FHN komandası “Heydər Əliyev - 100” turnirinin qalibi oldu

post-img

Həftəsonu ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub. Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə 2022-ci ilin noyabrından start götürən turnirdə, ümumilikdə,  52 dövlət qurumu təmsil olunub.

Bakı Tennis Akademiyasında əvvəlcə üçüncü yer uğrunda qarşılaşma keçirilib. SOCAR Dövlət Gömrük Komitəsi komandasına 1:0 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib çıxıb. Final oyununda Dövlət Təhlükəsizliyi Xidməti və Fövqəladə Hallar Nazirliyi qarşılaşması daha gərgin keçib. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 0:0. Penaltilər seriyasında daha dəqiq olan (8:7) FHN komandası DTX komandasına qalib gəlib. Beləliklə, yarışın qalibi FHN komandası olub. İkinci və üçüncü yerlərə DTX və SOCAR layiq görülüblər. Dövlət Gömrük Komitəsinin komandası isə yarışı dördüncü pillədə başa vurub.

Turnirin ən yaxşı oyunçusu Əli Səfərov (DTX), bombardiri Səttar Qədirov (FHN, 33 qol), ən yaxşı qapıçısı isə Yəhya Nağıyev (FHN) seçiliblər. Yarışın "Fair-play" mükafatı isə Xarici İşlər Nazirliyinin komandasına təqdim olunub.

Qaliblərə mükafatları fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, KOBİA İdarə Heyətinin sədri, Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, "Azərişıq" ASC-nin sədri, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cudabu, AFFA-nın baş katibi Sərxan Hacıyev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman