Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə silsilə ustad dərslərinə başlanılıb

post-img

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə 8-18 oktyabr tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün silsilə ustad dərsləri keçirilir.

Dahi bəstəkar, musiqişünas, təhsil təşkilatçısı və pedaqoq Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyinə həsr olunan ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir. 

XQ xəbər verir ki, oktyabrın 8-də paytaxtda fəaliyyət göstərən Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbində tar ixtisası üzrə ustad dərsi keçirilib. Görkəmli tarzən, pedaqoq, Xalq artisti, professor Vamiq Məmmədəliyev tərəfindən aparılan dərsdə müəllim və şagirdlər iştirak ediblər. 

MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov çıxışlarında layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, əsas məqsəd musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğunlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin bilik və bacarıqlarının zənginləşdirilməsidir. Ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs olmaqla 12 ixtisası əhatə edir. 

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə təntənə ilə qeyd edilir, onun mədəniyyətimizin inkişafına verdiyi misilsiz töhfələr minnətdarlıqla yada salınır. Bildirilib ki, musiqi mədəniyyətimizə şah əsərlər bəxş edən dahi bəstəkarın əsasını qoyduğu tədris ənənələri bu gün uğurla davam və inkişaf etdirilir.

Sonra Xalq artisti Vamiq Məmmədəliyev tar aləti və onun ifaçılıq xüsusiyyətlərindən bəhs edib. Şagirdlərin ifasını dinləyən ustad tarzən öz tövsiyələrini verib, müəllim və şagirdlərin suallarını cavablandırıb.

Həmin gün Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbində isə qanun ifaçılığı üzrə ustad dərsi təşkil olunub. 

MEMİM-in Strateji təhlil və təlimlərin təşkili şöbəsinin müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova çıxış edərək layihə barədə məlumat verib, Üzeyir Hacıbəylinin mədəniyyət tariximizdəki müstəsna yerindən danışıb. 

Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Təranə Əliyevanın iştirakı ilə keçirilən dərsdə şagirdlərin ifası dinlənilib. T.Əliyeva qanun alətinin spesifik xüsusiyyətləri barədə məlumat verib, ifaçılıq texnikası ilə bağlı tövsiyələrini diqqətə çatdırıb. 

Qeyd edək ki, Bakı, Xırdalan və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində keçirilən ustad dərsləri respublikanın tanınmış musiqiçiləri, professor və müəllimləri, eləcə də təcrübəli mütəxəssislər tərəfindən aparılır.













Təhsil