Budapeştdə müstəqillik günümüzlə bağlı beynəlxalq şahmat turniri

post-img

Macarıstan paytaxtında Azərbaycanın Müstəqillik Günü münasibətilə beynəlxalq şahmat turniri keçirilib.

Macarıstandakı Azərbaycan Evinin, Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının (AYID), “First Saturday Chess Tournaments”, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı və Azərbaycanın Macarıstandakı səfirliyinin, Azərbaycan Gənclər Fondunun, Macarıstan Şahmat Federasiyasının dəstəyi ilə gerçəkləşdirilən beynəlxalq yarış keçirilib. 

Şahmat turnirində Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı təmsil edən 24 şahmatçı iştirak edib. Bundan başqa, Macarıstanda təhsil alan 15-dən çox azərbaycanlı və əcnəbi tələbə müşahidəçi qismində yarışa qatılıblar.

Tədbirin rəsmi hissəsini açan Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli qonaqları salamlayıb, Azərbaycanın Müstəqillik Gününün tarixi və önəmi barədə məlumat verib, belə tədbirlərin ölkəmizin beynəlxalq aləmdə tanıdılması və təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən AYID prezidenti Ramil Şüküröv, “First Saturday Chess Tournaments”in sahibi və FİDE Beynəlxalq Şahmat Təşkilatçısı Nagy László soydaşlarımızı bayram münasibətilə təbrik edib, beynəlxalq turnirlərin azərbaycanlı və əcnəbi gənclər arasında dostluq münasibətlərini möhkəmləndirdiyini, Macarıstan və türk dövlətlərindən olan gənclər arasında keçirilən belə yarışların sayəsində qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

Rəsmi hissədən sonra 7 turdan ibarət turnirə start verilib. 4 saat davam edən gərgin mübarizə nəticəsində Kocsmár Ákos yarışın birincisi olub. Abil Yaqublu ikinci, Toth Lili isə üçüncü yerləri tutub.

Turnir qaliblərin mükafatlandırılması mərasimi ilə başa çatıb. 

Anar ƏLİ,
“Xalq qəzeti”



Dünya