“Heydər Əliyev ili” münasibətilə elmi-praktik konfrans

post-img

Mayın 30-da Azərbaycan-Fransız Universiteti, Yeni Azərbaycan Partiyası və Türk Ağsaqqalları İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Avropa Birliyi arasında münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransın açılışında Azərbaycanın Dövlət Himni səsləndirildi, ümummilli liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

UFAZ-ın İcraçı direktoru, YAP İdarə heyətinin üzvü Vazeh Əskərov bildirdi ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra atəşkəsə nail oldu, stabillik yolunu seçərək ölkənin inkişafı üçün ilk növbədə iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm verdi, qısa zaman ərzində Avropa Birliyi və Avropa təssisatları ilə əlaqələri genişləndirməyə başladı. 

Türk Ağsaqqalları İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, AMEA-nın müxbir üzvü Südeyf İmamverdiyev Naxçıvanın blokadada olduğu vaxtlarda Heydər Əliyevin onu qorumaq üçün əlindən gələni əsirgəmədiyi barədə xatirələrini paylaşdı. Türkiyə ilə münasibətlərin, Ümid körpüsünün tikilməsini qeyd edən natiq ümummilli liderin Fransa, İngilitərə, ABŞ, İtaliya və Vatikana səfərlərini xatırlatdı. Həmin görüşlərdə dünya liderləri onun şəxsiyyətinə hörmət ediblər. 

Sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən kiçik film nümayiş olundu.

YAP İdarə Heyətinin üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri Tofiq Cahangirov Heydər Əliyevin Avropa Birliyi ilə münasibətlərin inkişafındakı xidmətlərini yada sadı. O, 1996-cı ildə AB ilə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq sazişinin ölkəmizdə islahatlarn sürətlə həyata keçirilməsinə təkan olduğunu bildirdi. 

 Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev də Heydər Əliyev siyasətinin bu günkü Azərbaycanın inkişafında qoyduğu izlərdən bəhs etdi. O, gənc nəslin təhsilinə ulu öndərin böyük önəm verdiyini vurğuladı: “Azərbaycan-Fransız Universitetinin timsalında biz deyə bilərik ki, bu gün həmin siyasətin bəhrəsini görürük”. 

Sudeyf İmamverdiyev Vazeh Əskərova təşkilat adından təşəkkürnamə təqdim etdi. Konfransda UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri, YAP Nəsimi rayon təşkilatının üzvləri, Türk Ağsaqqalları İctimai Birliyinin fəalları və YAP Veteranlar Şurasının üzvləri iştirak ediblər. 

Anar ƏLİ,
“Xalq qəzeti









Son xəbərlər