Azərbaycan Tibb Universiteti ilə Yozqat Bozok Universiteti arasında memorandum imzalanıb

post-img

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Yozqat Bozok Universitetinin rektoru, professor Evren Yaşar ilə görüşüb.

Universitetdən XQ-yə verilən məlumata görə, görüşdə G.Gəraybəyli iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün atılan addımlar, bu istiqamətdə görülən ardıcıl tədbirlər və əldə olunan nailiyyətlərdən, həmçinin iki dövlətin təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi üçün perspektivlərdən söz açıb.

Evren Yaşar da Azərbaycan və Türkiyə universitetləri arasında sıx əməkdaşlığa toxunaraq, bu sahədə münasibətlərin daha da dərinləşdirilməsinə göstərilən qarşılıqlı maraqdan danışıb.

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında elmi-tədqiqat, təhsil və innovasiya sahələrində əməkdaşlıq imkanları geniş müzakirə olunub. Tərəflər akademik heyət və tələbələrin mübadiləsi, birgə elmi layihələrin reallaşdırılması, konfrans və simpoziumların təşkili, həmçinin tibb sahəsində qabaqcıl təcrübə və biliklərin paylaşılması istiqamətlərində əməkdaşlığın perspektivlərini dəyərləndiriblər.

Daha sonra Yozqat Bozok Universiteti ilə ATU arasında əməkdaşlıq memorandumu imzalanıb. Hər iki ali təhsil müəssisəsi üçün yeni inkişaf imkanları hədəfləyən memorandum birgə elmi tədqiqatların aparılması, müasir tədris metodlarının tətbiqi və innovativ tibbi texnologiyaların öyrənilməsi sahəsində əməkdaşlığı ehtiva edir.

Sənəddə müəllim və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi, ortaq təhsil proqramlarının hazırlanması və ixtisasartırma imkanlarının artırılması kimi müxtəlif istiqamətlər yer alıb.

Bildirilib ki, memorandum tərəflər arasında bilik və təcrübə mübadiləsinin sürətləndirilməsi, tibb təhsilinin keyfiyyətinin yüksəldilməsi, elmi nəticələrin praktik səhiyyə sahəsinə tətbiqinə və regionda peşəkar mütəxəssislərin hazırlanması işinə əhəmiyyətli töhfə verəcək.

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 





Təhsil