“Anlamaq” dərdi, yoxsa “anlatmaq” bəlası?

post-img

Şagirdlər təcrübə istəyir, proqram isə daha çox nəzəriyyə təqdim edir

Məktəblərdə tədrisin keyfiyyətinin artırılması ilə bağlı müxtəlif islahatlar həyata keçirilsə də, bəzi ciddi problemlər hələ də öz həllini tapmayıb. Bu çatışmazlığın ən nəzərəçarpan tərəfi fizika, kimya və informatika kimi fənlərin tədrisində əyaniliyin zəif olmasıdır.

Bu fənlər mahiyyətcə təcrübə üzərində qurulan sahələrdir və şagird yalnız nəzəri izahla deyil, gördüyü, sınadığı və tətbiq etdiyi biliklərlə inkişaf edir. Lakin mövcud infrastruktur bir çox məktəbdə bu imkanı yaratmır.

Bu gün bəzi məktəblərdə kimya və fizika laboratoriyalarının ya ümumiyyətlə olmaması, ya da çox məhdud avadanlıqla işləməsi dərslərin tam şəkildə keçirilməsinə mane olur. Təcrübə üçün tələb olunan reaktivlər, təhlükəsizlik vasitələri, laborator stollar və əsas cihazlar çox vaxt tapılmır. Mövcud avadanlıqlar isə ya köhnə, ya da istifadəyə yararsız vəziyyətdədir.

Belə olan halda, müəllim məcburən bütün prosesi şifahi izahla aparır və şagirdlər dərsin ən maraqlı hissəsi olan eksperimentdə iştirak edə bilmirlər. Eyni vəziyyət informatika dərslərində də özünü göstərir. Bir çox məktəbdə kompüterlərin sayı sinifdəki şagird sayına uyğun gəlmir, bəzi hallarda isə ümumiyyətlə dərsin tam praktik keçirilməsinə imkan olmur. Halbuki informatika fənni konkret bacarıqların formalaşdırılmasını tələb edir və şagird kompüter qarşısında işləmədən bu bacarıqları qazana bilməz. Bu çatışmazlıqlar nəticəsində praktiki dərslərlə dəstəklənməyən tədris şagirdlərdə analitik düşünmə, problem həll etmə, araşdırma aparmaq kimi mühüm bacarıqların inkişafı ləngiyir.

Eyni zamanda, STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) sahələrinə marağın azalması gələcəkdə mühəndislik və texnologiya üzrə kadr çatışmazlığına gətirib çıxara bilər. Universitetə qəbul zamanı laboratoriya işlərini və təcrübi tapşırıqları yerinə yetirməkdə çətinlik çəkən abituriyentlər bunun yükünü daha çox hiss edərlər. Bu isə ölkənin texnoloji inkişaf tempinə, rəqəmsal transformasiya istiqamətlərinə də birbaşa təsir göstərər.

Problemin həlli isə sistemli yanaşma tələb edir. İlk növbədə məktəblərdə müasir laboratoriyaların qurulması, mövcud laboratoriyaların standartlara uyğun şəkildə yenilənməsi, təhlükəsizlik avadanlıqlarının təmin edilməsi vacibdir. Kompüter təminatının genişləndirilməsi və məktəblərin fərdi kompüterlərlə təchiz olunması tədrisin keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardandır. Bununla yanaşı, regionlarda internet və elektrik infrastrukturunun yaxşılaşdırılması praktiki dərslərin davamlı keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Həmçinin müəllimlərin praktiki tədris üzrə müasir təlimlərə cəlb edilməsi, avadanlıqlardan səmərəli istifadə bacarığının artırılması da vacib məsələlərdəndir.

Elm və Təhsil Nazirliyinin statistikası göstərir ki, son 5 ildə məktəblərə 36 min kompüterin verilməsi, şagirdlərin fərdi rəqəmsal resurslara çıxış imkanlarını genişləndirən ən vacib addımlardan biri olub. Bununla paralel olaraq ölkə üzrə 420-dən çox məktəb əsaslı şəkildə yenidən qurulub, təhsil infrastrukturu tamamilə müasir standartlara uyğunlaşdırılıb. İnfrastrukturun təkmilləşməsi isə tədrisin mahiyyətinin dəyişməsi baxımından mühüm rol oynayır. Yeni məktəb binalarında laboratoriyalar, fənn kabinetləri, müasir texniki avadanlıqlar və təhlükəsizlik standartları təhsilin keyfiyyətini birbaşa yüksəldən əsas elementlərdir.

Xüsusilə, orta məktəblərin internet təminatı 78 faizə çatdırılıb. İnternetin əlçatanlığı rəqəmsal təhsil, onlayn resursların istifadəsi, elektron platformaların tətbiqi və distant təlim imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu tendensiya həm də region məktəbləri ilə paytaxt məktəbləri arasındakı fərqin tədricən azalmasına şərait yaradır.

Bundan əlavə, 2025–2026-cı tədris ili üçün artıq 40 minə yaxın kompüterin şagirdlərə paylanması ilə proses daha da sürətlənib. İl sonuna qədər əlavə kompüterlərin də verilməsi planlaşdırılır və bu, şagirdlərin kompüter təminatını ölkə üzrə daha yüksək səviyyəyə çatdıracaq.

Son 3 ildə ölkədə geniş tətbiq olunan “Rəqəmsal bacarıqlar” layihəsi bu siyasətin ən vacib komponentlərindəndir. Əgər ötən il bu layihədə 516 min şagird iştirak etmişdisə, bu il artıq 565 min şagird prosesə cəlb olunacaq. Layihə şagirdlərdə məntiqi təfəkkür, yaradıcı düşüncə, problem həlletmə bacarıqları kimi müasir kompetensiyaları formalaşdırmağa yönəlib. Bu, gələcək peşə seçimində STEM sahələrinə marağı artırmaq, startap və innovasiya mədəniyyətinin formalaşmasına zəmin yaratmaq baxımından da əhəmiyyətlidir. 2019-cu ildən tətbiq olunan layihənin coğrafiyasının daha da genişlənməsi və iştirak edən məktəblərin sayının artması onun kütləvi və davamlı platformaya çevrildiyini göstərir.

Ümumilikdə, təqdim olunan rəqəmlər göstərir ki, Təhsil Nazirliyi son 5 ildə infrastruktur, sosial təminat, rəqəmsal imkanlar və motivasiya mexanizmlərini paralel şəkildə gücləndirməklə təhsil sistemində yeni mərhələ formalaşdırıb. Doğrudur, orta məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün infrastrukturun yenilənməsi, kompüter təminatının artırılması və laboratoriyaların qurulması vacib şərtlərdəndir.

Bəs, son texnologiyalarla təchiz olunmuş təhsil müəssisələrində müasir avadanlıqlardan səmərəli istifadə edilirmi? Təəssüf ki, xeyir. Bir çox məktəbdə laboratoriyalar qurulsa da, fizika və kimya dərslərində eksperimentlərin keçirilməməsi artıq illərdir davam edən problemdir. Bu laboratoriyalar bir növ “göstəriş üçün” qurulub: şkaflar, cihazlar, təhlükəsizlik vasitələri var, lakin şagird bu kabinetə adətən imtahan öncəsi baxış və ya sadəcə müəllimin etdiklərini izləmək üçün daxil olur.

İnformatika dərslərində də mənzərə oxşardır. Kompüter təminatının yaxşılaşdırılmasına baxmayaraq, bəzi müəllimlərin dərsi hələ də lövhədə kod nümunəsi göstərməklə və ya proqramları sadəcə izah etməklə aparması, praktiki işləməyə kifayət qədər vaxt ayırmaması nəticədə şagirdin real bacarıqlar qazanmamasına gətirib çıxarır. Müəllimlərin nəzəriyyəni üstün tutması məsələsi də çoxqatlıdır, çünki bu, onun özünün laboratoriya işlərini aparmaq və ya komputerdə işləmək bacarığının məhdudluğu ilə əlaqədar ola bilər. Yaşlı müəllim təhsil aldığı dövrdə praktiki dərslər aparılmadığı üçün onun özündə də bu vərdiş formalaşmayıb.

Daha bir diqqətçəkən məqam isə şagirdlərin rəqəmsal mühitdə davranış formasıdır. Müasir şagird texnoloji baxımdan yetərincə çevikdir. O, sosial şəbəkələrdə sərbəst hərəkət edə, internetdə məlumat axtara bilir. Lakin təhsil prosesində bu qabiliyyətindən istifadə etmir. Bu baxımdan, məktəblərdə fənn kabinələrinin, laborotoriyaların yaradılması problemin həlli deyil, onlardan daha səmərəli istifadəni təmin etmək əsas şərtdir.

Bu barədə təhsil eksperti Elçin Əfəndi qeyd edir ki, biz kimya, fizika və informatika dərslərini məktəblərdə səmərəli şəkildə tədris etməyi qarşıya məqsəd qoyuruqsa, təkcə nəzəri biliklərlə kifayətlənə bilmərik, bu, mümkün deyil. Bu istiqamətdə şagirdlərə həm də praktiki bacarıqların aşılanması vacibdir. Yalnız nəzəriyyə ilə praktik tətbiqin paralel aparıldığı halda real effektivlik əldə oluna bilər.

Şagirdlərin rəqəmsal savadlılığının artırılması baxımından da eyni yanaşma keçərlidir: nəzəri biliklər qədər praktiki məşğələlər də zəruridir. Hazırda paytaxt məktəblərində fərdi kompüterlərlə təminat nisbətən yaxşıdır. Lakin bölgələrdə bu sahədə müəyyən çatışmazlıqlar hələ də qalmaqdadır. Ümid edirik ki, qarşıdakı illərdə regionlarındakı məktəblərin də kompüterlərlə təminatı, laboratoriyaların yaradılması və internetə çıxış tam şəkildə həll ediləcək. Bundan sonra informatika üzrə praktiki vərdişlərin, laboratoriyada çalışma bacarıqlarının şagirdlərə daha effektiv ötürülməsi mümkün olacaq.

Mövcud problemlərin əsasını isə maliyyə çatışmazlığı, eləcə də infrastrukturla bağlı məsələlər təşkil edir. Xüsusən, internet təminatının yaxşılaşdırılması, stabil elektrik təchizatı və digər əlaqəli xidmətlərin dayanıqlılığı məktəblərin ümumi vəziyyətinə təsir edən amillərdir. Bu problemlər birdən-birə həll olunmasa da, mərhələli şəkildə aradan qaldırılması istiqamətində addımlar atılır.

Dünya təcrübəsi ilə müqayisədə inkişaf etmiş ölkələrdə orta məktəblərin texniki təchizatı daha yüksək səviyyədədir. Azərbaycanda isə bu istiqamətdə işlər zamanla irəliləyir və mövcud boşluqlar tədricən aradan qaldırılır. Şagirdlərin gələcəkdə texniki və ya mühəndislik ixtisaslarına marağının artırılması məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, artıq elə bir dövrdə yaşayırıq ki, informasiya texnologiyaları hər gün inkişaf edir, yeni texnoloji alətlər ortaya çıxır. Bir neçə ildən sonra bu texnologiyalara tələbat daha da artacaq və nəticədə bu sahədə kadr ehtiyacı da yüksələcək.

Həm Elm və Təhsil Nazirliyi, həm də aidiyyəti dövlət qurumları şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Festivallar, yarışmalar, təlim proqramları təşkil olunur. Paralel olaraq, məktəblərin fərdi kompüterlərlə təminatı istiqamətində işlər görülür.

Digər qurumların da üzərinə düşən mühüm vəzifələr var. Hesab edirəm ki, yaxın illərdə məktəblərdə internet təminatının yaxşılaşdırılması, elektrik təchizatının dayanıqlı hala gətirilməsi kimi məsələlər də mərhələli şəkildə həll ediləcək.

Ləman TƏHMƏZ
XQ



Təhsil