44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işlərinə, dağıdılmış infrastrukturun yenidən qurulmasına da imkan yaratdı.
Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu möhkəm siyasi iradə və qətiyyət nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması ilə bağlı irəli sürdüyü ideyalar artıq reallığa çevrilib. Bu baxımdan, Zəngəzur dəhlizinin yaradılması qarşısıalınmaz bir tarixi proses kimi addım-addım irəliləyir. Şərqlə Qərb arasında körpü rolunu oynayan Orta Dəhlizin gələcək uğurlu fəaliyyətinə mühüm töhfə sayılan Zəngəzur dəhlizinin reallığa çevrilməsi həm də Avrasiya məkanında yeni əməkdaşlıq formatı üçün zəmin yaradır. Prezident İlham Əliyev bu il yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsində deyib: “Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir”.
Hazırda Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində tədbirlər sürətlə davam etdirilir. İndi dəhlizin əsas seqmentləri sayılan magistral avtomobil və dəmir yollarının inşası istiqamətində qızğın işlər gedir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Zəngəzur dəhlizindən həm dəmir yolu, həm də avtomobil yolu keçəcək.
Ötən il oktyabr ayının 26-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməli qoyulmuş Zəngəzur dəhlizinin, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun inşası davam etdirilir. Məlumat üçün bildirək ki, uzunluğu 123,6 kilometr olan Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu boyunca 15 avtomobil körpüsü, 5 yolötürücü, 54 yeraltı keçidin inşası da nəzərdə tutulub və bu çərçivədə hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi nəzərəd tutulur.
Bundan əlavə, Zəngəzur dəhlizinin polad magistralının tikintisində də işlər getdikcə intensivləşir. Belə ki, Horadiz–Ağbənd dəmir yolunun birinci mərhələsi çərçivəsində 30 kilometrlik polad magistralın tikintisi uğurla tamamlanıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər ki, indiyədək Horadiz–Ağbənd dəmir yolunun 60 kilometrlik hissəsi inşa edilib, 300 mühəndis qurğusu quraşdırılıb.
Artıq yolun ikinci mərhələsi çərçivəsində işlər intensiv şəkildə davam etdirilir. Ötən müddətdə yolun 80 faizi layihələndirilib, tikinti işləri isə 40 faiz tamamlanıb. Hazırda yolun 62-70 kilometrlik hissəsində torpaq işləri görülür. Yeri gəlmişkən, Azərbaycanın ən uzun dəmiryol körpülərindən biri məhz Horadiz–Ağbənd dəmir yolunun Həkəri çayının üstündən keçən hissəsində olacaq. Artıq körpünün tikintisi başa çatmaq üzrədir.
Məlumat üçün bildiririk ki, dəmir yolunun tikintisinə 2021-ci il martın 13-də başlanılıb. Layihəyə əsasən, 110,4 kilometrlik yolun üzərində doqquz stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd) inşası nəzərdə tutulub. Yol boyu 469 mühəndis qurğusu, o cümlədən, 41 körpü, 22 avtomobil keçidi, üç tunel və digər qurğular inşa olunacaq. Bütövlükdə isə, üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan110,4 kilometr uzunluğunda olan Horadiz–Ağbənd dəmir yolunun tikintisinin 2024-cü ilin ortalarınadək tamamlanması planlaşdırılır.
Ölkəmiz üçün son dərəcə strateji əhəmiyyət kəsb edən bu dəhliz Naxçıvanın Azərbaycanın ərazisindən keçən yol qovşaqlarına çıxışını təmin etməklə yanaşı, beynəlxalq yük və sərnişin daşınmasına da əhəmiyyətli töhfələr verəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yeni nəqliyyat infrastukturunun əhəmiyyətinə toxunaraq deyib: “Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm də avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik”.
Rauf AĞAMİRZƏYEV,
nəqliyyat üzrə ekspert
Azərbaycanın yerləşdiyi region multimodal yükdaşımaların inkişaf etdirilməsini tələb edir. 2020-ci ildə dünyada yükdaşımanın həcmi 12 milyard ton olub. Hesablamalara görə, bu göstərici 2030-cu ildə 25 milyard tona çatacaq. Bu da Azərbaycanın üzv olduğu layihələrdə yükdaşımaların artmasına səbəb olacaq. Elə hazırda ölkəmizdə həyata keçirilən işlər də məhz buna hədəflənib. Bu baxımdan, Bakı Limanının köçürülməsi, Şərq-Qərb dəhlizi üzrə Böyük Kəsik istiqamətində dəmir yolunun modernləşdirilməsi dəyişən cərəyana keçid xərclərinin optimallaşdırılmasına xidmət edir. Bütövlükdə isə son beş ildə görülən işlər gələcəkdə ölkəmizin manevr imkanlarını artıracaq.
Məlum olduğu kimi, dünya ticari yollarının və daşımaların 90 faizi dəniz nəqliyyatına aiddir. Burada quru daşımaların payı daha azdır. Amma bu vəziyyəti dəyişmək istəyən Çin Xalq Respublikası 10 il bundan öncə “Bir kəmər, bir yol” təşəbbüsü ilə çıxış etdi. Dünya nəhəngi 60 ölkəni cəlb etməklə bu layihəni reallaşdırmaq istəyirdi.
“Bir kəmər, bir yol” layihəsinin fərqli marşrutları var. Onlardan biri də Orta Dəhliz dediyimiz, yəni Azərbaycan, Qafqaz üzərindən keçən marşrutdur. Nəzərə alsaq ki, Cənub və Şimal marşrutlarının keçdiyi ölkələr hazırda sanksiyalar altındadır. Xüsusilə, bunu Rusiyaya aid etmək olar. Çünki Rusiya bir il bundan öncə başladığı müharibə səbəbindən artıq sərt sanksiyalara məruz qalıb. Belə olan təqdirdə Qafqaz üzərindən keçən marşrutun əhəmiyyəti artır. Bununla belə, Qafqaz üzərindən keçən marşrutun da buraxıcılıq qabiliyyəti var. Bu da həmin marşrutun şaxələndirilməsi zərurətini yaradır. Çünki marşrutun bir dəhlizdən asılı olması müəyyən problemlərin meydana gəlməsinə, yüklərin mənzil başına vaxtında çatdırılmasının ləngiməsinə səbəb olur. Bu isə qiymətin artımına, son nəticədə, marşrutun cəlbediciliyinin aşağı düşməsinə gətirib çıxarır.
Bütün bunlar Zəngəzur dəhlizinə marağı getdikcə artırır. Zəngəzur dəhlizinin istər siyasi, istərsə də iqtisadi cəhətdən əhəmiyyəti olduqca yüksəkdir. Azərbaycanın yerləşdiyi əlverişli geosiyasi mövqeyi ölkə üzərindən beynəlxalq marşrutların fərqli istiqamətlərdə keçməsinə imkan yaradır. Bu baxımdan, Zəngəzur dəhlizi xüsusi qeyd edilməlidir. Bu dəhliz özündə bir çox seqmentləri birləşdirəcək. Bura avtomobil və dəmir yolları ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurdakı hava limanlarını da əlavə etmək olar. Eyni zamanda, gələcəkdə çəkilməsi nəzərdə tutulan elektrik xətti və mümkün neft qaz kəmərləri adıçəkiln dəhlizin imkanlarını xeyli dərəcədə artıracaq.
Göründüyü kimi, Zəngəzur dəhlizi böyük potensialı olan marşrutdur. Artıq Azərbaycan bu dəhlizin real fəaliyyət sahəsinə çevrilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir. Hazırda Zəngəzur dəhlizi istiqamətində avtomagistrallar və dəmir yolları çəkilir. Bu baxımdan, 123,9 kilometrlik Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunu, həmçinin 110, 4 kilometrlik Horadiz–Ağbənd dəmir yolunu qeyd etmək olar. Bütün bunlar Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, beynəlxalq yüklərin də ölkəmizin ərazisindən keçməsini təmin edəcək. Bundan əlavə, ölkədə istehsal olunan məhsulların dünya limanlarına, dünya ölkələrinə çatdırılmasını asanlaşdıracaq. Eyni zamanda, Naxçıvanla birbaşa əlaqə yaradılacaq.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”