Vardanyan “yanacaq”

post-img

“Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs – Vardanyan bizim ərazimizi tərk etsin”. Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasdakı çıxışı zamanı bildirib.

Qeyd edək ki, cənab İlham Əliyev bundan əvvəl də Vardanya­na münasibətdə sərt fikirlər səs­ləndirmişdi. Dövlətimizin başçısı 2022-ci il noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbər­lik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüşərkən Ermənistan rəhbərliyinə xitabən bunları bildirmişdi: “Əgər onlar Qa­rabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət apar­maq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, cib­lərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox.

O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən in­sanlarla söhbətə hazırıq. Biz buna ha­zırıq. Yeri gəlmişkən, bu proses başla­yıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hö­kumətinə heç aidiyyəti yoxdur”.

Azərbaycan Prezidentinin haqqın­da söz açdığı və Qarabağ erməniləri ilə danışıqların aparılmasına yönələn proses artıq pozulmuş kimi görünür. Bu xüsusda, ilk növbədə, separatçı rejimdə “təhlükəsizlik şurasının katibi” vəzifəsini tutmuş Vitali Balasanyanın uzaqlaşdı­rıldığını vurğulaya bilərik. Bildirildiyinə görə, məhz Balasanyan ölkəmiz ilə tex­niki xarakter daşıyan danışıqlarda əsas fiqur idi. İndi onun həbs perspektivi ak­tuallaşıb. 

Cənab İlham Əliyevin isə Münxen­də söylədiklərindən hasil olan qənaət budur ki, ölkəmizin Qarabağ erməniləri ilə dialoqunda başlıca məqam onların bölgəyə bağlılıqlarıdır. “Biz bunu et­məyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Qarabağ erməniləri Azər­baycan vətəndaşlarıdır, azlıqdır”, – deyən dövlətimizin başçısı kifayət qə­dər konkretdir.

Maraqlı məqam budur ki, Prezident İlham Əliyevin, məhz, bu xüsusda bildir­diklərinə Ermənistanın baş naziri Nikol Paşinyan heç bir reaksiya vermir. Gö­rünən budur ki, Paşinyan administrasi­yası ilə Vardanyan arasındakı gərginlik müstəvisində Ermənistan mediasında yer alan fikirlər həqiqəti əks etdirmək­dədir. Yeri gəlmişkən, Vardanyan özü də bir müddət öncə BBC-nin “Hard talk” (“Çətin söhbət”) proqramında aparıcı­nın ona bu mövzuda verdiyi sualdan yayınmışdı. Separatçı “dövlət naziri” suala cavabında ümumən separatçı rejim rəhbərliyinin Ermənistanın siyasi administrasiya ilə əlaqələrindən söz aç­mış, bilavasitə, qondarma rejimin “pre­zidenti” Arayik Arutyunyanın baş nazir N.Paşinyan ilə müsbət təmaslarının ol­duğunu vurğulamışdı. 

Onu da bildirək ki, Azərbaycan Prezidenti “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda, həmçinin Ermənistanın Laçın yolu ilə bağlı qaldırdığı “Qarabağ erməniləri üçün blokada” məntiqinin əsassızlığını sübut edən fikirlərində də Ruben Var­danyanın üzərinə gəlmiş, onun Qaraba­ğa gəliş-gedişindən söz açmışdı: “Çün­ki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdı­ğını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir”. 

Bəli, proseslər Qarabağdakı sepa­ratçı rejimdə “dövlət naziri” kimi oyun­caq postu tutan, əslində, bölgənin Ru­siya marağının ifadəçisi olan Ruben Vardanyan üçün, necə deyərlər, çəm­bərin daraldığını göstərməkdədir. Bunu söyləmək üçün müxtəlif səbəblər var. Məsələn, “Azadlıq” radiosunun erməni redaksiyası yazır ki, yaxın gələcəkdə Qarabağ separatçılarının lideri A.Arut­yunyan Vardanyanı “vəzifəsindən azad edəcək”, onun yerinə Qurgen Nersisya­nı təyin edəcək.

Tiqran Petrosyan adlı digər separat­çı isə bildirib ki, bu məlumatı Nersisyan, Arutyunyan və Vardanyan ilə görüşlər­dən sonra alıb: “Əvvəla, Qurgen Ner­sisyanla görüş oldu, o, mənə bildirdi ki, qərar artıq qəbul olunub və Ruben Var­danyan getməlidir. Onun necə gedəcəyi məlum deyil, amma o, gedəcəyini deyib və Arayik Arutyunyan ona dövlət naziri vəzifəsini təklif edib”.

Petrosyan, eyni zamanda, Vardan­yan ilə görüşdüyünü və görüş nəticə­sində özündə Rubenin “işdən çıxarıl­ması” barədə qərarın kənardan verildiyi qənaətinin formalaşdığını dilə gətirib. “Mən bilirəm ki, Ruben Vardanyan iste­fa verməyəcəyini deyir və Arayik Arut­yunyan onu işdən çıxarmalı olacaq”, –deyən Petrosyandan başqa onun söylə­diklərini hələlik nə Arutyunyan, nə Var­danyan, nə də Nersisyan təsdiqləyir. 

Bu arada “haqqın.az” erməni analitik, Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin rəhbəri Tiqran Qriqoryan da Vardanyanın yaxın günlərdə “vəzifə­sindən” azad ediləcəyini bildirdiyindən yazıb. Qriqoryan “vəzifə səlahiyyətləri” onsuz da azaldılmış Vardanyanın ye­rinə “baş prokuror” Qurgen Nersisyanın təyinat alacağını vurğulayır. Maraqlıdır ki, Qriqoryan, eyni zamanda, Vardanya­nın Qarabağda qalacağına və siyasi hə­yatda fəal iştirakını davam etdirəcəyinə, müxalifət qüvvələrini birləşdirməyə çalı­şacağına əmindir. 

Ümumiləşdirmə aparsaq, onu deməyə əsas yaranır ki, bütün tərəflər və ya tərəf kimi göstərilənlər Qarabağ­dakı separatçılığın Rusiya qanadını təmsil edən Ruben Vardanyana qarşı­dır. Ancaq prinsip etibarilə Vardanya­nın bölgədən uzaqlaşdırılması hələ o demək deyil ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına “yaşıl işıq” yandıracaq. Nəzərə alaq ki, Bakı üçün məsələyə prinsipial baxış, ümumən, bölgədə hər hansı separatçı idarəçilik formasının ol­mamasıdır. 

 

Ə.RÜSTƏMOV, 
“Xalq qəzeti”

İqtisadiyyat