Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
XQ xəbər verir ki, səfər çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri Universiteti (United Arab Emirates University-UAEU) ilə əməkdaşlıq perspektivlərinə həsr olunmuş görüş keçirilib.
UAEU-nun prorektoru Ahmed Ali Alraeesi çıxışında bir il öncə BMU-ya səfərlərini xatırladıb. BMU ilə əməkdaşlığın UAEU üçün strateji əhəmiyyət daşıdığını bildirən prorektor birgə tədqiqatların qlobal çağırışlara, xüsusilə iqlim dəyişiklikləri, su təhlükəsizliyi və ətraf mühit problemlərinə elmi yanaşmaların formalaşdırılmasına töhfə verdiyini vurğulayıb.
BMU-nun prorektoru Ətrabə Gül isə çıxışında UAEU ilə qurulan tərəfdaşlığın universitetin beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini önə çəkib. Qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun həyata keçirilən birgə elmi tədqiqatlar universitetlər arasında əlaqələrin inkişafı ilə yanaşı, enerji səmərəliliyinin artırılmasına, ekoloji təhlükəsizliyin təmin olunmasına və davamlı iqtisadi inkişafın təşviqinə xidmət göstərib.
Görüş zamanı tərəflər ali təhsil, elmi-tədqiqat və innovasiya sahələrində mövcud əməkdaşlıq imkanlarını müzakirə edib, gələcək birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda BMT DİM-in 3 əsas istiqaməti (Təmiz su və sanitariya, Sərfəli və təmiz enerji, İqlim dəyişikliyinə qarşı mübarizə) üzrə 4 prioritet mövzuda birgə elmi tədqiqatların uğurla aparılması xüsusi vurğulanıb.
Görüş qarşılıqlı əməkdaşlığın gələcək mərhələləri, birgə layihələr, akademik mübadilə proqramları və elmi nəşrlər üzrə razılaşmaların əldə olunması ilə başa çatıb.
Qeyd edək ki, 1976-cı ildə təsis edilən və BƏƏ-nin ilk milli dövlət universiteti olan UAEU-də 70-dən çox ixtisas üzrə tədris aparılır. Burada 160-dan artıq laboratoriya, 12 tədqiqat mərkəzi fəaliyyət göstərir. Regionun aparıcı ali təhsil müəssisələrindən olan UAEU yüksək akademik nüfuza malikdir və dünya reytinq sıralamasında 261-ci yerdə qərarlaşıb.




