Manatın möhkəmlənməsi inflyasiya amillərini neytrallaşdırır

post-img

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,75 faizə, faiz dəhlizinin aşağı həddi 7 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9,75 faizə qaldırılıb. Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.

Yeri gəlmişkən, son vaxtlar belə bir prosesi beynəlxalq maliyyə institutla­rı, həmçinin inkişaf edən ölkələr xüsu­si diqqətdə saxlayıb. Məsələn, ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) tərəfindən yayılan press-relizdə uçot dərəcəsinin 25 baza bəndi qədər artırılması, başqa sözlə, 4,75-5 faizə qaldırılması bildiri­lib. Xatırladaq ki, son faiz göstəricisi ilə bağlı uçot dərəcəsi 2006-cı ildən bəri ən yüksək səviyyəyə yüksəlib. Yeri gəlmiş­kən, FED bu qərarını ABŞ-da inflyasiya səviyyəsinin gözləniləndən daha yüksək olması ilə əlaqələndirib. 

ABŞ-da illik 6 faiz inflyasiya dərəcə­si qeydə alınıb. İnflyasiyanın əvvəlki ilə nisbətən səngiməsi müşahidə olunsa da, bu, Federal Ehtiyat Sisteminin hədəflədi­yi 2 faizlik intervaldan hələ də xeyli uzaq­dır. Bununla yanaşı, adıçəkilən təşkilatın ardıcıl dərəcə artımları kredit bazarına və eləcə də bank sektoruna neqativ tə­sir göstərməkdədir. Amma həmin sistem istehlak qiymətləri sabitləşənədək hazırkı siyasətini davam etdirmək niyyətindədir.

Azərbaycana gəldikdə deyə bilərik ki, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflya­siyanın xarici xərc amillərini neytrallaşdı­rıb. Ötən ildəki 8,4 faizlik möhkəmlənmə­nin ardınca bu ilin ilk 2 ayında manatın nominal effektiv məzənnəsi 2,2 faiz möh­kəmlənib. Mərkəzi Bank tərəfindən mo­netar şəraitin adekvat tənzimlənməsi də inflyasiyanın daxili tələb amillərini məh­dudlaşdırıb. Qeyd olunan amillərin təsiri altında cari ilin fevralında illik inflyasiya 14,1 faiz təşkil edib. Bu isə son bir ildə müşahidə edilən pik səviyyə (2022-ci ilin sentyabrında 15,6 faiz) ilə müqayisədə 1,5 faiz bəndi az olub.

Əslində, bütün bu qeyd edilənlər dün­yada ciddi narahatlıq doğuran maliyyə böhranının mövcudluğu ilə sıx bağlıdır. Bu böhranın yaranma səbəbi nə ilə bağ­lıdır? İqtisad elmləri doktoru, profes­sor Fikrət Yusifovun sözlərinə görə, 2007-2008-ci illərin maliyyə böhranı ABŞ-da ipoteka böhranı ilə başlayıb və bu, bankların iflası və səhmlərin qiymət­lərinin düşməsi ilə müşayiət olunub. Belə bir şərait sonradan qlobal iqtisadi böhra­na çevrilib. 

Bir qrup mütəxəssis böhranın 2013-cü ildə bitdiyini israr etsələr də, əslində həmin şərait indiyədək hökm sürür. Ha­zıda Amerikanın bank sisteminin, necə deyərlər, silkələnməsi və dünyanın nəhəng informasiya texnologiyaları kom­paniyaları ilə iş birliyində olan Silicon Val­ley Bankın özünü müflis elan etməsi də bunun bariz ifadəsidir. 

Əgər biz son yüz ildə dünyada baş vermis iqtisadi böhranların səbəbləri­ni araşdırsaq, bütün bu böhranların öz başlanğıcını ölkələrin bank sektorundan götürdüyünün şahidi olarıq. İqtisadi böh­ranların yaranmasında bank sektorunun aparıcı rolu çox ciddi və geniş bir möv­zudur. 

İqtisadiyyatı tam bazar prinsipləri əsasında fəaliyyət göstərən ölkələrdə–təbii ki, ilk növbədə, iqtisadi cəhətdən in­kişaf etmiş dövlətlərdə bank sektorunun fəaliyyəti hökumətlərin nəzarətindən tam kənardadır. Onlar tam müstəqil siyasət yürüdür və şübhəsiz ki, bu zaman ölkə iqtisadiyyatının inkişaf meylləri nəzərə alınır. Lakin on illər boyu aparılan araş­dırmalar göstərir ki, dünyanın aparıcı ölkələrində bank sektorunun bu qədər sərbəstliyi son nəticədə maliyə və bunun ardınca iqtisadi təlatümlərə gətirib çıxarır. Bəs bu, necə baş verir? Bu, ilk növbədə, bank sektorunun maraqlarının ölkənin iqtisadi mənafeyindən üstün tutulduğu zaman nəzərə çarpır. Elə 2007-2008-ci illərdə ABŞ-ın bank sektorunda baş ver­mis ipoteka böhranı da məhz bunun bariz ifadəsidir. 

Silicon Valley Bankda diqqətçəkən problemlər də bu maliyyə qurumunun cəlb etdiyi vəsaitlərlə verdiyi kreditlərin arasında zaman baxımından böyük mə­safənin yaranması nəticəsində baş verib. Bir sözlə, bank özünü doğrultmaq şansı az olan startap layihələri uzunmüddət üçün kreditləşdirməklə belə bir acına­caqlı duruma gəlib çatıb. Deməli, burada daxili nəzarət bankın maliyyə durumunun getdikcə pisləşdiyini görə bilməyib və ya görmək istəməyib. 

Buradan belə bir qənaət hasil olur ki, bank sektorunun fəaliyyəti üzərində hö­kumətlərin nəzarətinin olması xüsusi və vacib bir məsələdir. Bankın öz vəsaitləri olmur. Maliyyə qurumu ya əhalidən, ya da başqa mənbələrdən vəsait cəlb et­məklə onları ehtiyacı olan tərəflərə ötü­rür. 

Bu səbəbdən də, bank fəaliyyəti üzə­rində xüsusi dövlət nəzarəti olmalıdır. Belə bir mövzu ətrafında on illərdir ki, diskussiyalar aparılır, lakin hər dəfə bank sektoru bu məsələdə öz “müstəqilliyini” qoruyub saxlaya bilir. Bu, bir növ, ABŞ-da indiyə qədər mövcud olmuş hökumətlə­rin ölkənin silah mafiyasının öhdəsindən gələ bilməməsinə bənzəyən bir məsələ­dir. Deməli, bankların məsuliyyətsizliyi nəticəsində baş vermis böhranın bədəlini dövlət ödəyirsə, maliyyə qurumu da onla­rın fəaliyyətinə gerçək bir nəzarət mexa­nizmi müəyyənləşdirməlidir. 

Yeri gəlmişkən, aktivlərinin həcminə görə, ABŞ-da 16-cı bank olan Silicon Val­ley Bankın çökməsi sıradan bir məsələ deyil. Bankın cari ilin əvvəlinə aktivlərinin həcmi 209 milyard dollar, depozitlərinin həcmi isə 175,4 milyard dollardır. 

ABŞ Federal Ehtiyat Sistemi Silicon Valley Banka dəstək verəcəyini bəyan edib. ABŞ administrasiyası da bu is­tiqamətdə zəruri addımlar atacağını bildi­rib. Məsələnin ciddiliyi onları bu addımları atmağa gətirib çıxarıb. Beləliklə, böhran dərinləşərək ölkənin bank sektoruna və beynəlxalq maliyyə sisteminə ciddi fə­sadlar yaşatmaq təhlükəsi yaradıb. 

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat