Fenomenal şəxsiyyət, çağdaş Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyev xalqını canından artıq sevirdi. Buna görə hər bir azərbaycanlı öz xilaskarını daim ehtiramla yad edir, ruhuna dualar oxuyur. Ulu öndərin 100 illik yubileyinin qeyd edilməsi də onun nəsillərə örnək həyat yoluna, misilsiz xidmətlərinə ümumxalq ehtiramının təcəssümüdür.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müqayisəyəgəlməz fəaliyyəti 1969-1982-ci illərdən – dahi liderin keçmiş Sovet İttifaqı dönəmində respublikamıza rəhbərlik etdiyi vaxtlardan başlayır. Heydər Əliyevədək zəngin yerüstü və yeraltı sərvətləri ilə mərkəzi hakimiyyətin diqqətini çəkən respublikamızın adı imperiya ucqarlarından biri kimi çəkilirdi. 1969-cu il iyulun 14-də onun hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlandı. Ümummilli liderin təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edildi, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirildi. Beləcə, ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin formalaşmağa başladı.
Heydər Əliyevin ikinci hakimiyyət dövrü dövlət müstəqilliyimizə qovuşduğumuz mərhələnin çox çətin, mürəkkəb və ziddiyyətli illərinə təsadüf etdi. 1990-cı illərin əvvəlləri Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı zaman kəsiyi kimi həkk olub: ölkəmizin ərazisinin 20 faizi işğal edilmiş, 1 milyondan çox vətəndaşı öz doğma yurd-yuvasından didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum duruma düşmüşdü. O illər Heydər Əliyev üçün xüsusilə çətin keçmişdi. Lakin böyük şəxsiyyət qeyri-adi iradəsi, uzaqgörənliyi, məharəti ilə mərhumiyyətlərə və çətinliklərə sinə gərməyi bacarmışdı.
Avtoritar Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş vermiş 20 Yanvar faciəsindən sonra doğulduğu Naxçıvana qayıtmış ulu öndər xalqın iradəsi ilə Naxçıvan Ali Məclisinə rəhbərlik etməyə başlamışdı. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsinə çevrilmişdi. Bu, azərbaycançılıq ideologiyasının ilk təntənə anı idi. Bu, həm də üçrəngli, ay-ulduzlu bayrağımıza, milli-mental dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyevin özünü təhlükə qarşısında qoyaraq xalqına xidmət etməyi hər şeydən üstün tutmasının, bu yolda hər hansı çətinlikdən, qadağadan qorxmadığının bəyan edilməsi idi. Yalnız doğma yurduna sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdirlər.
XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi böyük sosial sifarişə, mənəvi tələbata çevrilməkdə idi. Məhz belə bir dövrdə xalq-lider vəhdəti öz sözünü dedi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ilin iyun ayında Bakıya gəldi. Nəticə etibarilə Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir mərhələsi start götürdü.
Heydər Əliyev üzərinə götürdüyü məsuliyyətli işin öhdəsindən böyük ustalıqla gəlməyə müvəffəq oldu. Prezident kimi fəaliyyətə başladığı ilk gündən xalqa arxalandı. Xalq da ona dəstək verdi, ətrafında həmrəylik nümayiş etdirdi. Ulu öndər Vətənimizin təhlükədə olduğunu izah edərək hər kəsə özünəinam hissini aşıladı. Onun çağırışından ruhlanan yüzlərlə, minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Hər kəs qəti şəkildə əmin oldu ki, dövlətin sükanı etibarlı əllərdədir, ordu müdrik sərkərdənin komandanlığı ilə idarə olunur.
Ulu öndərin müstəqillik dövründə həyata keçirdiyi mühüm islahatlar sırasında ordu quruculuğu vacib halqanı təşkil etdi. Təsadüfi deyil ki, 1994-cü ildə cəbhədəki ilk uğurlu əməliyyatın müəllifi, məhz, ulu öndər idi. Həmin dövrdə dahi lider cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən əsgər və zabitlərlə daimi təmasda olur, müxtəlif görüşlər keçirir, onları müqəddəs amal – gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə mübarizəyə ruhlandırırdı. Heydər Əliyev zabitlərə, kursantlara xitabən deyirdi: "Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir".
Ulu öndər Heydər Əliyevin dövlətçilik xəttində varislik prinsipi başlıca yeri tutur. Bu prinsip, eyni zamanda, Azərbaycanın müstəqilliyinin əbədilik təminatıdır. Mövcud anlamda ümummilli liderin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciəti müstəsna əhəmiyyət daşımaqdadır. Böyük şəxsiyyət həmin müraciətində özünün siyasi varisi İlham Əliyevi nəzərdə tutaraq bildirmişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək".
Bəli, cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərindəki möhtəşəm qələbəsi xalq –Heydər Əliyev vəhdətinin bütün anti-Azərbaycan qüvvələrə qarşı misilsiz demarşı idi. Tariximiz həmin vaxtadək siyasi varisliyin belə qürurlu və fəxarət dolu səhnəsinə şahidlik etməmişdi. Bu şahidlikdə gələcək uğurlarımız, Azərbaycanın müstəqillik dayaqlarının möhkəmləndirilməsi hədəfi var idi.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində ölkəmizdə etibarlı siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edildi. İqtisadi uğurlar həyatın bütün sahələrinə müsbət təsirlərini göstərməyə başladı. Nəzərə alsaq ki, torpaqlarımız işğal altında qalmışdı, ən mühüm təsirin ordu quruculuğunda hiss edilməsi labüd idi. Təsadüfi deyil ki, cənab İlham Əliyev ordumuzun hərbi qüdrətinin artırılmasını prioritet vəzifəyə çevirdi. Paralel olaraq, milli vətənpərvərlik təbliğatını gücləndirdi.
Mövcud istiqamətlərdəki məqsəd-yönlü dövlət siyasətinin nəticəsidir ki, hazırda ordumuz nəinki regionun, bütövlükdə dünyanın ən qüdrətliləri sırasındadır. Belə bir ordu Qarabağın işğalda qalması ilə barışa bilməzdi və barışmadı da. Qətiyyətlə söyləyə bilərik ki, 44 günlük müharibədəki Zəfərimiz, həm də ulu öndər Heydər Əliyevin Qarabağ savaşının məntiqi sonluq nöqtəsi kimi tariximizdə yaşayacaqdır.
Çiçək QARAYEVA,
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi