Qırğızıstan Milli Universiteti azərbaycanlı alimə “Fəxri professor”u adı verib

post-img

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərliyə (İmanov) Qırğızıstan Milli Universitetinin (QMU) “Fəxri professor”u adı verilib. Bu barədə QMU-nun Elmi şurası qərar qəbul edib.

İqtisadiyyat İnstitutundan bildirilib ki, iyunun 2-də Qırğızıstan Milli Universitetində keçirilən tədbirdə ali təhsil ocağının rektoru Tolobek Abdrahmanov Nazim Müzəffərliyə “Fəxri professor” diplomunu təqdim edib. Bununla yanaşı, Qırğızıstan Milli Universiteti ilə İqtisadiyyat İnstitutu arsında elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memarandumu imzalanıb. Sənədi professor Nazim Müzəffərli və rektor Tolobek Abdrahmanov imzalayıblar.

İyunun 1-2-də Qırğızıstanın paytaxtı Bişkekdə “Cəmiyyət və Elm” İctimai Fondunun təşkiltçılığı ilə “İqtisadi və ekoloji çağırışlar şəraitində davamlı inkişaf” adlı beynəlxalq elmi-praktik konfrans da keçirilib. Qırğızıstan Milli Universitetində keçirilən tədbirdə professor Nazim Müzəffərlinin rəhbərliyi ilə İqtisadiyyat İnstitutunun Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri dosent Azər Səfərov və aparıcı elmi işçi dosent Famil Rüstəmov iştirak ediblər. Alimlərimiz beynəlxalq konfransda məruzə ilə çıxışlar ediblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Konfrans MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil olunub. Beynəlxalq tədbirə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Moldova, Özbəkistandan olan alimlər və tədqiqatçılar qatılıblar.

"Xalq qəzeti"



Elm