Gəncədə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş veloyürüş və AVF-nin filialının açılış mərasimi keçirilib

post-img

"Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı" Azərbaycan Respublikası Prezidentinin 28.11.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq cari ilin may ayının 10-da Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar festival təşkil edilib.

41 nömrəli tam orta məktəbin qarşısında başlayan tədbirdə öncə yeniyetmələr və gənclər arasında tennis, basketbol, futbol, üzgüçülük və “yaşıl sinif” yarışlarının qalibləri mükafatlandırılıblar.

Daha sonra festival çərçivəsində Azərbaycan Velosiped Federasiyası (AVF), Müdafiə Sənayesi Nazirliyinin (MSN) Velosiped İdman Klubu və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş veloyürüş keçirilib.

Veloyürüşdə AVF və MSN-in Velosiped İdman Klubunun rəhbər şəxsləri, idmançı və məşqçi heyəti, Gəncə, Şəmkir, Samux, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərinin orta təhsil və Uşaq-Gənclər İdman məktəblərinin 200 nəfərdən artıq müəllim, valideyn və şagirdləri, həmçinin digər həvəskarlar iştirak ediblər.

Saat 17:30-da 41 nömrəli orta məktəbin qarşısından (Nizami Gəncəvi prospekti) start götürən velosipedçilər təyin olunmuş marşrut üzrə 3 km məsafədə hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında yürüşü başa vurublar.

Veloyürüşdən sonra Gəncə Şəhər İcra Hakimiyyəti, AVF, MSN-in Velosiped İdman Klubu, yerli təhsil, mədəniyyət, idman və digər müəssisələrin rəhbər şəxsləri, əməkdaşları, həmçinin veloyürüşün iştirakçıları müasir müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Park-Kompleksində regionda fəliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrinin kollektivləri nümunəvi çıxışlar göstəriblər.

Tədbir zamanı festival iştirakçılarına AVF-nin Gəncə şəhərində filialının açılması haqqında məlumat verilib. Federasiyanın rəhbər şəxsləri filialın və AVF-nin fəaliyyəti haqqında danışıblar.

Bildirilib ki, AVF-nin Gəncədə filialının açılmasının məqsədi ictimaiyyətin bütün yaş təbəqələrində sağlam nəqliyyat vasitəsi olan velosipedə marağı artırmaq, gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, həmçinin istedadlı yeniyetmə və gəncləri aşkar edərək, bu idman növü ilə peşəkar məşğul olmalarına şərait yaratmaqdır.

Sonda məşhur türkiyəli ifaçı Rafet El Romanın konserti və möhtəşəm atəşfəşanlıq təşkil edilib.

E.Abbasov,

"Xalq qəzeti"

İdman