Nyu-Yorkda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

post-img

ABŞ-ın Nyu-York şəhərində 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyəti və “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin, Bruklin Ticarət Palatasının əməkdaşları, türk, yəhudi, özbək icmalarının təmsilçiləri və soydaşlarımız iştirak ediblər. 

Öncə Azərbaycanın və ABŞ-ın Dövlət himnləri səsləndirilib. 

Tədbir iştirakçılarını salamlayan Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin rəhbəri Minəvvər Vahabova 28 May 1918-ci il tarixinin xalqımız üçün əhəmiyyətindən danışıb. 

Tədbirdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Cavid İsmayılov, Bruklin Ticarət Palatasının ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Şahid Xan, Nyu-York Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Dağ Yəhudiləri icmasının lideri Yakov Abramov, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarova və “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova çıxış ediblər. 

Onlar xalqımızı və dünya azərbaycanlılarını bu möhtəşəm bayram münasibətilə təbrik edib, Azərbaycanın Müstəqillik Gününün bütün dünyada qeyd olunmasının önəmindən danışıblar. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının və müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin Azərbaycan haqqında fikirlərinə diqqəti cəlb ediblər.

Tədbir çərçivəsində Azərbaycanın tanınmış yazıçısı, PEN-Amerikanın üzvü Rövşən Abdullaoğlu ilə görüş təşkil edilib. ABŞ-da bestsellerə çevrilmiş əsərlərindən danışan yazıçı görüş iştirakçılarının suallarını cavablandırıb.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya