“Napoli” 33 ildən sonra yenidən “Skudetto”nun qalibi olub

post-img

Dünən İtaliya A Seriyasında çempionluq sevinci yaşanıb. “Napoli” futbol klubu 1990-cı ildən sonra yenidən İtaliya ölkə çempionatının qalibi olub. Bu, A Seriyasının 33-cü turuna təsadüf edib.

Belə ki, Neapol təmsilçisi səfərdə “Udineze”nin qonağı olub və matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Görüşdə hesabı ilk hissədə “Udineze”nin futbolçusu Sendi Lovriç açıb. Lakin fasilədən sonraq qonaqllar hesaba tarazlıq gətirməyi bacarıblar. “Napoli”nin futbolçusu Viktor Osimen hesabı bərabərləşdirib.

Qeyd edək ki, bu, Luçano Spalettinin yetirmələrinə sona beş tur qalmış turnirin qalibi olmaq imkanı verib. Belə ki, xallarının sayını 80-ə çatdıran klub ikinci pillədə qərarlaşan “Latsio”nu 16 xal qabaqlayır. Bununla da, “Napoli” A Seriyasında çempionluğunu rəsmiləşdirib.

Onu da əlavə edək ki, Neapol təmsilçisi, ümumilikdə, üçüncü dəfə “Skudetto”nun sahibi olub. Bu, Dieqo Armando Maradona dövründən sonra “Napoli”nin ilk çempionluğudur.

Qeyd edək ki, indiyədək “Napoli” iki dəfə A Seriya, 6 dəfə İtaliya kuboku, iki dəfə İtaliya Superkuboku və bir dəfə UEFA kubokunu qazanıb.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman