UNEC ilə Qərbi Makedoniya Universitetinin birgə magistr proqramının məzunlarına diplomlar təqdim edilib

post-img

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qərbi Makedoniya Universitetinin birgə magistr proqramının növbəti buraxılışı üçün “Məzun günü” keçirilib.

Yunanıstanda keçirilən “Məzun günü”ndə UNEC-in rektoru professor Ədalət Muradov, Qərbi Makedoniya Universitetinin rektoru professor Teodoros Teodulidis Azərbaycanın bu ölkədəki səfiri Arif Məmmədov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Yunanıstan Parlamentinin üzvü Teofanis Papas, Qərbi Makedoniya qubernatorunun müavini Dimitrius Savvopulos, Kastoria şəhərinin meri İoannis Korentsidis və digər rəsmi şəxslər iştirak ediblər.

Hər iki universitet arasında 8 ildir ki, reallaşdırılan birgə magistr proqramından bu il 67 nəfər məzun olub.

“Məzun günü”ndə çıxış edənlər neft və qazın menecmenti və nəql edilməsi üzrə birgə diplom proqramının iki ölkə arasında elm, təhsil və sosial əlaqələrin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Avropa İttifaqına üzv olan ölkədə mütəxəssis hazırlığı həyata keçirilməsinin UNEC-in uğuru olmaqla yanaşı, həm də Azərbaycanın ali təhsil xidmətlərinin Avropa İttifaqına ixracının bariz nümunəsi olduğunu diqqətə çatdırıblar.

Çıxışlardan sonra məzunların təntənəli andiçmə mərasimi keçirilib.

UNEC-in rektoru professor Ədalət Muradov və Qərbi Makedoniya Universitetinin rektoru professor Teodoros Teodulidis tərəfindən imzalanan birgə diplomlar məzunlara təqdim edilib.













Təhsil