Futbolumuzun iftixarı Qurban Qurbanova dünya səviyyəsində dəyər verildi

post-img

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təqdimatına əsasən “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov  Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (International Fair Play Committee (CIFP)) Şurası tərəfindən yüksək mükafata – 20022-ci ildə İdman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin  tanınmasına görə “Jean Borotra - Karyera” kateqoriyasında Dünya Fair Play Diplomuna layiq görülüb. 

Bu barədə AİJA-ya CİFP-dən məlumat verilib.

Eyni zamanda CİFP prezidenti Dr. Jenö Kamuti AİJA vasitəsilə baş məşqçimizin adına şəxsi məktub göndərib. Məktubda qeyd olunur:

“Cənab Qurban Qurbanovun diqqətinə 

Budapeşt, 23 may 2023-cü il

Hörmətli Qurban Qurbanov.

Böyük iftixar hissi ilə Sizə bildirirəm ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsi Şurası (CIFP) Sizi nominasiyalar əsasında mükafatlandırmaq qərarına gəlib.

Dünya Fair Play Diplomu

İdman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinizin tanınması üçün

“Jean Borotra - Karyera” kateqoriyasında

CIFP tərəfindən təşkil edilən 2022 Dünya Ədalətli Oyunlar Mükafatlarının təqdimetmə mərasiminin keçirilməsi planlaşdırılır və Sizi orada iştiraka dəvət etməkdən məmnunam. Tədbir Qala şam yeməyi ilə davam edəcək. Müəyyən vaxt ərzində təfərrüatlar sizə bildiriləcək.

Nəzərə alın ki, CIFP hər il laureatları təqdimatı üçün broşür hazırlayır. Buna görə Sizdən [email protected] e-poçt ünvanına mümkün qədər tez yüksək keyfiyyətdə fotoşəklinizi  göndərməyinizdən çox məmnun olarıq.

Hörmətli cənab Qurban Qurbanov, icazə verin, Sizi gözəl Fair Play ruhunuza görə təbrik edim. Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm. Zəhmət olmasa hər hansı bir sualınızla bağlı əlaqə saxlamaqdan çəkinməyin.

Ən xoş diləklərimlə

Dr. Jeno KAMUTI

Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti”

Qurban Qurbanov bu şərəfə 2022-ci ilin 24 fevralında UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin "Qarabağ" - "Marsel" oyunundakı dünyaya səs salan ədalətli jestinə görə layiq görülüb. 

AİJA-nın məlumatı ilə baş məşqçimiz anadan olmasının 50-ci ildönümündə də Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidentindən olduqca səmimi təbrik məktubu almışdı. 

Qeyd edək ki, ötən ilin yekunlarına görə "Jean Borotra World Fair Play Career" mükafatına dünyadan cəmi 4 nəfər layiq görülüb – azərbaycanlı Qurban Qurbanov, amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay.

İdman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınması üçün  "Jean Borotra World Fair Play Career" Mükafatına layiq görülməsi münasibətilə Qurban Qurbanovu ürəkdən təbrik edir, həyat və fəaliyyətində uğurlar arzulayırıq.

 





İdman