Görkəmli alim Namiq Cəlilovun biblioqrafik göstəricisi nəşr olunub

post-img

Astrofizika sahəsində görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilovun 70 illik yubileyi münasibətilə biblioqrafik göstəricisi nəşr olunub. 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tərtibatında "Elm" nəşriyyatında işıq üzü görən biblioqrafik göstərici görkəmli alimin həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını – monoqrafiya, elmi-kütləvi məqalə və məruzələr, redaktə etdiyi materiallar, alimin rəhbərlik etdiyi dissertasiya işləri haqqında məlumatları özündə əks etdirir. 

Günəş fizikası, kosmik plazma fizikası sahəsində tanınmış mütəxəssis olan Namiq Cəlilovun 150-dən çox elmi məqaləsi  Rusiyanın, Avropanın və Amerikanın reytinqli elmi jurnallarında dərc olunub.

AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən “Görkəmli Elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktoru Biblioqrafiya şöbəsinin müdiri, fil.ü.f.d. Aytən Əliyeva, tərtibçisi isə Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzovadır.

Biblioqrafiya astronomiya sahəsində çalışan alim və mütəxəssislər, elmi tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

Elm