Biz daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir, həm də görür.
Azərbaycan Prezidenti İlham Əliyevin Münxendə ölkəmizin televiziya kanallarına verdiyi müsahibədən
Bu, Heydər Əliyev siyasətidir. Ulu öndər dövlət başçısı kimi BMT tribunasından ilk çıxışında demişdi ki, bugünkü Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməkdən başqa heç bir problemi yoxdur. Çünki biz sivil, demokratik və dünyəvi dövlət quruculuğu yolunu tutmuşuq və bu yolu tutan dövlətin kiməsə ərazi iddiası ola bilməz. Yəni heç bir qonşumuza ərazi iddiamız yoxdur. Öz ərazi bütövlüyümüzün bərpa edilməsi isə ümdə vəzifəmizdir.
Sayı əlli milyondan çox olan xalqımızın hər bir fərdi Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin beynəlxalq hüququn təməl prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyümüzün bərpası istiqamətində möhtəşəm uğurlara imza atmasından məmnundur. Eyni zamanda cənab Prezident ulu öndərin “Biz kiminsə ölkəmizin daxili işlərinə qarışmasına imkan verməyəcəyik”– qətiyyətini də ardıcıl və prinsipiallıqla davam etdirir.
Şəxsən mən cənab Prezidentin həmin ifadəsini on dəfələrlə eşitmişəm. Fevralın 18-də isə məmnun oldum ki, dövlət başçımız həmin ifadəni Avropanın mərkəzində səsləndirdi. Üstəlik, ABŞ kimi güclü ölkənin ən məsul dövlət rəsmilərindən birinin iştirakı ilə keçirilən tədbirdə: “Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır!”
Ancaq dövlət başçımızın Münxen səfəri təkcə bu qətiyyətlə əlamətdar olmadı. Cənab Prezident Almaniyada səsləndirdi ki, bəzi qüvvələr ölkəmizin yaratdığı yeni reallıqları qəbul etməməklə özlərini aldadırlar. Çünki torpaqlarımız 30 il düşmən tapdağında olarkən ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri elə təəssürat yaradırdılar ki, sanki, Azərbaycan mövcud reallıqla, yəni Ermənistanın “qələbəsi” ilə razılaşmalıdır. Yəni o zamankı status-kvonu bizə diktə edirdilər.
Nə xoşdur ki, bu gün Azərbaycan Prezidenti Avropanın bəzi üzdəniraq “sülh tərəfdarlarına”, eləcə də, anti-türk, anti-Azərbaycan siyasi dairələrinə ən yeni reallıqları diktə edir: “İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyət tamamilə dəyişmişdir. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir”.
Azərbaycan həmişə haqqın və ədalətin tərəfdarıdır
Münxendə Azərbaycan Prezidentinin mövqeyinin daha çox dəstəklənməsinin əsas səbəblərindən biri də bu gün Avropada davam edən ictimai-siyasi proseslərin yaratdığı beynəlxalq fon idi. Belə ki, köhnə qitədə yaranmış yeni problemlərin – yəni enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan da iştirak edir. Həm də heç bir ilkin şərt və ya tələb irəli sürmədən. Təkcə regionda deyil, ümumiyyətlə, bütün dünyada (təbii ki, Fransa və İran istisna olmaqla) hamıya yük olan Ermənistan isə həm mövqesizliyi və səbatsızlığı ilə, həm də iqtisadi vəziyyətinə görə kiminsə marağını cəlb etmir. Üstəlik, bütün qonşularına ərazi iddiaları irəli sürən İrəvan yeni dünya nizamının qarşısında əngələ çevrilməkdədir.
Ona görə də Prezident İlham Əliyev Münxendə Ermənistanla münasibətlərimizin normallaşdırılması məsələsi barədə danışarkən öz fikirlərini həmişəki kimi aydın və səlis şəkildə dilə gətirdi: “Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar, əlbəttə ki, ciddi qəbul edilmir. Bizim mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik”. Ermənistanın nə istədiyini heç onun özü də bilmir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”