Haaqa şəhərində Türk festivalı

post-img

Azərbaycan icması “Heydər Əliyev İli” çərçivəsində Niderlandın Haaqa şəhərində keçirilən “Turquoise” (Türk festivalı) festivalında iştirak edib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə festivalda Azərbaycan guşəsi qurulub. 

Azərbaycan guşəsində ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirən nümunələr, dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş fotosərgi nümayiş etdirilib. 

Mayın 28-də festivalın böyük səhnəsində “Yaşıl Qafqaz” milli rəqs qrupu və Almaniyada yaşayan xanəndə, “Muğam Televiziya Müsabiqəsi – 2007”-nin qalibi Güllü Muradova çıxış ediblər. Konsert proqramı izləyicilərin alqışları ilə qarşılanıb. 

Qeyd edək ki, Avropanın ən böyük Türk festivalı sayılan “Turquoise” 2018-ci ildən Türk İslam Kültür Vəqfi tərəfindən keçirilir. Hər il mayın sonu və iyunun əvvəlində keçirilən festivalı 50 mindən çox insan ziyarət edir. 3 gün davam edən festivalda tanınmış sənətçilərlə yanaşı, folklor kollektivləri də çıxış edir.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya