobuslar üçün daha sərt karbon emissiyası standartları haqqında qaydanı təs­diqləyib. 

“Yeni qayda bütün nəqliyyat növ­ləri arasında emissiyaların ən yüksək nisbətini təşkil edən avtomobil nəqliy­yatı emissiyalarını azaltmağa yönəlib. Bu, həm də yenilikçi yanaşma təqdim etməklə sıfır emissiyalı avtomobil sə­nayesi üçün də təkan olacaq”, – deyə sənəddə qeyd olunur. Qərara görə, 2030-2034-cü illərdə yeni minik avto­mobillərinin karbon emissiyaları 2021-ci ilə nisbətən 55 faiz, 2035-ci ildən sonra isə 100 faiz azaldılmalıdır. Bu isə benzin və ya dizellə işləyən daxiliyan­ma mühərriki olan yeni avtomobillərin satışına birbaşa qadağa qoyulması deməkdir.

Yeni qaydaların məqsədi avtomobil nəqliyyatından atmosferə atılan emis­siyaların azaldılmasıdır. Məlum olduğu kimi, hazırda emissiyaların ən yüksək payı məhz karbon tərkibli yanacaqla iş­ləyən nəqliyyata aiddir. Yeni qanunve­riciliyin mühüm elementi Avropa İttifaqı ölkələrində hidrogen kimi “karbonsuz yanacaq”la işləyən avtomobillərin qey­diyyata alınması qaydalarının yaradıl­ması olacaq. Belə avtomobillərin satışı 2035-ci ildən sonra elektromobillərlə yanaşı davam edə bilər.

Xatırladaq ki, karbon emissiyalı avtomobillərdən istifadənin tədricən dayandırılması ilə bağlı məsələlər dünyanın bir sıra inkişaf etmiş ölkələ­rində zaman-zaman irəli sürülsə də, bu barədə ortada konkret bir sənəd yox idi. Nəhayət, 2022-ci ilin oktyabr ayında Avropa Bilriyi ölkələri və Avro­pa Parlamenti arasında “köhnə qitə”də benzin və dizellə işləyən nəqliyyat va­sitələrinin satışının qadağan edilməsi ilə bağlı sövdələşmə əldə olunmuşdu. Bu razılaşmanın əldə edilməsi iqlim böhranı ilə mübarizədə önəmli addım kimi dəyərləndirilirdi. Cari ilin fevral ayında isə Avropa Parlamenti Avropa Komissiyasının təklifini səs çoxluğu ilə qəbul edərək və 2035-ci ildən başlaya­raq benzin və dizellə işləyən avtomo­billərin satışına qadağa qoyulmasını təsdiqləyib. 

Bəs, Azərbaycanda bu sahədə və­ziyyət necədir? Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, dizellə işləyən avto­mobillər yanacağa və büdcəyə qənaət baxımından daha sərfəli olduğu üçün bütün dünyada olduğu kimi, Azərbay­canda da belə avtomobillərə maraq hələ də yüksəkdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2021-ci ildə Azər­baycana gətirilən müxtəlif təyinatlı av­tomobillərin sayı 1 milyon 566 min 743 ədəd təşkil etdiyi halda, 2022-ci ildə bu rəqəm 1 milyon 349 min 307 ədəd olub. Artım tendensiyası cari ilin ilk ayında da davam edib. Dövlət Statisti­ka Komitəsinin məlumatına görə 2023-cü ilin yanvar ayında ölkəmizə 102 mil­yon 620 min 56 ABŞ dolları dəyərində 6881 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu avtomobillərin 933-ü hibrid, yəni daxiliyanma mühərriklə ya­naşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 119-u isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 50,4 faiz və 21,4 faiz çoxdur. Göründüyü kimi, bütün dünya­da olduğu kimi, ölkəmizdə də ekoloji cəhətdən təmiz avtomobillərə maraq gedikcə artır. 

 

Eldəniz CƏFƏROV,
avtomobil nəqliyyatı üzrə ekspert

Avropa İttifaqı Şurasının yeni qə­rarı ilə 2035-ci ilədək Avropa İttifaqı ölkələrində daxiliyanma və benzin mü­hərrikli avtomobillərin istifadəsi yasaq ediləcək. Əslində, bu qərar gözlənilən idi. Çünki hələ bir neçə il bundan əvvəl Avropa İttifaqı ölkələrinin bəzi şəhər­lərində benzin və dizel mühərrikli av­tomobillərin istifadəsi qadağan edil­mişdi. Misal üçün deyim ki, hazırda Norveçdə avtomobil parkının təqribən 70 faizi elektromobillərdən ibarətdir. Yaxın gələcəkdə isə Avropa İttifaqın­da tamamilə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə keçid olacaq. 

Azərbaycan da Avropanın, sivil dünyanın bir parçası olaraq bu təşəb­büslərə qoşulub. Artıq ölkəmizdə vətəndaşların ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə marağının ar­tırılması üçün bir sıra addımlar atılır. Konkret olaraq deyə bilərəm ki, Na­zirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komis­siyanın alt qruplarında ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəmizə idxalı və vətəndaşlar tərəfindən ölkə daxi­lində istifadəsini stimullaşdırmaq üçün müxtəlif həvəsləndirici addımlar atılır. İlk növbədə, qeyd etmək lazımdır ki, komissiya tərəfindən 2021-ci ilin de­kabr ayında bu istiqamətdə yol xəritə­si hazırlanıb. Yol xəritəsinə əsasən, 2022-ci ildən ölkəmizə idxal olunan yeni ekoloji təmiz nəqliyyat vasitələri gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilib.

İdxal olunan yeni elektromobillərə isə, ümumiyyətlə, heç bir gömrük rü­sumunun tətbiq edilməməsi qərara alınıb. Bu da həm sahibkarlar, həm də vətəndaşlar üçün bir fürsət kimi dəyərləndirilməlidir. Belə ki, sahibkar­lar yeni növ nəqliyyat vasitələrini alıb heç bir rüsum ödəmədən ölkəyə gətirə və daxili bazarda sata bilirlər. Eyni za­manda, vətəndaşlar da belə maşınları daha münasib qiymətə əldə etmək im­kanı qazanırlar. 

Komissiyanın stimullaşdırıcı ad­dımlardan biri də o oldu ki, ötən ilin sentyabr ayında Mərkəzi Bankın təşəbbüsü ilə Banklar Assosiasiyası sahibkarlar və müstəqil ekspertlərin iş­tirakı ilə geniş tərkibli bir toplantı keçir­di. Toplantıda qəbul edilən yeni qərara görə, ölkə daxilində istifadə olunan ekoloji təmiz nəqliyyat vasitələri üçün kredit şərtləri sadələşdirildi. Belə ki, bu gün hibrid avtomobil almaq istəyən vətəndaş həmin avtomobilin dəyərinin cəmi 20 faizini ödəməklə yerdə qalan məbləği illik 10 faiz olmaqla ödəyə bilir. Elektrik mühərrikli avtomobil al­maq istəyən şəxs isə cəmi 10 faiz ilkin ödəniş etməklə illik 10 faizlik güzəşt­li şərtlərlə həmin avtomobilləri əldə edə bilir. Yeri gəlmişkən, indiyədək ölkəmizdə hibrid avtomobillər popul­yar olsa da, elektromobillərə maraq o qədər də yüksək olmayıb. Bunun da bir sıra səbəbləri var idi. Hər şeydən əvvəl, həmin maşınlar baha olduğun­dan vətəndaşlar üçün əlçatan deyildi. Bu səbəbdən də dövlət tərəfindən müəyyən güzəştlər tətbiq olunmağa başlanıldı. 

Yeri gəlmişkən, ölkəmizə gətirilən elektromobillərin sayı artdıqca bu növ avtomobillərin əsas infrastrukturu sa­yılan elektrikdoldurma məntəqələrinin də sayının çoxalmasının şahidi olu­ruq. Bu gün həmin məntəqələrin sayı elə bu növ avtomobillərin sayı ilə düz mütənasibdir. Belə ki, ötən ilin statis­tikasına görə, Azərbaycanda təqribən 40-a yaxın elektrikdoldurma məntəqə­si mövcud olub. Onların da əksəriy­yəti Bakı şəhərində və Abşeronda cəmləşmişdi. Artıq dövlət tərəfindən belə məntəqələrin sayını artırmaq üçün praktiki işlər həyata keçirilir. Artıq elektrikdoldurma məntəqələrinin yara­dılmasında istifadə olunan müəyyən avadanlıq və cihazlar da idxal rüsu­mundan azad edilib. Bu da sahibkarla­ra belə məntəqələrin sayını artırmağa imkan yaradır. Yəni dövlət bu sahədə monopolist kimi çıxış etmir, özəl sek­toru bura cəlb etməklə şərait yaradır ki, sahibkarlar da bu fürsətdən yarar­lansınlar. Həm qazanc əldə etsinlər, həm də elektromobillər üçün infrast­rukturun yaradılmasında yaxından iştirak etsinlər. Bunun üçün qanun­vericilikdə də müəyyən dəyişikliklər ediləcəyi gözlənilir. Bu zaman elektrik enerjisinin münasib qiymətə alınıb vətəndaşlara da əlverişli qiymətlərlə satışı təmin ediləcək. Düşünürəm ki, bu ilin sonunadək ölkəmizdə elektrik­doldurma məntəqələrinin sayı ən azı 100-ə çatacaq.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

6-111111111.jpg

İqtisadiyyat